BDU kollektivi ulu öndərin 96-cı ildönümü münasibətilə Cocuq Mərcanlıya səfər edib (FOTO)


Digərləri 10 May 2019 20:13:00 209 0

BDU kollektivi ulu öndərin 96-cı ildönümü münasibətilə Cocuq Mərcanlıya səfər edib (FOTO)

BDU kollektivi ulu öndərin 96-cı ildönümü münasibətilə Cocuq Mərcanlıya səfər etdi, kənd məktəbində universitetin tədris otağı açıldı

Bakı. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə BDU-nun rektoru Elçin Babayev, müəllim-tələbə heyəti və aprel döyüşlərində iştirak etmiş universitetin tələbə qaziləri 9 may 2019-cu il tarixində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər ediblər. Universitetdən Trend-ə verilən məlumata görə, BDU-nun 100 illik yubileyi çərçivəsində baş tutan səfərdə iştirakçılar əvvəlcə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin iştirakı ilə 2017-ci ildə Füzuli rayonunun Alxanlı kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində qətlə yetirilən 2 yaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Allahverdiyevanın məzarını və abidəsini ziyarət edib, ailə üzvləri ilə görüşüblər. Horadiz şəhərində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildirən BDU kollektivi, eyni zamanda, “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib, ərazi bütövlüyümüz uğrunda həlak olan şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər. Sonra Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin kollektivi ilə görüş keçirilib. Universitet nümayəndələrini Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, adıçəkilən məktəbin müəllim və şagirdləri qarşılayıblar. Şagirdlər vətənpərvərlik mövzusunda şeirlərlə çıxış ediblər. Onlar yaxşı təhsil alacaqlarına və gələcəkdə Cocuq Mərcanlıdan olan digər şagirdlər kimi Bakı Dövlət Universitetinin tələbəsi adını qazanacaqlarına söz veriblər. Məktəbin direktoru Zamin Həziyev isə bildirib ki, 2016-cı ilin aprel döyüşlərindən sonra kənd tamamilə yenidən qurulub, məktəb, bağça, məscid, klub binası tikilib, park salınıb. Hazırda məktəbdə 85 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 22 müəllim heyəti çalışır.