Millət vəkili: Heydər Əliyev Fondu milyonların ümid yeridir


Digərləri 10 May 2019 14:22:00 262 0

Millət vəkili: Heydər Əliyev Fondu milyonların ümid yeridir

Fondun yaradıcısı və prezidenti Mehriban Əliyeva ilk dövrdən təhsilə yardımı vacib hesab edərək ictimaiyyətin diqqətini müasir dünyada hər bir ölkənin inkişafının əsasında dayanan təhsilə yönəltdi

Bakı. 15 il bundan qabaq Azərbaycanda böyük ənənələri və tarixi olan xeyriyyəçilik məktəbinin yenidən dirçəlməsi və yaşadılması istiqamətində fəaliyyət göstərən, ömrünü dövlətimizin inkişafı və xalqın rifahının yüksəldilməsinə həsr edən dahi bir şəxsiyyətin, Heydər Əliyevin adını daşıyan fond təsis olundu. Yaradıldığı gündən saysız-hesabsız uğurlara nail olmuş, təhsil, səhiyyə və digər sahələrdə ciddi islahatların aparılmasına töhfəsini vermiş Heydər Əliyev Fondu Azərbaycanın dünyada təbliği və zəngin dəyərlərimizin tanıdılması istiqamətində böyük işlər görmüşdür. Bu fikirləri Trend-ə açıqlamasında millət vəkili Xanlar Fətiyev söyləyib. Onun sözlərinə görə, fondun təsis olunmasında əsas məqsəd yalnız xeyriyyəçilik olmayıb: "Fondun ən vacib missiyalardan biri də adı Azərbaycan tarixinə müstəqil dövlət qurucusu kimi qızıl hərflərlə yazılmış ümummilli lider Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək, onun zəngin dünyagörünüşünü, uzaqgörən siyasətini, ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, azərbaycançılıq ideyalarını yeni nəsillərə aşılamaq, ulu öndərin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşdırılması naminə müəyyən etdiyi ideyaların reallaşmasına dəstək verməklə onun ideyalarını yaşatmaqdan ibarət idi". Millət vəkilinin sözlərinə görə, Fondun yaradıcısı və prezidenti Mehriban Əliyeva ilk dövrdən təhsilə yardımı vacib hesab edərək ictimaiyyətin diqqətini müasir dünyada hər bir ölkənin inkişafının əsasında dayanan təhsilə yönəltdi: “Heydər Əliyev Fondunun köməkliyi ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində ölkəmizin bütün şəhər və rayonlarında, hətta ucqar kəndlərdə belə yeni məktəb binaları, uşaq bağçaları inşa olunub, müasir avadanlıqlarla və texniki invertarlarla təmin olunub. Təsadüfi deyil ki, Fond ölkədə yalnız təhsilin inkişaf etdirilməsi ilə deyil, həm də səhiyyənin yenilənməsi və müasirləşməsi istiqamətində öz töhfəsini verib, bu istiqamətdə dövlət siyasətinə güclü dəstək olub”. X.Fətiyev qeyd edib ki, paytaxtda və bölgələrdə tikilən çoxsaylı səhiyyə ocaqları, onların lazımi avadanlıqlarla və yumşaq invertarlarla təminatı ilə yanaşı, Heydər Əliyev Fondu cəmiyyəti narahat edən bir çox problemlərin həllinə yardım göstərib və bu gün də vacib və önəmli missiyasını davam etməkdədir.