"Ən böyük arzular əziyyət və səbirlə gerçəkləşir" Uğur hekayəsi FOTO


Digərləri 10 May 2019 23:19:00 333 0

"Ən böyük arzular əziyyət və səbirlə gerçəkləşir"  Uğur hekayəsi  FOTO

"Vodafone"da işləyən Emin Quluyev: Hədəflərə çatana kimi insanın dizləri yara ola bilər, amma zirvədə aldığın həzz çox dərin olur

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Pozitiv, uzaqgörən və səbirlidir. Elə bu səbri, əzmi onu xəyallarına qovuşdurub. Prinsipi sıfırdan əziyyətlə həyat qurmaqdır. Özünün də dediyi kimi, kasıb ailədə doğulmağı bəhanə etmədən zirvələrə dırmanıb. Zəhmətkeş ailədə dünyaya gəlib. Düşünür ki, kasıb ailədə doğulmaq özü bir xoşbəxtlikdir. Çünki insan qıtlıq anlayışını dərk edir, gözünü açandan əli qabarlı ana-ata görür, var olduqlarının dəyərini bilir.

Müsahibimiz Lüksemburqda "Vodafone" şirkətinin qlobal satınalma üzrə meneceri Emin Quluyevdir.

1991-ci ildə Sumqayıtda anadan olub. Orta məktəbi bitirdikdən sonra 606 balla Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunub. İkinci kursdan təhsilini Xüsusi İstedadlar Qrupunda davam etdirib. Hələ 4-cü kursda olarkən "Azərsun" Holdinqdə çalışmağa başlayıb. Həmişə xaricdə təhsil alıb, fərqli mədəniyyətlərlə tanış olmağı xəyal edən həmsöhbətimiz, 2015-ci ildə Fransa hökumətindən "Eyfel"  təqaüdünü qazanır. O, Fransada biznesin idarə olunması üzrə magistr (MBA) təhsili alır. Öz dövründə bu təqaüdü qazanan ilk azərbaycanlı olur. Daha sonra Avropada qalaraq karyerasını burada davam etdirmək qərarına gəlir. 

- Emin bəy, müsahibələrinizdən birində fəhlə ailəsində dünyaya gəldiyinizi, fərqli mədəniyyətlərlə tanış olmaq xəyallarınızın olduğunu vurğulamısınız. Xəyallarınıza necə çatdınız?

- Mən uşaqlıqdan evdə zəhmətkeş ailə üzvləri görmüşəm və o mühitdə böyüdülmüşəm. Valideynlərimdən başqa həyatımda mayak kimi yol göstərən şəxs - xalam oğlu Cahandar olub. O, mənə həyatda şəxsiyyət kimi formalaşmaqda, ambisiyalarımı müəyyən etməkdə çox kömək edib. Özümü dərk edəndən prinsiplərimə, xəyallarıma daha da əmin olub, onlara aparan planlar yazmışam. Mənə görə, ən böyük arzular mütləq əziyyət və səbirlə gerçəkləşir. Müvəffəqiyyətsizliyim az olmayıb, amma hədəflərimdən dönməmişəm.

- Siz "day-day" olmadan da uğur əldə etmək olar" fikrinin bariz nümunəsisiniz. Belə düşünən gənclərə nə demək istərdiniz?

