Çaylarda suyun səviyyəsi dəyişib


Digərləri 12 May 2019 15:17:41 215 0

Çaylarda suyun səviyyəsi dəyişib

Çaylarda suyun səviyyəsi dəyişib.

Bakı. İlhamə İsabalayeva - Çaylarda suyun səviyyəsi dəyişib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, ötən günlər ərzində yağan yağışlar nəticəsində respublikanın çaylarında, xüsusən də Balakən-Şəki ərazisindən axan çaylarda sululuğun artımı müşahidə olunub. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan az olmaqla normanın 70, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 60-90, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan çox olmaqla 150-180 faizini təşkil edib. Tranzit çaylarda vəziyyətə gəlincə, yağan yağışla əlaqədar Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 34 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 592 kub/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 82 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 375 kub/s olmaqla, ongünlük normadan az olub. Mayın 06-da yağan yağışla əlaqədar Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 14 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 148 kub/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 75 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 108 kub/s təşkil etməklə ongünlük normadan az olub. Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 39 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 360 kub/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 85 faizini təşkil edib. Bu rəqəm 2018-ci ildə 51 m3/s təşkil etməklə ongünlük normadan az olub.