Prezident İlham Əliyev: İqtisadi sahədə aparılan islahatlar hər bir vətəndaşın həyatında öz əksini tapmalıdır və tapır


Digərləri 11 May 2019 01:40:18 430 0

Prezident İlham Əliyev: İqtisadi sahədə aparılan islahatlar hər bir vətəndaşın həyatında öz əksini tapmalıdır və tapır

İqtisadi sahədə aparılan islahatlar hər bir vətəndaşın həyatında öz əksini tapmalıdır və tapır.

Bakı. İqtisadi sahədə aparılan islahatlar hər bir vətəndaşın həyatında öz əksini tapmalıdır və tapır. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı deyib. Prezident İlham Əliyev bildirib ki, son 15 il ərzində sosial layihələr uğurla icra edilib: "Son 15 il ərzində əməkhaqqının, pensiyanın 10 dəfəyə yaxın artırılması bizim sosial siyasətimizi göstərir. Biz iqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük işlər görmüşük. Bu gün bu istiqamətdə işlər davam etdirilir. İqtisadiyyatın neft-qaz amilindən asılılığını azaltmaq üçün praktiki addımlar atılır. Son 15 il ərzində iqtisadiyyat 3 dəfə artıb, çox gözəl biznes mühiti yaradılıb. Dünya Bankının hesablamalarına görə, biz bu göstərici üzrə dünya miqyasında 25-ci yerdəyik. Yəni, islahatlar aparıldı və ölkə qarşısında duran problemlər həll olunmağa başlandı. Əgər biz buraya texnoloji inkişafı əlavə etsək, deyə bilərik ki, bu gün Azərbaycanın 3 peyki var, Azərbaycan kosmik klubun üzvüdür. Bu da böyük nailiyyətdir, tarixi nailiyyətdir. Enerji təhlükəsizliyi sahəsində görün nə qədər böyük işlər görüldü. Heydər Əliyevin öz əlləri ilə təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan artıq 13 ildir ki, fəaliyyət göstərir və ölkəmizə gəlir gətirir. Bu gəlir xalqın rifah halının yaxşılaşmasına, infrastruktur layihələrinin icrasına yönəldilir. Bu gün biz daha böyük enerji layihəsini icra edirik və əminəm ki, uğurla başa vuracağıq. Baxmayaraq ki, açıq dənizə çıxışımız yoxdur, biz Azərbaycanı nəqliyyat mərkəzinə çevirmişik. Bu sahəyə qoyulan sərmayə gələcəyə qoyulan sərmayədir. Çünki bundan sonra Azərbaycan onilliklər, yüzilliklər ərzində tranzit imkanlarından istifadə edərək öz büdcəsini artıracaqdır. Azərbaycana daxil olacaq vəsait, sadəcə, coğrafi vəziyyətdən və tranzit imkanlardan asılı olacaqdır". Dövlət başçısının sözlərinə görə, islahatların davam etdirilməsi zəruridir və bunun başqa yolu yoxdur: "Biz bundan sonra da islahatlar yolu ilə gedəcəyik. Çünki bir daha demək istəyirəm, əldə edilmiş nəticələr, hesab edirəm ki, tarixdə qalmalıdır. Biz bunu bilməliyik ki, haradan gəlmişik, hara çatmışıq. Ancaq bu, tarixdir, biz gələcəyə baxmalıyıq. Bu gün iqtisadi sahədə aparılan islahatlar bütün mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, bizim tərəfdaşlarımız Azərbaycana böyük kreditlər verirlər. Nəyə görə? Ona görə ki, bizə inanırlar. Birinci növbədə görürlər ki, islahatlar səmərə verir, digər tərəfdən Azərbaycanın uğurlu gələcəyinə inanırlar. Əgər belə olmasaydı, milyardlarla dolları Azərbaycana kredit şəklində verərdilərmi? Əlbəttə ki, yox. İqtisadi sahədə aparılan islahatlar hər bir vətəndaşın həyatında öz əksini tapmalıdır və tapır. Biz əməkhaqlarını, pensiyaları, müavinətləri nəyin hesabına artırırıq? Ona görə ki, daha da səmərəli işləyirik, ona görə ki, büdcə daxilolmaları artır və artacaq. Biz hələ islahatların növbəti mərhələsinin başlanğıcındayıq və bu ilin dörd ayının yekunları deməyə əsas verir ki, çox böyük nəticələr əldə edilir. Bu, bizə imkan verir ki, sosial sahəyə həm maddi təminat, həm də islahatlar baxımından daha böyük diqqət göstərilsin. Dünən, Ulu Öndərin doğum günü ərəfəsində ilk DOST Mərkəzi yaradıldı. Bu da sosial təminat sahəsində bir inqilabdır. Necə ki, vaxtilə “ASAN xidmət” mərkəzi ictimai xidmətlər sahəsində bir inqilab oldu. Artıq 6 milyondan çox insan “ASAN xidmət”dən istifadə edib. Bu, Azərbaycan brendidir, biz indi bu brendi intellektual məhsul kimi başqa ölkələrə ixrac edirik. Ona görə islahatların davam etdirilməsi zəruridir və bunun başqa yolu yoxdur". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin