"Türk lirəsi üçün nikbin olmaq çətindir. Dollar 7 lirəyə qalxarsa..."


Digərləri 09 May 2019 20:25:00 265 0

"Türk lirəsi üçün nikbin olmaq çətindir. Dollar 7 lirəyə qalxarsa..."

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri şirkəti "Rabobank"ın strateqi Piotr Matys "Bloomberg"ə verdiyi açıqlamada Türk lirəsi (TL) üçün bu mərhələdə nikbin olmadığını deyib. O,  İstanbulda təkrar seçki keçirilməsinin investorlar üçün qeyri-müəyyənlik mənbəyi olduğunu, bunun da TL-nin zəifləməsinə təkan verdiyini bildirib.

Son.az marja.az-a istinadən bildirir ki, Matys, "Son 4 həftədə TL 8% ucuzlaşıb və TL ən pis performans göstərən inkişaf edən ölkə valyutası olub. Bu da, "inflyasiya hələ uzun müddət yüksək qalmağa davam edə bilər" deməkdir. Bu halda da Mərkəzi Bankın faiz endirəcəyi ehtimalı azalır",- deyib.

Matys Dollar/TL məzənnəsi sürətli bir şəkildə 6.50-yə və ya 7 səviyyələrinə qalxarsa Mərkəzi Bankın buna reaksiya vermək məcburiyyətində qalacağını bildirib. Matys Türkiyə aktivlərinə qavrayışın mənfi olduğunu bildirərək "Birjada 88 min səviyyəsini izləyəcəyik. Əgər ABŞ ilə münasibətlər baxımından konstruktiv ritorikalar eşitsək Türkiyə aktivlərində yaxşılaşma ola bilər. Amma hazırda TL üçün nikbin olmaq çətindir" deyib.

Matys qeyd edib ki, struktur islahatlara diqqət yetirilməsi lazım olduğu halda, yenidən seçkiyə fokuslanmaq TL aktivlərinə mənfi təsir edir. İqtisadiyyatda konkret addımlar görmədiyini bildirən Matys, "investorlar iqtisadi siyasətlərdə daha çox şey görmək istəyir. Mərkəzi Bank pul siyasəti mətnindən "lazım gələrsə əlavə tədbirlər görülə bilər"  ifadəsini çıxararaq təəccübləndirdi. Bu da məncə siyasət səhvi oldu. Bir-birinin ardınca baş verən proseslər investorları narahat edir" deyib.