Futbol bəhanəsi ilə "hədəf"ə alınmışıq


Siyasət 12 May 2019 18:19:00 191 0

Futbol bəhanəsi ilə "hədəf"ə alınmışıq

Ən ucuz bilet - 74 ABŞ dolları, ən bahalı bilet - 1127 dollar. Özü də bahalı bilet "Çelsi" klubunun azarkeşləri üçün ayrılmış 4-cü kateqoriyalıdır. Fəqət, bu hələ son qiymətlər deyil. Final matçının başlanmasına 17 gün qaldığından, biletlər "ələdüşən" sayılır. İllərin futbol azarkeşi olduğumdan, təcrübəyə əsaslanaraq tam əminliklə yazıram ki, gələn həftə biletlər "qara bazar"da, yəni onlayn bilet satış kontorlarında və elan saytlarında ən azı iki dəfə baha qiymətə satılacaq.

Avropa Liqasının final matçına, mayın 29-da Bakıdakı Olimpiya stadionunda keçiriləcək "Arsenal"-"Çelsi" qarşılaşmasına maraq çox böyükdür.

Artıq on minlərlə azarkeş bilet alıblar. Onların arasında britaniyalılar, yəni "topçular"la "zadəganlar"ın daimi və sadiq fanat ordusunun mənsubları çoxluq təşkil etsələr də, dünyanın 47 ölkəsinin vətəndaşları da var.

Maraq böyükdür - mediada, futbol azarkeşlərində, Azərbaycan vətəndaşlarında və bir də vətənimiz Azərbaycanın daşı ola bilməyən daşbaşlılarla başıdaşlılarda.

UEFA final matçının Bakıda keçiriləcəyi bəyan etdiyi gündən bəri Azərbaycana qarşı kampaniya aparılır. Qarayaxma, böhtan, hədyan, yalanlar, iftiralar - bir sözlə, əxlaq və mənəviyyata, məntiq və ağıla, siiyasətə və sosial yaşam dəyərlərinə sığmayan nə varsa, ölkəmizə qarşı yönəldilib.

Səbəb? Fakt? Arqument?

Heç biri yoxdur.

Olan Azərbaycanda olub, özünü azərbaycanlılıqdan çox kənara çıxarmış fəsadlı şüur daşıyıcıları, virtual şəbəkələrdəki trollardan "siyasi məqsədli legion" formalaşdırmağa çalışan yaramazlar və bu yarıtmazlardan faydalanmağa çalışan məlum təşkilatlar, strukturlar, fondlar və assosiasiyalardır.

Ajiotaj yaşanır, isteriya oynanılır.

İş o yerə çatıb ki, sosial şəbəkələrdəki anti-Azərbaycan şivəninə Britaniyanın XİN-i də qatılır, "Arsenal" və "Çelsi" klublarının, habelə bu klubların azarkeşlərinin Bakıya yollanmalarından dolayı "narahatlığını izhar edir".

İdmanı siyasiləşdirir, futbolu təzyiq vasitəsinə çevirir və bununla da siyasəti yüngülləşdirilmiş antiatletika təki olmayan idman növünə çevirirlər.

Onlar var qüvvələri ilə çalışırlar ki, dünya ictimaiyyətində belə rəy formalaşsın: "Avropa Liqasının final matçının Azərbaycanda keçirilməsi məqsədəuyğun deyil".

Əslində, yeni heç nə yoxdur. Önəmli tədbirlər və turnirlər ərəfəsində ölkəmizə qarşı belə murdar kampaniyaların aparılması, ən müxtəlif dairələrin və qüvvələrin birləşərək hücuma keçmələrinin presedentləri var.

2012-ci ildə "Eurovision", 2015-ci ildə 1-ci Avropa Oyunları, 2016-cı ildə İslam Həmrəyliyi Oyunları, habelə "Formula-1" avtoçempionatının Bakı Qran-Priləri, ən müxtəlif sahələrdəki beynəlxalq, nüfuzlu toplantılar və s. - onların istisnasız olaraq hamısının ərəfəsində eyni isteriyanı müşahidə etmişik.

Hətta Avropa üçün həddən ziyadə önəmli enerji və nəqliyyat layihələri ilə bağlı anlaşmalar əldə olunan kimi Bakı "hədəf"ə alınıb.

