Qadınlarda əlavə süd vəzi aşkarlanarsa...


Digərləri 11 May 2019 19:25:00 453 0

Qadınlarda əlavə süd vəzi aşkarlanarsa...

Süd vəziləri qadınlar üçün ən çox problem yaradan orqanlardan sayılır. Qadınlar arasında bu vəzilərin xərçəngi də digər orqanların bədxassəli şişləri ilə müqayisədə daha çox inkişaf edir. Bəzi qadınlarda isə "əlavə süd vəzi" vəzlər də müşahidə olunur.

Əlavə süd vəzisi nədir? Onların yaranması xəstəlikdirmi? Bu vəz aşkarlananda nə etmək lazımdır?

Son.az e-tibb.az-a istinadən bildirir ki, Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkimi, mammoloq-radioloq Günel  Qəmbərovanın sözlərinə görə, əlavə süd vəzinə qadınlar arasında 4-6 faiz rast gəlinir. Onlar əsasən döş əzələsi, körpücükaltı və qoltuqaltı nahiyənin toxumasından inkişaf edir.

Əlavə süd vəzilərinin adətən giləsi olmasa da, həqiqi süd vəziləri kimi görünürlər. Yəni əlavə süd vəziləri də menstrual tsikl zamanı və laktasiya dövründə böyüyür, şişə bilir, elastik  və hərəkətli olurlar. Əlavə süd vəzisinin giləsi və kiçik axarları olarsa, buna tibdə  polimastiya deyilir.

Bu vəzlərin yaranma səbəbi barədə danışan mammoloq deyib ki, indiyə kimi bunun  dəqiq səbəbi göstərilmir. Bəzi versiyalara görə, onlar genetik pozuntu fonunda yaranır.

Bu vəzlər əsasən aktiv cinsi yetişkənlik dövründə ortaya çıxır, onların formalaşması adətən anomaliya kimi qiymətləndirilir. Amma bəzi mütəxəssislər hesab edir ki, bu, əcdadlardan qalan rudimentdir. Bu rudimentlər isə ən çox qoltuqaltı, onurğa sütunu, boyun və cinsi orqanlar ətrafında yaranır və belə hallar embrion dövrün patologiyası sayılır. Süd vəzi toxumaları hamiləliyin 6-cı həftəsində yaranır, bətndaxili inkişafın 10-cu həftəsində artıq elementlər sorulmuş olur. Normal halda uşaqlar dös qəfəsinin önündə yerləşən bir cüt simmetrik süd vəziləri ilə doğulur.

Həkim deyib ki, əlavə süd vəzilərinin 8 forması mövcuddur. Onların yarıdan çoxu vəzi toxumasından məhrum olur. Belə hallarda vəzi həmin şəxsi incitmirsə, narahatlığa əsas olmur. Amma istənilən halda onlar izlənməlidir.