DTXnin hərbi hissəsində gənc əsgərlər and içib FOTO
Digərləri 10 May 2019 22:35:00 434 0
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) N saylı hərbi hissəsində gənc əsgərlərin növbəti qrupu Vətənə sədaqət andı içib.
Son.az Trend-ə istinadən bildirir ki, əvvəlcə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev və təntənəli tədbirin iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etdilər, abidəsi önünə gül dəstələri qoydular.
Döyüş bayrağı sıra meydanına gətirildi. Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Dövlət himni səsləndirildi.
Sonra gənc əsgərlər təntənəli surətdə hərbi and içdilər.
Andiçmə münasibətilə hərbi hissənin şəxsi heyətini və tədbiri qürurla izləyən valideynləri Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin adından təbrik edən general-polkovnik Mədət Quliyev bu gün yaşadığımız sabitliyin və firavanlığın, dövlət müstəqilliyinin nə qədər böyük çətinliklər bahasına başa gəldiyi barədə danışdı. Xidmət rəisi 1990-cı illərin əvvəlindəki Azərbaycanın acınacaqlı vəziyyəti, səriştəsiz rəhbərliklər nəticəsində ölkədəki hakimiyyətsizliyin, iqtisadi böhranın yaratdığı ağır vəziyyətdən, vətəndaş qırğınının baş qaldırmasından, dövlətin faktiki olaraq dağılmaq təhlükəsi ilə üzləşməsi barədə tarixi misallar çəkdi.
General-polkovnik Mədət Quliyev bildirdi ki, yalnız xalqın təkidli tələbi ilə hakimiyyətə Ümummilli Lider Heydər Əliyevin dəvət olunması müasir Azərbaycan dövlətini məhv olmaqdan xilas etdi, müstəqillik qorundu, ölkədə vətəndaş müharibəsinin yerini vətəndaş sülhü tutdu. Respublikada bütün sahələrdə sürətli tərəqqi və inkişaf dövrü başladı.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi qeyd etdi ki, Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən uğurlu və ölçüyəgəlməz tədbirlər nəticəsində regionun lider dövlətinə çevrilmiş Azərbaycanın müstəqilliyi günbəgün güclənir, ölkəmizin müdafiə qabiliyyəti durmadan möhkəmlənir, Silahlı Qüvvələrin hərbi və hərbi-texniki potensialı daha da artırır. Təsadüfi deyil ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır və bütün bunlar dövlət səviyyəsində ordu quruculuğu üzrə aparılan məqsədyönlü siyasətin bariz nəticəsidir. General-polkovnik Mədət Quliyev zabit və əsgərlərə Vətəni müdafiə etmək kimi şərəfli və məsuliyyətli borcun yerinə yetirilməsində uğurlar arzuladı.