Akif Əlizadə: Heydər Əliyevin sayəsində Akademiya məhv olmaqdan qurtula bildi


Digərləri 10 May 2019 19:29:00 404 0

Akif Əlizadə: Heydər Əliyevin sayəsində Akademiya məhv olmaqdan qurtula bildi

Müstəqillik illərində Azərbaycan Milli Elmlər Akademiyası da ümummilli liderin növbəti hakimiyyətə gəlişi ilə tamamilə yeni bir inkişaf mərhələsinə qədəm qoydu.

Bakı. İlhamə İsabalayeva – Müstəqillik illərində Azərbaycan Milli Elmlər Akademiyası da ümummilli liderin növbəti hakimiyyətə gəlişi ilə tamamilə yeni bir inkişaf mərhələsinə qədəm qoydu. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib. Onun sözlərinə görə, ötən əsrin 90-cı illərinin əvvəllərində bəziləri Azərbaycanın intellektual beyin mərkəzi, müqəddəs elm məbədi Akademiyanı bağlamaq istəyirdi: "Məhz ümummilli lider Heydər Əliyevin sayəsində Akademiya, eyni zamanda milli intellektual potensial məhv olmaqdan qurtula bildi. Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra uzaq düşən, xaricə üz tutan alimlərimiz tədricən geri qayıtmağa başladılar. Elmlər Akademiyasının fəaliyyətində canlanma, yeni istiqamətlər müəyyənləşdi". A.Əlizadə qeyd edib ki, Heydər Əliyev sovet idarəçilik məktəbi sistemində yetişmiş olsa da, onun siyasi təfəkkürü öz genezisini tipoloji olaraq məhz cümhuriyyətçilikdən və azərbaycançılıqdan götürüb: "Sonrakı illərdə SSRİ-nin tərkibində, olduqca mürəkkəb bir sosial-siyasi şəraitdə milli dövlətçilik ənənələri Heydər Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Ona görə də onun bir siyasi xadim və şəxsiyyət kimi dəyərləndirilməsində XX əsr boyu azərbaycançılıq konteksti, hökmən, əsas götürülməlidir".