Çünki ortada klassik sosial şəbəkə və siyasi trollinq var. İdman siyasiləşdirilir, səbəbsiz və mahiyyəti saxtalaşdırılmış müzakirələr aparılır, məlumatlarla manipulyasiyalar olunur, real faktlar saxtalaşdırılır, arqumentlərə qarşı bitib tükənməyən absurd və sarsaq iddialar irəli sürülür.

Məsələn, ən çox müzakirə edilən iki məqam Azərbaycanda insan hüquqları və qanunlara riayətlə bağlıdır. Fəqət, rəsmi Bakı indiyədək sürərkli olaraq, dəfələrlə sübut edib ki, insan haqları, demokratik institutların fəaliyyəti, vətəndaş cəmiyyəti və qanunlara riayətin səviyyəsi ilə bağlı ölkədə problemlər olsa da, onlar ABŞ, Kanada, Britaniya və ya Portuqaliyadan fərqli deyil.

Qərb həmişəki kimi, öz problemlərini görməzdən gələrək, Azərbaycandakı vəziyyəti tragikləşdirir, faciə yaşandığını vurğulayır və məqsədinə çatmaq üçün bütün propaqandasını işə salır.

Azərbaycana final matçına yollanacaq azarkeşlərin viza problemləri ilə qarşılaşdığı vurğulanır. Yalandır. Nədən ki, Azərbaycan əcnəbilər üçün sadələşdirilmiş viza rejimini çoxdan tətbiq edib. Qərb ölkələrinin vətəndaşları çox asan, rahat şəkildə ölkəmizə gəlmək üçün viza əldə edə bilərlər. Rəsmiləşdirmə prosesi qısadır.

Bu baxımdan UEFA Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək final oyunu ərəfəsində Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı Azərbaycana aid səyahət tövsiyələri anlaşılan deyil və təəccüb doğurur.

Azərbaycanda təhlükəsizlik və sabitlik tam şəkildə təmin olunub. Azərbaycan çoxsaylı mötəbər beynəlxalq tədbirlərə, o cümlədən beynəlxalq miqyaslı idman yarışlarına ev sahibliyi edir:

Bu sırada Birinci Avropa oyunları, Dördüncü İslam Həmrəylik Oyunları, illik əsasda keçirilən Formula 1 Bakı Qran Prisi və UEFA Çempionlar Liqası çərçivəsində 2017-ci ildə "Qarabağ"-"Çelsi" matçı qeyd oluna bilər. Bu idman yarışlarını izləmək məqsədilə ölkəmizə gələn çoxsaylı əcnəbi ölkə vətəndaşları Azərbaycanda ictimai asayişin təmin olunması, mövcud olan sabitlik və təhlükəsizlik mühiti və bu kimi böyük miqyaslı idman tədbirlərinin təşkilatçılığından məmnun qalıblar.

Azərbaycan, həmçinin turizm ölkəsidir və hər il ölkəmizə çoxsaylı əcnəbi turistlər səfər edir. Ölkəmizin malik olduğu digər müsbət xüsusiyyətləri ilə bərabər Azərbaycanda hökm sürən əmin-amanlıq, sabitlik və təhlükəsizlik əcnəbi turistləri cəlb edən vacib amillər sırasındadır.

Belədirsə, hansı viza problemlərindən bəhs olunur?

Azərbaycanda otellərin və aviabiletlərin bahalığı da vurğulanır. Halbuki dünyaca nüfuzlu Tripadvisor və Booking saytlarına ötəri nəzər salmaq belə, yetər ki, Azərbaycanda sözün əsl mənasında hər cibə uyğun otel nömrələrinin varlığını görəsən. Orta statistik turist maddi imkanlarından asılı olaraq, sutkası 20 dollardan tutmuş, 2 min dollaradək olan otel seçə bilər.

Aviabiletlərə gəldikdə isə, Azərbaycana ötən il 2,9 milyon turist gəlib. Rəqəmi diqqətlə oxuyun: tam 2,9 milyon. Bu insanlar aviabiletlərin bahalığından, otellərin yoxluğundan və ya azlığından şikayətlənməyiblər. Əksinə, turistlərlə bahəm, ekspertlər də vurğulayırlar ki, AZAL-ın təklif etdiyi aviabilet qiymətləri mövculd beynəlxalq tariflərdən də ucuzdur.

