Oruclu ikən qeybətə qulaq asmaq orucu pozurmu?


Digərləri 12 May 2019 23:40:00 255 0

Oruclu ikən qeybətə qulaq asmaq orucu pozurmu?

Oruc, şəriətdə nəzərdə tutulan hallarda pozular. Bu halların içində pis söz danışmaq, yəni qeybət etmək, söyuş söymək və s. nəzərdə tutulmayıb. Amma bu günahlar oruc tutanın savabını azaldar. Hər bir ibadət kimi, orucun da savabları bir neçə səviyyəyə malikdir. Başqa sözlə desək, oruc tutanların qazandıqları savablar fərqli olur. Kim orucun həm zahiri, həm də batini hökmlərinə dəqiq əməl etsə, çox savab qazanar. Bədən üzvlərini, gözləri, dili, qülağı, əl-ayağı, hətta ürəyi günahdan uzaq saxlamaq orucun batini aləminə aid olan məsələlərdir. Həzrət Fatimə (ə) bunları nəzərdə tutaraq buyurub ki, "dilini, qulağını, gözünü və qalan bədən üzvlərini haramdan çəkindirməyən şəxsin orucundan nə fayda?" Peyğəmbərimizin bir hədisində deyilir: "Oruc tutan şəxs yuxuda olsa belə, Allaha ibadət etmiş kimi sayılar; bu şərtlə ki, müsəlman qardaşının arxasınca qeybət etməsin". Yenə hədislərin birində deyilir ki, Həzrət Muhəmməd Peyğəmbər (s) Cabir ibn Abdullah Ənsariyə belə buyurub: "Ey Cabir! Hər kim Ramazan ayında gündüzlər oruc tutsa, gecələrin bir hissəsini oyaq qalıb ibadət etsə, cinsiyyət üzvünü və dilini günahdan, gözünü harama baxmaqdan çəkindirsə, camaata pislik etməsə, yeni doğulmuş körpə kimi günahlardan təmizlənər". Cabir dedi: "Sənə fəda olum, bu nə yaxşı hədisdir!". Peyğəmbər ona belə cavab verdi: "Amma bu savaba yetməyin şərtləri də necə çətindir!"