Volqoqradda Ulu Öndərin anadan olmasının 96cı ildönümü ilə əlaqədar tədbir keçirilib FOTO


Siyasət 11 May 2019 16:55:00 266 0

Volqoqradda Ulu Öndərin anadan olmasının 96cı ildönümü ilə əlaqədar tədbir keçirilib  FOTO

Volqoqradda Ulu Öndərin anadan olmasının 96-cı ildönümü münasibəti ilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə salınan Volqoqrad-Bakı Dostluq Parkında Heydər Əliyev Fondunun və Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təntənəli tədbir keçirilib.

Son.az-ın məlumatına görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, Azərbaycan Gənclərinin Rusiya Birliyinin (AMOR ) Volqoqrad şəhər təşkilatının sədri Dünya Əhədova, Volqoqrad vilayəti qubernatorunun müavini, Volqoqrad Administrasiyasının Sənaye və Ticarət Komitəsinin sədri Roman Serqeyeviç Berkov, Kazaçestvo və millətlərin işlər komitəsinin sədri Leonid Aleksandroviç Titov, general Safonov Vladislav Nikolayeviç, Volqoqrad şəhərində yaşayan xalqların və millətlərin icma rəhbərləri və Volqoqrad şəhər sakinləri iştirak ediblər.

Tədbirin aparıcısı Ulu Öndərin həyatı və siyasi fəaliyyəti barədə geniş məlumat verərək bildirib ki, müasir tarixin ən görkəmli siyasətçisi olan Heydər Əliyev istər sovetlər dövründə, istərsə də müstəqillik illərində daim xalqı ilə birlikdə olub. O 2012-ci ildə Volqoqrad şəhəri ilə Qaradağ rayonunun dostluğu haqqında memorandum imzalandığı barədə də məlumat verib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Gənclərinin Rusiya Birliyinin (AMOR) Volqoqrad şəhər təşkilatının sədri Dünya Əhədova tədbir iştirakçılarını salamlayaraq, Volqoqrad şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının qeyd edilməsinin ənənə halı aldığını bildirərək, Azərbaycan Rusiya dostluğu, Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev və Azərbaycan Respublikasının birinci viste-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bugünkü fəaliyyətlərini xüsusi vurğulayıb.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov tədbir iştirakçılarını salamlayaraq, Azərbaycanın müstəqilliyinin əldə olunmasında Ulu Öndərin misilsiz fəaliyyəti və Rusiya-Azərbaycan dostluğu haqqında söhbət açaraq qeyd edib ki, Ulu Öndər xalqlar arasındakı dostluq və sevginin nümunəsidir, Volqoqradla Azərbaycan arasında dostluğun möhkəmlənməsində Ümummilli Liderin mühüm xidmətləri var.

Daha sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini E.Abbasov tədbir iştirakçılarını Ulu Öndərin 95 illik yubileyi və 9 may - Qələbə günü münasibəti ilə təbrik edib.

Tədbirdə çıxış edən qonaqlar Ümummilli Lider Heydər Əliyevin xalqı və dövləti naminə gördüyü işlərdən danışıblar. Bildiriblər ki, məhz Heydər Əliyevin sayəsində xalqlarımız arasında əbədi dostluq olub. Şəhər rəsmiləri Heydər Əliyev Fondunun Volqoqradda həyata keçirdiyi mühüm layihələri qeyd ediblər.

Volqoqrad Vilayət Qubernatorunun müavini, Volqoqrad Administrasiyasının Sənaye və Ticarət Komitəsinin sədri Roman Berkov Ulu Öndərin anadan olmasının 96-cı ildönümü və Qələbənin əldə edilməsinin 73-cü ildönümü münasibəti ilə təbriklərini çatdırıb və Azərbaycanlıların qələbənin əldə olunmasındakı xüsusi xidmətlərindən danışıb.

Tədbirdə iştirak edən fəxri qonaq general Vladislav Nikolayeviç Safonov tədbir iştirakçılarını salamlayaraq, dahi şəxsiyyəti şəxsən tanıdığını və onunla dosluq etdiyini fəxrlə xatırladıb. Azərbaycana, xüsusilə Bakıya vurğunluğunu bildirən general Safonov Bakını dünyanın ən təhlükəsiz şəhəri adlandırıb. O, Azərbaycan xalqının Böyük Vətən müharibəsində olan iştirakını qeyd edərək, tədbir iştirakçılarını bu iki gözəl tarixi gün münasibəti ilə təbrik edib.

General Vladislav Nikolayeviç Safonov dahi Heydər Əliyev haqqında olan xatirələrini, onunla görüşlərini və söhbətlərini, ilk dəfə Baykal Amur Magistralı (BAM) inşa edilərkən SSRİ-nin rəhbərliyində olan şəxs kimi Ulu Öndərlə görüşmüşdüyünü, BAM-da Heydər Əliyevlə görüşən hər kəsin ona valeh olduğunu bildirib. Sonradan 90-cı illərdə Azərbaycana gələrkən Ulu Öndərlə görüşərkən Heydər Əliyevin Azərbaycanın çiçəklənməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirdiyini qeyd edib. General Vladislav Safonov bu gün Ulu Öndərin arzuladığı yeni Azərbaycanın inkişafında Heydər Əliyevin danılmaz xidmətlərinin olduğunu xüsusilə vurğulayıb. Bildirib ki, dövlətçiliyi qoruyan Heydər Əliyev, iqtisadiyyatın inkişafına nail olub, Azərbaycanın dünya ölkələri arasında xüsusi yerinin olması üçün titanik əmək sərf edib.

Çıxış edən digər qonaqlar görkəmli dövlət xadiminin veteranlara göstərdiyi xüsusi diqqətini qeyd ediblər. Bildiriblər ki, Heydər Əliyev harada olubsa olsun, orada qələbə olub, yüksəliş olub.

Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin barelyefi önünə gül dəstələri düzüblər, dünya şöhrətli siyasətçinin xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbir maraqlı konsert proqramı ilə davam edib. Volqoqradın çoxmilli kollektivlərinin bir-birindən maraqlı ifaları, rəqslər, Ümummilli Liderə həsr olunan mahnılar, idmançıların çıxışları böyük maraqla qarşılanıb.

Daha sonra tədbir bayram süfrəsi arxasında davam edib. Bayram tədbiri möhtəşəm atəşfəşanlıqla başa çatıb.


Xəbərə aid fotolar