XİN: Azərbaycan ərazilərinin işğalı nəticəsində yaradılmış status-kvo dayanıqlı deyil və qəbuledilməzdir


Digərləri 11 May 2019 12:10:24 155 0

XİN: Azərbaycan ərazilərinin işğalı nəticəsində yaradılmış status-kvo dayanıqlı deyil və qəbuledilməzdir

12 may 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəsin əldə olunmasının 25 ili tamam olur.

Bakı. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan və Azərbaycan arasında atəşkəsin 25 illiyi ilə bağlı bəyanat yayıb. XİN Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bəyanatda deyilir: "12 may 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəsin əldə olunmasının 25 ili tamam olur. Münaqişə zonasında atəşkəsin elan edilməsi birmənalı şəkildə bütün hərbi fəaliyyətin dayandırılması, işğalçı qüvvələrin geri çəkilməsi, beynəlxalq sülhməramlı qüvvələrin yeridilməsi, kommunikasiyaların bərpası, məcburi köçkünlərin geri qayıtması və münaqişənin yekun həlli üçün danışıqların davam etdirilməsi kimi məqsədlərlə əlaqələndirilib. Bu o deməkdir ki, atəşkəs yuxarıda qeyd edilən məqsədlər kontekstində kompleks yanaşmanı nəzərdə tutur. Yəni atəşkəsə riayət olunması təkcə atəşin dayandırılması deyil, həmçinin hərbi qüvvələrin münaqişə zonasından çıxarılmasını və işğal vəziyyətinin möhkəmləndirilməsinə xidmət edən fəaliyyətdən, o cümlədən məcburi köçkünlərin qayıdışına maneə olan hərəkətlərdən çəkinilməsini nəzərdə tutur. Atəşkəsin əldə edilməsinə baxmayaraq, ötən 25 il ərzində Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrində tarixən yaşayan Azərbaycanlıların etnik təmizlənməsi ilə nəticələnən, beynəlxalq tanınmış ərazilərimizin beşdə birinin Ermənistan tərəfindən işğalı hələ də davam edir. Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərində qanunsuz mövcudluğunu davam etdirməkdədir. Dünya ictimaiyyətinin tələbləri, o cümlədən beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına cavabdeh olan BMT TŞ-nin qəbul etdiyi qətnamələr təcavüzkar Ermənistan tərəfindən rədd edilir. ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin başçılarının da dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan ərazilərinin işğalı nəticəsində yaradılmış status-kvo dayanıqlı deyil və qəbuledilməzdir.