İranın nüvə proqramının məhdudlaşdırılması haqqında sazişlə bağlı qərarı birmənalı qarşılanmayıb


Dünya 10 May 2019 07:07:00 242 0

İranın nüvə proqramının məhdudlaşdırılması haqqında sazişlə bağlı qərarı birmənalı qarşılanmayıb

İranın "altılıq" dövlətləri ilə nüvə proqramının məhdudlaşdırılması haqqında imzaladığı sazişin bəzi bəndlərinə əməl etməyəcəyi barədə verdiyi qərar birmənalı qarşılanmayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Böyük Britaniya, Fransa və Almaniya İranın addımına etiraz ediblər.

Qeyd edək ki, 2015-ci ildə İran ilə ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, Çin və Rusiya arasında uzun müddət aparılan danışıqdan sonra razılıq əldə edildi və saziş imzalandı. İranın nüvə proqramının məhdudlaşdırılması haqqında sazişin imzalanmasından sonra hərtərəfli birgə fəaliyyət planı tutuldu. Plana əsasən İran tədricən nüvə proqramını məhdudlaşdırmalı, bunun müqabilində isə ona qarşı tətbiq edilən iqtisadi sanksiyalar aradan qaldırılmalı idi. İran sazişə uyğun olaraq nüvə proqramını məhdudlaşdırmağa başladı və uranın zənginləşdirməsini dayandırdı. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin mütəxəssisləri İranın nüvə obyektlərində monitorinq apararaq rəsmi Tehranın nüvə proqramını dayandırmasını təsdiq etdi.

Buna baxmayaraq, ABŞ-ın yeni Prezidenti Donald Tramp sazişin rəsmi Vaşinqton tərəfindən imzalanmasına, BMT tərəfindən tanınmasına və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəylərinə məhəl qoymayaraq, sazişi tanımadığını bəyan etdi. D.Tramp bildirdi ki, bu saziş ABŞ-ın milli maraqlarına cavab vermir. Sazişi imzalayan Avropa dövlətləri, Çin və Rusiyanın cəhdlərinə baxmayaraq, ABŞ sazişin imzalanmasından ötən 3 il ərzində İrana qarşı sanksiyaları nəinki aradan qaldırılmadı, əksinə, daha da gücləndirdi.

Sanksiyaların artdığını və Avropa dövlətlərinin sanksiyaların qarşısını almaqda aciz olduğunu görən İran mayın 8-də sazişin bəzi maddələrinə əməl etməyəcəyini bəyan etdi və bu barədə iştirakçı dövlətlərin Tehrandakı səfirlərinə məlumat verdi. Mayın 9-da isə Böyük Britaniya, Almaniya və Fransa İranın bu addımına etiraz bildirdilər.