Qorbaçovun heç vaxt dil tapa bilmədiyi deputat


Kriminal 11 May 2019 13:10:00 281 0

Qorbaçovun heç vaxt dil tapa bilmədiyi deputat

“Bu cinayətə görə məhz sizi ittiham edirəm”

Bu cinayətə görə məhz sizi ittiham edirəm.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri 1990-cı ilin qanlı və şanlı 20 Yanvar hadisələrindən bir az sonra SSRİ Xalq deputatlarının Moskva şəhərində keçirilən növbəti sessiyasında həmin hadisələrin təşkilatçısı və icraçısı Mixail Qorbaçovun üzünə məhz o söyləmişdi...

Bu sözləri də Azərbaycanın hansısa yüksək rütbəli vəzifə sahibi, partnomeklatura nümayəndəsi deyil, məhz incə duyğular sahibi, əsərləri, böyük sənəti ilə nəinki məxsus olduğu xalqını, vətənini, keçmiş Sovetlər Birliyini, hətta dünyanı mat qoymuş bir insan, sənətkar, korifey söyləmişdi...

Özü də bu sözləri söyləyən - milli-azadlıq hərəkatına qalxmış, Qarabağ məsələsində haqsızlığa, ədalətsizliyə etiraz səsini ucaltmış xalqı qanlar içində boğmaq üçün 1990-ci ilin yanvar ayının 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq etmədən Bakıya qoşun yeridilməsi əmri vermiş və 20 Yanvar hadisələrinin baiskarı olmuş keçmiş SSRİ-nin birinci və sonuncu prezidenti Qorbaçova üzünə çəkinmədən, həyatını təhlükə, risk altına alaraq, uca səslə söyləyən azsaylı 3-4 ziyalıdan, SSRİ Ali Sovetinin azərbaycanlı deputatlarından bir olmuşdu...

Bu sözləri söyləyən, bütün Sovetlər Birliyinin, keçmiş SSRİ xalqlarının gözü önündə (həmin vaxtlar SSRİ Xalq deputatlarının sessiyası bir çox hallarda canlı yayımlanırdı - red.) Qorbaçovun üzünə deyən, onu ittiham edən şəxs-şəxsiyyət məhz Arif Məlikov olmuşdu...

O Arif Məlikov ki, cəmi bir neçə gün öncə onu itirdik, 86 yaşında bizi, canından artıq istədiyi xalqını tərk etdi, Haqqın dərgahına qovuşdu...

O Arif Məlikov ki, görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri - "Məhəbbət Əfsanəsi" baleti dünya şöhrəti qazanmasına baxmayaraq, onun öz ölkəsində, Azərbaycan səhnəsində nümayişinə müvəffəq ola bilməmişdi...

O Arif Məlikov ki, Misirdə "Məhəbbət əfsanəsi" əsərinin premyerasının getməsinə baxmayaraq, gedib öz əsərinə baxması üçün ona imkan verilməmiş, Azərbaycandan buraxılmamışdı...

İllər ötəndən, üstündən çox sular axıb keçəndən sonra Arif Məlikov həmin günləri, yaşadığı sarsıntılı anları xatırlayaraq, bunları demişdi:

"...Bu, məni çox əsəbiləşdirirdi. Mən də boğaza yığılıb girdim Mərkəzi Komitə katibinin yanına.

Ağzıma gələni dedim. "Tüpürürəm sənə. Ona görə ki, respublikaya sən rəhbərlik edirsən. Cavan bəstəkarlar ayağa yeni qalxan kimi boğursunuz".

Yenidən 20 Yanvar hadisələrinə və həmin ərəfədə yaşananlara qayıdaraq, qeyd etmək istərdik ki, məlum hadisələrdən az sonra SSRİ Xalq deputatlarının sessiyasında tribunaya qalxan Arif Məlikov Qorbaçovun və onun əlaltılarının etirazlarına məhəl qoymadan 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycan deputat qrupunun bəyanatını oxumuş və onun təkidi ilə bütün salon Bakı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişdi.

Həmin anlar şəxsən mənim də bugünkü kimi xatirimdədir - o ağır günlərdə, Azərbaycanın hər tərəfdən blokadaya alındığı bir dövrdə, haqq səsinin eşidilmədiyi, dünyanın həm Qarabağ hadisələrinə, erməni separatizminə, vanadlizminə, həm də 20 Yanvar hadisələrinə kar-kor qaldığı bir zamanda  Arif Məlikovun bu cəsarətli addımı hər bir azərbaycanlı kimi məndə də böyük qürür hissi doğurmuş, gələcəyə bir ümid olmuşdu...

O ümid ki, 20 Yanvar, Qarabağ, milli azadlıq hərəkatı şəhidlərinin qanlarının yerdə qalmayacağı, şər imperiyası olan SSRİ-nin dağılacağı və Azərbaycanın tarixdə ikinci dəfə müstəqilliyinə qovuşacağı ilə bağlıydı...

Necə ki, məhz belə də oldu, 20 Yanvar hadisələri sonun başlanğıcı, SSRİ-nin çöküşünü sürətləndirən bir proses və Azərbaycanın müstəqilliyini şərtləndirən, bunu daha da tezləşdirən bir hadisə oldu...

Çox sonralar, Azərbaycan müstəqillik əldə etdikdən sonra Arif müəllim özü də həmin günlərə qayıdaraq, bunuları söyləmişdi:

"Həmin çıxışda Qorbaçovun və SSRİ-nin digər rəhbərlərinin əleyhinə tənqidi fikirlər səsləndirdim. Mən əvvəllər də Qorbaçovu tənqid etmişdim və onu "qatil" adlandırmışdım.

Hələ 1988-ci ildə Siyasi Büroda Azərbaycan və Ermənistan deputat qruplarının birgə görüşü oldu.

Mən o vaxt  Qorbaçova dedim ki, Azərbaycan xalqının başına gətirilən bu bəlaların əsas günahkarı sizsiniz və vaxt gələcək tökülən bu günahsız qanlara görə cavab verəcəksiniz".

Qeyd edək ki, Arif Məlikovun vətəndaşlıq mövqeyi, qətiyyəti, hətta Qorbaçovun özünü də mat qoymuşdu:

"Qorbaçov bir dəfə bizim deputat qrupunun üzvlərini qəbul edəndə dedi ki, mən hamınızla dil tapıb danışa bilərəm, ancaq bəstəkar Arif Məlikovla dil tapmaq mümkün deyil.