Gecələdiyi avtobusda ölüsü tapılan aktyor


Kriminal 12 May 2019 15:39:00 262 0

Gecələdiyi avtobusda ölüsü tapılan aktyor

Azərbaycan kinosunda çox maraqlı bir aktyor olub - Kamil Məhərrəmov.

Son.az Modern.az-a istinadən bildirir ki, ötən həftə - 9 may tarixi onun döğüm günüydü...

İkicə rolunun adını çəkmək kifayətdir ki, tamaşaçısı onu xatırlasın: "Yol əhvalatı" filmindəki Paşa, "Evlənmək istəyirəm"də Şamilin tapıb gətirdiyi tütək çalan-yetim Hüseyn. "Azərbaycanfilm"də bu iki film də daxil olmaqla 46 bədii filmə çəkilib. Üstəgəl "Mozalan" süjetləri. Bir kadr hamıya yaxşı tanışdır - Kamil Məhərrəmov uzunqulağın belində, radio qucağında xarici musiqi dinləyə-dinləyə gedir.  

Bu aktyor epizodik və xarakterik obrazlar qəhrəmanı olub. Bizim kinomuzda belə xarakterik aktyorlar azdır - Fazil Salayev, Məmmədsadıq Nuriyev, Ağahüseyn Cavadov. Kamil Məhərrəmov da həmin məktəbin yetirməsidir. Xırda, amma xarakterik obrazlar oynayıb. Heç bir fəxri ad ona yaxın gəlməyib, çox da məşhurlaşmayıb, amma istedadı göz qabağındadır. Baş rolları oynamağı hər bir aktyor bacarır, tanınır, sevilir. Həm də istədiyi hər şeyi əldə edir - fəxri adlar, ev, maşın, bağ... Ən çətini xırda həcmli obrazla xarakter ortaya qoya bilməkdir. Bax bu, hər aktyora qismət olmur. Yalnız xüsusi istedadın olmalıdır ki, sözün deyə bilmədiyini mimikalarla, ifanla deyə biləsən. Nə yazıq ki, o, kasıblıqla, diqqətsizliklə, depressiya ilə "dost " olur. Faciəvi şəkildə dünyasını dəyişir.    

Uşaqlığı   

Şamaxıda sadə ailənin üç uşağından biri idi Kamil. İki qardaş, bir bacı idilər. Hər üçü məktəbdə yaxşı oxuyur, məktəbdən sonra təsərrüfatda ata-analarına yardım edirdilər. Birgə əmək sərf etməsəydilər, onsuz da asan olmayan dolanışıq bir az da çətinləşərdi. Ata dərzi işləyirdi, yaxşı da dərzi idi. Ancaq onların qazancı gözlərini açandan xəstə yatağında gördükləri analarının müalicəsinə gedirdi. Bu səbəbdən də Kamil hələ balaca ikən ailə Bakıya köçür. Köçür ki, həkimin, xəstəxananın bolluğunda ananın xəstəliyinə bir əlac tapılsın. 

Bakıda böyüyür, yeniyetməlik yaşına çatır. Uşaqlıqdan sevdiyi işlə məşğul olmaq üçün Lütfi Məmmədbəyovun teatr dərnəyinə yazılır. Hər gün dərsdən çıxıb dərnəyə gedir, özü oynamadığı tamaşaların məşqlərinə belə baxırdı. Bu uşağın hədsiz marağı Lütfi Məmmədbəyovun diqqətini çəkmiş, onun istedadlı olduğunu hiss etmişdi. Məsləhət görmüşdü ki, hökmən aktyor olsun. Kamil isə ailəsinə kömək etmək üçün tezliklə bir sənətə yiyələnib işləmək istəyirdi. Odur ki, Energetika texnikumuna qəbul olunmuşdu, amma aktyor olmaq, kinoya çəkilmək istəyi səngimirdi. 

Axır ki, sənədlərini hazırlayıb o vaxtkı İncəsənət İnstitutuna verir. İmtahanlarından uğurla keçir və qəbul olunur. Ailədə bu sənətlə məşğul olan bir kimsə yox idi. Qardaşı neft sahəsi üzrə elmlər namizədi oldu, bacısı isə tibb bacısı idi.   

İlk sevgi  

Kamil Məhərrəmov institutu bitirən il Sumqayıtda teatr fəaliyyətə başlayır. Onları bütün heyətlə Sumqayıt teatrına göndərirlər. Bundan sonranı xanımı danışacaq. Mahirə xanım müəllimədir. Kamil Məhərrəmovla isə hələ uşaqkən tanış olub:   

"O, böyük idi, mən uşaq, 11-ci sinifdə oxuyurdum. Bakıda onların evlərinin pəncərəsi bizim məktəbin həyətinə baxırdı. Hər gün zəng vurulan kimi bir də görürdüm Kamil durub qarşımda. O qədər şən, gözəl insan idi ki, tez vuruldum ona, həm də gözümkönlüm alışdı. Evləndik, onları Sumqayıta göndərəndə çox sevindim. Əvvəla ona görə ki, Sumqayıt sakit şəhər idi, getdik gəzdik, dənizkənarı bulvarı da çox xoşumuza gəldi. Həm də düşündüm ki, Bakıdakı "kruqundan" uzaqlaşdıraram onu. Bakıda oturub-durduğu insanlar onu içkiyə alışdırmışdılar, hər gün içirdi onlarla. Sumqayıta gedən kollektiv yaxşı idi, mən də onlarla dostlaşmışdım". 

Teatrda Kamil Məhərrəmovun yaxşı rolları vardı, artıq kinoya da çəkilirdi. İki övladı vardı. Tezliklə onlara Sumqayıtda ev də verdilər. Amma nədənsə Kamil Məhərrəmov aludə olduğu içkidən ayrıla bilmirdi. Xanımı danışır ki, nə vaxt onu ayrılmaqla qorxudurdum, bir həftə içmirdi, sonra yenidən başlayırdı. 

Kino və teatr taleyi