Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96cı ildönümü münasibətilə ABŞda tədbir keçirilib FOTO


Siyasət 11 May 2019 08:43:00 239 0

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96cı ildönümü münasibətilə ABŞda tədbir keçirilib  FOTO

Azərbaycanın ABŞ-dakı Səfirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirib.

Səfirlikdən Son.az-a verilən məlumata görə, tədbirdə ABŞ-da yaşayan və fəaliyyət göstərən həmyerlilərimiz və səfirliyin əməkdaşları iştirak ediblər.

Mərasimdə çıxış edən səfir Elin Süleymanov əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyev barədə xatirələrini bölüşüb. Müasir, müstəqil və suveren Azərbaycan dövlətinin qurucusu Ümummilli Liderin müxtəlif dönəmlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlardan söz açıb, Ulu Öndərin Azərbaycanla ABŞ arasında münasibətlərin genişlənməsi və möhkəmlənməsi istiqamətində gördüyü işlərin ikitərəfli münasibətlərimiz üçün möhkəm zəmin yaratdığını qeyd edib.

Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi istiqamətində gördüyü işlərə toxunan səfir ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan söz açıb.

Daha sonra diplomat Azərbaycanın ABŞ-dakı səfirliyinin yerləşdiyi binanın ümummilli lider Heydər Əliyevin qərarı ilə alındığını diqqətə çatdırıb və bu binanın müstəqil Azərbaycan Respublikasının xaricdə diplomatik fəaliyyət üçün aldığı ilk mülk olduğunu vurğulayıb.

Uzun illərdir ABŞ-da yaşayan Azərbaycan icmasının fəal üzvlərindən olan Həbib Azərsina çıxış edərək Ümummilli Lider barəsində fikirlərini paylaşmışdır. Heydər Əliyevi hələ Sovet İttifaqı dövründən tanıdığını deyən H.Azərsina onun hər zaman vətənpərvərliyi, vətəninə, xalqına sevgisi ilə fərqləndiyini bildirib. ABŞ prezidentlərinin tərcüməçisi olaraq çalışmış H. Azərsina Ümummilli Lider kimi şəxsiyyəti tanıdığını və səfərlərdən birində ona tərcüməçilik etdiyini fəxrlə xatırlayıb.

Daha sonra Ümummilli Liderin anadan olmasının 96-cı ildönümü münasibətilə səfirliyin binasının ətrafında müxtəlif və rəngarəng güllər və çiçəklər əkilərək Ulu Öndərin əziz xatirəsi bir daha yad edilib. Beləliklə, ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə əkilən güllər Vaşinqtonda Azərbaycanı təcəssüm etdirən daha bir guşəni gözəlləşdirib.


Xəbərə aid fotolar