Bakıda final matçında oynayacaq "Arsenal" klubunun erməni futbolçu Henrix Mxitaryanın həyatına Azərbaycanda təhlükə ola biləcəyiilə bağlı sərsəm açıqlamalara gəldikdə isə, Mxitaryanın Bakıya gəlişində heç bir problem yoxdur. Onun təhlükəsizliyinin təminatına zəmanət verilib.

Henrix Mxitaryanın mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalında iştirakla bağlı Azərbaycanın təhlükəsizlik təminatını verməməsi məsələsinə gəldikdə, bildirmək istərdik ki, bundan öncəki illərdə ölkəmizdə keçirilmiş ilk Avropa oyunları, Şahmat Olimpiadası və digər mühüm yarışların hər birində olduğu kimi dövlət iştirakçı ölkələrə təhlükəsizlik təminatı ilə bağlı məktub göndərib. Odur ki, deyilənlər heç bir reallığa sığmır.

Bundan başqa, Azərbaycanda indiyədək keçirilmiş idman yarışlarının tam əksəriyyətində ermənilər və Ermənistan vətəndaşları olan şəxslər də iştirak ediblər.

Məsələn, Bakıda I Avropa Oyunlarının gümüş mükafatçısı erməni idmançı Qevorq Manukyanı xatırlayın.

Boks üzrə kişilərdə 91 kq çəki dərəcəsində Ukraynanı təmsil edən erməni əsilli idmançı Avropa Oyunlarında qazandığı gümüş medalı ona Azərbaycanın dövlət başçısı İlham Əliyevin təqdim etməsini həyatının sonunadək unutmayacağını demişdi.

"Bakı çox xoşuma gəldi. Şəhəri daha çox gəzmək, dolaşmaq istərdim. Lakin yarışlara görə vaxt az idi. Kimsə mənə erməni olduğuma görə aqressiv yanaşma nümayiş etdirmədi. Bakını unutmayacağam",  - Manukyan söyləmişdi.

Manukyanın sözləri Azərbaycana erməni idmançıların gəlişinin təhlükəsizliyinin təminatına, onların Bakıda heç bir insidentlə üzləşməyəcəklərinə dəlalət edən amildir.

UEFA finalının vaxtı və yeri təyin olunanda heç kim bu komandaların İngiltərəyə məxsus olacağını ehtimal etmirdi. Digər tərəfdən təcrübə göstərir ki, bir çox hallarda finala çıxan komandalar oyunlarını öz vətənlərindən min kilometrlərlə uzaq ölkələrdə keçiriblər və heç vaxt belə iddialar irəli sürülməyib, kampaniyalar təşkil edilməyib.

Əslində, Bakı narahatlığını bildirməli, Britaniyaya xəbərdarlıqlaq yollamalıdır.

Nədən ki, Britaniyanın futbol klublarının azarkeşləri, xüsusilə də "Arsenal" və "Çelsi"nin fanatları aqressivliyi, xuliqanlığı, destruktiv davranışları ilə ad çıxarıblar. "Arsenal" və "Çelsi" azarkeşlərinin Turin, Münhen, Paris, Moskva, İstanbul və daha neçə şəhərdəki davranışlarını, içib sərxoş vəziyyətdə dava salmalarını, hətta bıçaqlara əl atmalarını da xatırlamaq olardı.

Amma etmirik və qonaqpərvərliyimizi nümayiş etdiririk.

Kifayət qədər sərt xarakteri, iğtişaşlar törətmək təcrübəsi olan ingilis fanatlar bir o qədər də arzuolunan qonaq olmasalar da, Azərbaycan bütün məsələləri ən yüksək səviyyədə təşkil etməyə hazırdır və bunu dəfələrlə əməldə sübut edib.

Fəqət, qarşı tərəfdəki məxluqat bunu çətin anlasın.

Onları narahat edən məqamlar ölkəmizin Azərbaycanın dünyada nüfuzunun artması, yüksək səviyyəli iqtisadi, siyasi, nəqliyyat və humanitar mərkəzə çevrilməsidir.

Bu qədər bəsit, bu qədər çirkin.

Elçin Alıoğlu Son.az