Qarabağ atları Vindzor Kral Atçılıq Şousunda nümayiş olunub (FOTO)


Digərləri 11 May 2019 15:33:22 228 0

Qarabağ atları Vindzor Kral Atçılıq Şousunda nümayiş olunub (FOTO)

Böyük Britaniyada kral ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq təşkil edilən Vindzor Kral Atçılıq Şousu keçirilib.

Bakı. Böyük Britaniyada kral ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq təşkil edilən Vindzor Kral Atçılıq Şousu keçirilib. Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2014-cü ildən etibarən Azərbaycanın da dəvət aldığı beynəlxalq atçılıq şousunda ölkəni növbəti dəfə DSX-nın süvarilər dəstəsi və rəqs ansamblı təmsil edib. Birləşmiş Krallığın taxt-tac sahibi Kraliça Viktoriyanın xatirəsinə həsr olunmuş bu tədbir üçün nümayəndə heyəti tərəfindən xüsusi olaraq “Azərbaycanın kəlağayısı və Qarabağ atları” adlı şou-kompozisiya hazırlanıb. Azərbaycan xalqının çoxsaylı maddi və mənəvi sərvətlərindən ikisinin vəhdətindən formalaşan bu kompozisiyanın əsasını artıq Vindzor tamaşaçılarına çox yaxşı tanış olan, burada özünə heyranlar ordusu qazanmış, çılğınlığı və gözəlliyi ilə seçilən Qarabağ atları, eləcə də Azərbaycan qadınlarının ənənəvi baş örtüyü, ismət və gözəllik rəmzi olan kəlağayı təşkil edib. Şou aparıcısının təmsilçilərimizin möhtəşəm çıxışını öncələyən təqdimatında şoukompozisiyanın əsas elementlərindən birini təşkil edən 1500 ildən çox tarixə malik Azərbaycan kəlağayısının hələ iki əsr öncə - 1851-ci ildə Londonda keçirilmiş böyük sərgidə Kraliça Viktoriyaya hədiyyə edilməsinin vurğulanması böyük maraqla qarşılanıb.