Avstriyada əhalinin mülkiyyətində olan odlu silahların sayı artıb


Dünya 10 May 2019 06:30:00 255 0

Avstriyada əhalinin mülkiyyətində olan odlu silahların sayı artıb

Avstriyada vətəndaşların mülkiyyətində olan odlu silahların sayı yenidən artıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 2018-ci ilin sonunda kiçik Alp ölkəsində mülki əhalidə 1 milyon 56 min 203 ədəd odlu silah olub. Bu, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz çoxdur.

Daxili İşlər Nazirliyinin parlamentin sorğusuna əsasən verdiyi məlumata görə, ölkədə ən çox silah sahibi Aşağı Avstriya əyalətində yaşayır. Burada 80 mindən artıq şəxsdə müxtəlif növ odlu silah mövcuddur. Məlumatda, həmçinin qeyd edilir ki, A kateqoriyalı (yarım və ya tam avtomat döyüş silahları) silahların sayında azalma müşahidə edildiyi halda, B kateqoriyalı (tapança və revolver) silahların sayı artıb.

Dünyanın müxtəlif ölkələrində mülki əhalinin odlu silahlar alması və saxlamasına dair qanunvericiliyin tədricən sərtləşdirildiyi bir dövrdə Avstriyada odlu silahlara marağın artması da parlament üzvlərini narahat edib. Əhalidəki odlu silah arsenalının artması gələcəkdə təhlükə potensialını da artıra bilər. Sorğuda nəzarət mexanizmlərinin sərtləşdirilməsi barədə sual da əksini tapıb. Sorğuya cavab olaraq nazirlikdən bildirilib ki, hazırda odlu silahlarla bağlı qanunvericiliyə dəyişiklik edilməsi üçün heç bir ciddi əsas yoxdur.