Tailand fil ixracına qoyulan qadağanı ləğv edib


Dünya 10 May 2019 21:54:00 303 0

Tailand fil ixracına qoyulan qadağanı ləğv edib

Tailandın ticarət nazirinin yeni qərarına əsasən, bundan sonra fillərin ölkədən ixracı yenidən mümkün olacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, qərar bu addımın nəsli kəsilmək təhlükəsi qarşısında qalan vəhşi fauna və flora növləri ilə beynəlxalq ticarət üzrə konvensiyaya zidd olması barədə mübahisələri gücləndirə bilər.

Tailandın milli parklar, vəhşi təbiəti mühafizə və bitkilərin qorunması departamenti yeni qaydaların qaçaqmalçılar tərəfindən sui-istifadələrin qarşısını almaq üçün yetərincə sərt olacağında israr edir. Ticarət Nazirliyi nəzdində fəaliyyət göstərən xarici ticarət departamentinin nümayəndəsi Adula Çhotinisakor əhliləşdirilmiş fillərin və onlarla bağlı məhsulların ixracatını tənzimləyəcək yeni qaydaların bu il təsdiq olunacağını bildirib. Onun sözlərinə görə, fillər və onlarla bağlı məhsullar yalnız diplomatik və elmi məqsədlər, həmçinin akademik institutlar və muzeylərlə mübadilə üçün ixrac oluna bilər.

Milli parklar üzrə departamentin məlumatına əsasən, Tailand ərazisindəki yeddi meşədə təxminən 4 min vəhşi və əsasən turizm sahəsində istifadə edilən yüzlərlə əhliləşdirilmiş fil yaşayır. Son vaxtlar vəhşi fillərin sayı hər il 7 faiz çoxalır.