Arıçılara 1 milyon manata yaxın subsidiya ödəniləcək


Digərləri 10 May 2019 20:42:23 219 0

Arıçılara 1 milyon manata yaxın subsidiya ödəniləcək

Respublika Komissiyası 2018-ci ildə subsidiya ala bilməmiş arıçılara 910460 manat subsidiya ödənilməsi barədə qərar qəbul edib

Bakı. Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyanın növbəti iclası keçirilib. Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir müavini, Respublika Komissiyasının sədri İlham Quliyev bildirib ki, Nazirlər Kabinetinin “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası” nın qəbul edilməsinin 2018-ci ilin sonuna təsadüf etməsi və 2018-ci ilin əvvəlinə mövcud arı ailələrinin sayına dair statistik məlumatlardan xeyli artıq sayda aşkar edilməsi arıçıların bir qisminin 2018-ci ildə subsidiya ala bilməməsi ilə nəticələnib. Arıçıların çoxsaylı müraciətləri nəzərə alınaraq onların hüquqlarının təmin edilməsi məqsədi ilə 2018-ci ilin 21 dekabr (2018-ci il üzrə müraciətlərin qeydə alınmasının son tarixi) tarixədək müraciətləri qeydə alınmış, ancaq ilin başa çatması səbəbindən subsidiya almamış arıçıların müraciətlərinə baxılıb. Komissiyanın iclasında ictimai nəzarəti və şəffaflığı təmin etmək məqsədilə Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri Bədrəddin Həsrətov, Şahin Cəfərov, Qadir Mustafayev, Elvin Bayramov və Sabir Mustafayev də iştirak ediblər. İclasda bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan 43 Dövlət Aqrar İnkişaf Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 sentyabr tarixli 400 nömrəli qərarı ilə təsdiq edilmiş “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nın (bundan sonra – Qayda) 3 nömrəli əlavəsindəki cədvələ uyğun tərtib edilmiş icmal siyahıları və digər tələb olunan sənədlərlə birlikdə Respublika Komissiyasına təqdim edib.