- "Day-day" prinsipi bizim cəmiyyətdə çox açıq şəkildə hiss olunur və gənclərin inam hissinə təsir edir. İnsanlar zəhmətkeş həmkarlarının "day-day"sız vəzifə almadıqlarını, hansısa dövlət imtahanından kəsildiyini eşidəndə, vəzifəli şəxslərlə əlaqə qurmaq ehtiyacı duyur. Digər qismi də onları qarşıda sonsuz əziyyət gözlədiyini bilə-bilə, öz zəhmətlərilə irəli getməyi seçir. Kimsə hər hansı vəzifədəki tanışı vasitəsi ilə bir işi həll etdikdə, yaxud işə girdikdə, həm o işin dəyərini bilmir, həm də onu işə düzəldən adamın qarşısında sanki mənəvi borclu qalır. Bu tip insanlar əziyyət çəkməyin nə olduğunu unudur və fərd kimi formalaşmaqda problem yaşayırlar. Burada valideynin tərbiyə faktoru da çox önəmlidir. Övladını tanışları vasitəsilə hansısa iş yerinə düzəltməyə çalışan valideyn, əslində onu üzə bilməyəcəyi bataqlığa atmış kimi olur. Valideynlərim həmişə bu cür asan yollardan məni çəkindirib və böyüdükcə öz əziyyətimin nəticəsinin daha çox zövq verdiyini görmüşəm. İstər özəl, istər dövlət qurumlarında hər vəzifədə işləyən dostlarım, qohumlarım var. Onlardan hansısa işimi asanlıqla həll etməsini istəməmişəm.

- Emin bəy, xəyallarınıza "Vodafone"la davam edirsiniz. Maraqlıdır, nəhəng bir şirkətin işləmə prinsipləri necədir?

- 2015-ci ildə Fransada oxuduğum müddətdə 12 kvadratlıq otağımda gərgin şəkildə iş, staj axtarışında idim. Sonsuz müsahibələrdən sonra "Vodafone"-un Lüksemburq ofisindən təcrübə təklifi gəldi. Qısa zamanda daimi müqavilə ilə iş təklifi etdilər. Hazırda həmin ofisdə satınalma üzrə menecer olaraq çalışıram. Böyük şirkətlərin prinsiplərini işə qəbul mərhələsindən hiss edirsən. Bir vakansiya üçün 50-100 nəfər namizəd olur və onlardan sadəcə bir nəfər seçilir. "Vodafone" illər əvvəl qurulmuş dəyərlər əsasında işləyir. Bizdə ən çox sevdiyim cəhət işçi-müdir iyerarxiyasının olmamasıdır. Məsələn, dünən işdə müdirlərlə iş saatının azaldılmasının müsbət tərəflərini müzakirə edirdik, hər kəs öz fikrini açıq deyirdi. Azərbaycanda bu haqda fikir desən, müdirin düşünər ki, işləmək istəmirsən (gülür - A.Ə). Bundan başqa, şirkətin gələcəyində hər kəsin rolu aydın müəyyən olur: strategiya yazılır və hamı ona uyğun planlar qurur, hər kəs şirkətdəki dəyərini anlayır. Ən sevdiyim tərəfi işçilərə fərd olaraq yanaşılması və müdirlərin işçilərin inkişafı üçün birgə müzakirə aparıb səmimi fikirlərini deməsidir.

- Ətrafınızda elə özünüz kimi uğurlu gənclər görürük. Bu nə ilə bağlıdır. Sizcə, uğurlu karyeranın insanın ətrafı ilə əlaqəsi varmı?

- Əslində insan öz dostlarını özü müəyyən edir. Bəzən kimsə pis vərdişlərində dostlarını günahlandırır. Bunu qəti qəbul edə bilmirəm. Hər kəsin öz dostunu tanıma, seçmə imkanı var. Uşaqlıqdan zəhmətkeş insanların ətrafında olmağa, onlarla dostluq etməyə çalışmışam. İnsanın ətrafında əziyyəti sevən adamlar olanda, daha da ilhamlanır, onlardan motivasiya alır. Bundan başqa, doğru dostlarla müzakirələrdə insan daha da aydınlanır, dünyagörüşü genişlənir. Dostlarımın əksəriyyəti mənim kimi adi ailədə doğulub zəhmətlə irəliləyiblər. Hazırda fərqli qurum və şirkətlərdə yüksək vəzifələrdə çalışırlar. Gənclərə dost seçimində ehtiyatlı olmağı məsləhət görürəm.

- Eyni gündə 3 ölkədən - Birləşmiş Ərəb Əmirlikləri, Fransa və Lüksemburqdan iş təklifi almısınız. Deyirlər, xarici ölkədə iş tapmaq asan deyil...


Xəbərə aid fotolar