Dilimiz hisslərimizə necə təsir göstərir?


Digərləri 12 May 2019 21:03:00 193 0

Dilimiz hisslərimizə necə təsir göstərir?

Heç olubmu ki, bir dad və ya qoxunu adlandıra bilməyəsiniz? Bu danışdığınız dildən asılı ola bilər. Və bu, mədəniyyət və cəmiyyətimizin gizli məqamlarına da işarə ola bilər.

Hansını təsvir etmək sizin üçün daha asandır: otun rəngi, yoxsa qoxusu? Cavabınız isə doğulub-böyüdüyünüz ölkədən, daha dəqiq desək, uşaqlıqdan danışdığınız dildən asılı ola bilər.

İnsanları adətən əyani canlılar kimi xarakterizə edirik. Əgər ana diliniz ingilis dilidirsə, bununla intuitiv olaraq razılaşarsınız.

İngilis dilinin lüğət tərkibi rənglər və həndəsi fiqurlarla bağlı sözlərlə zəngindir. Lakin qoxuları ifadə edən sözlər çox azdır.

Bu yaxınlarda aparılan qlobal araşdırma, dünyanı görmək, eşitmək, qoxulamaq, dadmaq və ya hiss etmək təcrübələrimizə əsasən mənsubu olduğumuz mədəniyyətlərdən asılı olduğunu üzə çıxarıb. Və təbii ki, bu əks dilimizə də inikas edir.

Araşdırma Avropa, Şimali və Cənubi Amerika, Asiya, Afrika və Avstraliya boyunca 26 tədqiqatçı tərəfindən 20 dil üzrə aparılıb. Ərazilər isə böyük şəhərlərdən tutmuş, ucqar kəndlərə qədər dəyişib.

İştirakçılardan rənglənmiş kağızın rəngini, şəkərli suyun dadını və ya ətirli kağızın qoxusunu təsvir etmək kimi duyğu stimulantlarını dilə gətirmək istənilib.

Nəticələr həyat tərzimiz, ətraf-mühitimiz və hətta evlərimizin formasının belə, bizim dünyanı qavramaq və bunları sözlə ifadə etmək gücümüzə təsir göstərdiyini deməyə əsas verir.

İngilisdilli insanlar qoxuları təsvir edən sözlər tapmaqda çətinlik çəkirlər - başqa dilləri danışanlar isə yox

"Mənə elə gəlir ki, biz adətən dili dünya haqqında birbaşa məlumat mənbəyi kimi qavrayırıq," York Universitetinin dil, kommunikasiya və mədəni idrak üzrə müəllimi və araşdırmanın rəhbəri Asifa Majid deyir.

"Bunları hisslər haqqındakı düşüncələrimiz və onların müasir elmdə əksində görmək mümkündür."

Majidə görə, bir çox dərsliklərdə insana vizual canlılar deyə xitab edilir.

"Bunun arxasında yatan məntiqin bir hissəsi beyinin qoxunun əksinə görməyə daha çox bağlı olması ilə əlaqəlidir. Lakin digər mühüm dəlil dildir. Gördüyümüz şeyləri ifadə etmək üçün çoxlu sözlərimiz olduğu halda, qoxuları təsvir edən kəlmələr tapmaqda çətinlik çəkirik," o deyir.

Ancaq Majid həm də əlavə edir ki, bəzi cəmiyyətlər qoxu və səs yönümlüdür.

O, Malay yarımadasında yaşayan ovçu-yığıcı icmanın danışdığı cahay (Jahai) dili üzrə araşdırması zamanı, həmin dildə qoxuları ifadə edən sözlərin ingilis dilində rəngləri ifadə edən sözlər qədər dəqiq və müxtəlif olduğunu müəyyənləşdirib.

Araşdırma, Avstraliyada cəmi 100 nəfərin danışdığı umpila dili ilə dünya üzrə bir milyard insanın danışdığı ingilis dili kimi müxtəlif dillərin mütəxəssislərini bir araya gətirib. Ümumilikdə sınaqda 313 nəfər iştirak edib.

Tədqiqatçılar onlara müxtəlif stimulantlar veriblər və sonra hər bir qrupun "kodlaşdırma" səviyyəsini, yəni hər qrupdakı cavablar üzrə iştirakçıların razılıq səviyyəsini ölçüblər.

Yüksək səviyyəli kodlaşdırma qrupu məsələn, bir rəng üçün eyni sözdə razılaşması ilə müəyyənləşib.

İngilisdillilər dadları adlandırmaqda çətinlik çəkdikləri halda, lao və farsca danışan insanlar onları rahatlıqda ifadə edirlər

Aşağı səviyyəli kodlaşdırma isə, qrupun həmin rənglər üçün ümumi qəbul olunmuş lüğəti olmadıqda və ya onları ümumiyyətlə müəyyənləşdirə bilmədikdə qeydə alınıb.

İngilisdillilər fiqurlar və rəngləri çox yaxşı izah edə biliblər.

Onların hamısı bir şeyin məsələn, üçbucaq və ya yaşıl olduğu barədə ümumi razılığa gəliblər.

Lao və ya farsca danışan insanlar dadları adlandırmaq üzrə fərqləniblər.

Acı dadan suyu farsdillilər "təlx" kimi təsvir ediblər. Təlx farsca acı deməkdir.

İngilisdillilər üçün isə bu hissə çox çətin olub. Eyni acı suyu dadan "ingilisdilli iştirakçılar acı, duzlu, pis deyil, nanəli, qulaq mumu dadında, dərman dadlı və sair kimi ifadələr işlədiblər," Majid deyir.