Sabirabadda yorğana bükülmüş meyitin şəxsiyyəti müəyyənləşdi - Faktla bağlı bir nəfər saxlanılıb


Digərləri 11 May 2019 13:57:00 211 0

Sabirabadda yorğana bükülmüş meyitin şəxsiyyəti müəyyənləşdi - Faktla bağlı bir nəfər saxlanılıb

Sabirabadda yorğana bükülmüş meyitlə bağlı bir nəfər saxlanılıb.

Bakı. Sabirabadda yorğana bükülmüş meyitlə bağlı bir nəfər saxlanılıb. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 9-da Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə Şirvan şəhər sakini İlham Cəbiyevin işlədiyi Biləcəri qəsəbəsində yerləşən sərnişindaşıma şirkətindən çıxması və itkin düşməsi barədə müraciət olunub. Mayın 10-da Sabirabad rayonunun Minbaşı kəndi ərazisində, Kür çayının sahilində yorğan üzünə və palaza bükülmüş vəziyyətdə meyit tapılması barədə DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olunub. Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gedib, müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla üzərində zorakılıq əlamətləri görünməyən meyitin Şirvan şəhər sakini, əvvəllər quldurluğa görə məhkum olunmuş İ.Cəbiyev olduğu müəyyən edilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə meyitin Şirvan şəhər sakini, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma, quldurluq və narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş Fariz Ağayev tərəfindən qeyd edilən əraziyə gətirilməsi müəyyən edilmib.