Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96cı ildönümü ilə əlaqədar Azərbaycanın Belarusdakı səfirliyində tədbir keçirilib FOTO


Siyasət 11 May 2019 14:21:00 216 0

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96cı ildönümü ilə əlaqədar Azərbaycanın Belarusdakı səfirliyində tədbir keçirilib  FOTO

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Belarus Respublikasındakı səfirliyində tədbir keçirilib.

Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Belarus Respublikasındakı səfirliyində tədbir keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, tədbir iştirakçıları əvvəlcə səfirliyin inzibati binasının foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının Belarusdakı səfiri Lətif Qəndilov tədbirdə çıxış edərək, Azərbaycan dövlətinin qurulmasında, möhkəmlənməsində və inkişafında Ulu Öndərin əvəzsiz xidmətləri barədə geniş məlumat verib. Bildirilib ki, 1993-cü ildə xalqın arzusu və təkidi ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev Azərbaycanı məhv olmaq təhlükəsi və parçalanmaqdan qurtarıb, yeni dövlət yaradaraq onun gələcək on illiklər üçün siyasi-iqtisadi inkişaf strategiyasını müəyyənləşdirib. Səfir Ulu Öndərin həyatının 4 dövründən (Dövlət Təhlükəsizlik Komitəsində çalışdığı dövr, Azərbaycan SSR-yə rəhbərlik etdiyi dövr, Sovet İttifaqı Kommunist Partiyasının siyasi bürosunun üzvü, SSRİ Nazirlər Sovetinin sədr müavini olduğu dövr və müstəqil Azərbaycanı qurduğu dövr) danışaraq daim xalqı ilə yaşayan, qəlbində vətən sevgisi, milli ruh gəzdirən qüdrətli şəxsiyyətin beynəlxalq aləmdə və müasir Azərbaycan tarixindəki rolu və demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barəsində tədbir iştirakçılarına geniş məlumat verib. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev işlədiyi hər bir yerdə dövlətinə və xalqına xidmət edərək milli kimlik və mənsubiyyətini hər bir şeydən üstün tutmuşdur.

Qeyd edilib ki, Müstəqilliyimizin bərpası məhz sovet hakimiyyəti illərində Heydər Əliyevin Azərbaycanın sosial, iqtisadi, mədəni və digər sahələrdə yüksəlişi üçün həyata keçirdiyi tədbirlər, milli şüurun oyanması istiqamətində gördüyü işlər nəticəsində mümkün olub. Heydər Əliyev sovet hakimiyyəti illərində Azərbaycanda yüksək vəzifələrdə işlədiyi dövrlərdə milli şüurun dirçəlişi məsələsinə ciddi fikir vermiş və milli ruhun oyanmasında xidmətləri olan şəxsləri hər zaman qorumuşdur. Azərbaycanın mədəniyyətinin və incəsənətinin hələ o zamanlar dünyada tanınması üçün ciddi işlər görmüşdür. Rəsul Rza, Qara Qarayev, Rəşid Behbudov və Bəxtiyar Vahabzadə Sosialist Əməyi Qəhrəmanı kimi yüksək adların verilməsini təmin etmişdir. Cəfər Cabarlı, İmadəddin Nəsimi, Nəriman Nərimanov və Mehdi Hüseynzadəyə Bakı şəhərində möhtəşəm abidələrin qoyulmasına nail olmuşdur. Azərbaycan bütün SSRİ-də aparıcı Respublikalardan birinə çevrilmişdir.

Bu baxımdan, səfir Heydər Əliyev tərəfindən Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılmasının Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən biri kimi qiymətləndirmişdir. Azərbaycanın müstəqil siyasi xəttə malik, heç bir dövlətdən asılı olmayan suveren ölkə kimi mövcudluğu Heydər Əliyev tərəfindən təməli qoyulmuş möhkəm bünövrə üzərində qurulub və bu gün də uğurla davam etdirilir. Ulu Öndərin yeni neft strategiyasından danışan səfir bildirib ki, Ümummilli Liderimiz "Əsrin müqaviləsi"ni imzalamaqla, Azərbaycanın dünya iqtisadi sistemindəki gələcək uzun dövr üçün yerini müəyyənləşdirib. Qədim İpək yolunun bərpasını və Traseka nəqliyyat dəhlizi layihəsini gündəmə gətirməklə Azərbaycanı Şərqlə qərb arasında mühüm nəqliyyat mərkəzinə çevirmişdir. Reallaşdırılan Neft-qaz və nəqliyyat layihələri bir tərəfdən ölkəmizi nəqliyyat və enerji mərkəzinə çevirmiş digər tərəfdən isə ölkəmizin müstəqilliyinin təmin olunmasına xidmət etmişdir.

İlham Əliyev tərəfindən məharətlə davam etdirilən siyasi və iqtisadi strategiyanın ölkəmizin təhlükəsizliyinin qarantına çevrildiyini və xalqımızın maddi rifahının yüksəlməsini təmin etdiyini bildirdi.

Belarusda təhsil alan azərbaycanlı tələbə, gənc şair Məhəmməd Turan çıxış edərək ulu öndər Heydər Əliyevin həyatının bütün azərbaycanlılar, o cümlədən gənclərimiz üçün nümunə olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, Heydər Əliyev bütütn sahələrdə olduğu kimi ədəbiyyat sahəsində də yaradacı insanları hər zaman diqqət mərkəzində saxlamışdır.

Minsk şəhərində fəaliyyət göstərən azərbaycanlıların "Qobustan" cəmiyyətinin sədri Baxşı Qənbərov çıxışında xaricdə yaşayan azərbaycanlıların diaspor təşkilatlarının formalaşmasında Ulu Öndərin böyük rolu olduğunu bildirmişdir.

Azərbaycan Respublikasının Belarus Respublikasındakı hərbi attaşesi Elşən Rəhimov çıxış edərək tədbir iştirakçılarına Ulu Öndərin ordu quruculuğu sahəsindəki xidmətləri və Azərbaycan ordusunun bugünkü imkanları və gücü o cümlədən 2016-cı ilin aprel döyüşləri barədə geniş məlumat vermişdir.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunan film nümayiş etdirilib.


Xəbərə aid fotolar