Bakı şəhər prokuroru: "Paytaxtın prokurorluq orqanları qanunçuluğun təmin olunması vəzifələrini layiqincə yerinə yetirir"


Digərləri 10 May 2019 18:09:18 269 0

Bakı şəhər prokuroru: "Paytaxtın prokurorluq orqanları qanunçuluğun təmin olunması vəzifələrini layiqincə yerinə yetirir"

Heydər Əliyevin başladığı dövlət quruculuğu prosesinin ən zəruri məqamlarından biri ölkənin hüquq sisteminin dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməsindən, bu sahədə beynəlxalq standartlara uyğun islahatların həyata keçirilməsindən ibarətdir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Bakı şəhər prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri İlqar Abbasov məqaləsində bildirib.

Onun sözlərinə görə, 1995-ci ildə ümumilli lider Heydər Əliyevin müəllifliyi ilə müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbulu Azərbaycanda ardıcıl və sürətli hüquqi islahatların başlanması baxımından böyük tarixi hadisə olub: "Çünki məhz Konstitusiya dövlətin hüquqi əsaslarını müəyyənləşdirən, onun ümumi inkişafının konturlarını özündə ehtiva edən sənəddir. Bu baxımdan Heydər Əliyevin müəllifi olduğu Konstitusiya Azərbaycanın hüquqi və siyasi, eyni zamanda, iqtisadi baxımdan inkişafının sürətləndirilməsində xüsusi rol oynadı. Təbii ki, Konstitusiyanın qəbulu sonrakı mərhələdə müxtəlif istiqamətlərdə sürətli hüquqi islahatların həyata keçirilməsini və mütərəqqi bəşəri cəhətləri, demokratik və şəffaf dəyərləri özündə cəm edən müasir hüquq sisteminin yaradılmasını təmin etməli idi. Qısa müddətdə bu yöndə qarşıya qoyulmuş vəzifələr dövrün nəbzini tutmaqla yerinə yetirildi. Zamanla səsləşən islahatlar dövlətin hüquq sisteminin əsas sütunlarından olan prokurorluq orqanlarını da əhatə etdi. Bu istiqamətdə görülən işlər prokurorluğun öz fəaliyyətində qərəzsizlik və obyektivlik prinsiplərinə daim sadiq olan, siyasi baxımdan bitərəfliliyi rəhbər tutan, demokratik dəyərlərə və insan hüquqlarının təmin olunmasına xidmət edən bir orqan kimi sürətli inkişafına yol açdı. Ümummilli lider Heydər Əliyev prokurorluğun ölkənin hüquq sistemindəki rolunu daim yüksək qiymətləndirib. Elə bunun nəticəsidir ki, 2002-ci ildə Konstitusiyaya edilmiş düzəlişlərdən sonra 96-cı maddəyə əsasən prokurorluğa qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ verilib. Bu baxımdan hazırda qanun layihələrini Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ həm də prokurorluğa aiddir".

İ.Abbasov qeyd edib ki, Azərbaycanda hüquq sistemində islahatlar davamlıdır, çünki müasir dünyamız sürətli qloballaşır, cəmiyyətimiz sürətlə inkişaf edir, ayrı-ayrı sahələrdə yeni münasibətlər meydana çıxır: "Eyni zamanda, müasir kommunikasiya texnologiyaları sürətlə inkişaf edir. Təbii ki, cinayətkarlığın da yeni formaları təzahür edir. Bütün bunlar hüquq sistemində islahatların davamlı və sistemli şəkildə həyata keçirilməsini qaçılmaz edir. Bu baxımdan nəzər salsaq görərik ki, ulu öndərin layiqli siyasi davamçısı Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 16 il mütəmadi hüquqi islahatların aparılması ilə də əlamətdardır".

Prokuror Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 3 aprel 2019-cu il tarixli Fərmanını da şərh edib: "Bu Fərman təsdiq etdi ki, hüquq sistemindəki islahatlar davamlıdır. Fərmanda qeyd olunduğu kimi, ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir. Fərmanda prokurorluq orqanlarının da fəaliyyət dairəsinə daxil olan məsələlərlə bağlı tövsiyələr verilib. Belə ki, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Ali Məhkəməyə tövsiyə edilir, habelə Ədliyyə Nazirliyinə tapşırılır ki, müvafiq qanun layihələrini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər. Həmçinin Baş Prokurorluğa tövsiyə edilir ki, məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsini mütəmadi təhlil etsin və bu fəaliyyətin keyfiyyətinin artırılması üçün tədbirlər görsün".