Ölkədə epizootik vəziyyət barədə - Peyvəndləmə davam edir (FOTO)


Digərləri 10 May 2019 12:26:00 223 0

Ölkədə epizootik vəziyyət barədə - Peyvəndləmə davam edir (FOTO)

Saatlıda profilaktiki peyvəndlənmə, diaqnostiki müayinə, dezinfeksiya, dezinseksiya və müalicə tədbirləri davam etdirilir

Bakı. Saatlı rayonu ərazisində “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planına” uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktiki peyvəndlənmə, diaqnostiki müayinə, dezinfeksiya, dezinseksiya və müalicə tədbirləri davam etdirilir. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən (DBX) Trend-ə verilən məlumata görə, qeyd olunan tədbirlər DBX-nın Saatlı Rayon Baytarlıq İdarəsinin 12 sahə baytarlıq məntəqəsi tərəfindən aparılır. İdarənin baytarlıq mütəxəssisləri rayonun 1 şəhər və 35 kəndində saxlanılan 67 555 baş iribuynuzlu, 117 372 baş xırdabuynuzlu, 1 828 baş təkdırnaqlı heyvana və 368 568 baş ev quşuna baytarlıq xidməti göstərirlər. Cari ilin müvafiq dövrü ərzində Saatlı rayonu ərazisində 67 271 baş iribuynuzlu və 1 885 baş təkdırnaqlı heyvanda qarayara, 2 949 baş sahibli itdə quduzluq, 43 222 baş xırdabuynuzlu heyvanda çiçək, 2 206 baş iribuynuzlu heyvanda bruselyoz xəstəliklərinə qarşı peyvəndləmə işləri aparılıb. Eləcə də bu dövr ərzində 174 942 (“H” ştammı ilə) baş quşda və 692 166 baş cücədə (“La-Sota” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib. Fevral ayından Saatlıda saxlanılan heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 67 774 baş iribuynuzlu və 97 309 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı peyvəndləmə həyata keçirilib. Mart ayının ilk günlərindən isə Saatlı Rayon Baytarlıq İdarəsi tərəfindən iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 28 056 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Həmçinin ilin əvvəlindən indiyə kimi baytarlıq xidməti tərəfindən rayonda 5 min kvadratmetr sahədə məcburi, 6 500 kvadratmetr sahədə isə profilaktik dezinfeksiya işləri görülüb. Ümumiyyətlə, rayon ərazisində olan təsərrüfatlarda heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir. Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini vaxtında aşkar etmək məqsədilə 2 139 baş iribuynuzlu heyvandan qan alınaraq seroloji müayinə edilib. Eyni zamanda vərəmə qarşı 2 048 baş iribuynuzlu heyvanda, manqoya qarşı 1 076 baş atda diaqnostik müayinə aparılıb və xəstə heyvan aşkar edilməyib.