Ramazanda da günahlarlarımdan bağışlanmasam, axı nә vaxt bağışlanacağam?!


Digərləri 09 May 2019 19:10:00 400 0

Ramazanda da günahlarlarımdan bağışlanmasam, axı nә vaxt bağışlanacağam?!

Milli.Az islam

Rəhmət, bağışlanma, xeyir, bərəkət, təbəssüm, eyni zamanda günahları xatırlayaraq kədərlənmə, tövbə, bütün duaların qəbul olunduğu, birlik, mehribanlıq, Cənnəti qazanma, Cəhənnəmdən qurtulma və daha neçə-neçə möhtəşəm gözəllikləri əhatə edən - təxmini 29-30 gün var imiş həyatımızda.. Cəmi 7 hərf: RAMAZAN..

Bizdәn öncә yaşamış xeyirli insanlar, "Allahım bizi Ramazana çatdır" deyә aylarla yalvararaq dua edәrdilәr. Çünki, "Ramazanda da günahlarlarımdan bağışlanmasam, axı nә vaxt bağışlanacağam?!.. Ramazanda da bol-bol savab qazanmağı bacarmasam, axı nә vaxt qazana bilәcәm?!.." şüurunu çox gözәl şәkildә mәnimsәmişdilәr. Bəs biz? Dərk edirikmi bu ayı? Gözümüzü yumub-açırıq və artıq bu ayın içərisinə daxil oluruq.. Qafillik.. Allaha çox şükürlər olsun ki, bu ayda bizi yaşadır və bizi saleh əməllərə yönəldir.

Bu ayda Quran yer üzünə nazil olmuşdur. Bundan daha əzəmətli nə ola bilər? Uca Allah Qurani-Kərimdə buyurur:

"İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir..."(Bəqərə, 185)

Uca Allah, Ramazan ayına, digər aylardan fərqli xüsusiyyətlər və üstünlüklər vermişdir:

1. Oruc tutanın ağzının qoxusu, Allah dәrgahında müşk ətrindən daha xoşdur. 2. Mələklər oruc tutanlar üçün iftar vaxtına qədər Allahdan bağışlanma istəyərlər. 3. Allah təala hər gün Cənnətini bəzəyər və belə buyurar: "Saleh qullarımın üzərlərindəki sıxıntı və əziyyət verən şeyləri ataraq sənə gəlmələrinə çox uzun bir vaxt qalmadı". 4. Bu ay azğın şeytanlar zәncirlәnir, Cənnətin qapıları açılır, Cəhənnəmin qapıları bağlanır. 5. Bu ayda, min aydan daha xeyirli olan Qədr gecəsi vardır. Bu gecənin xeyirindən məhrum qalan kimsə xeyrin hamısından məhrum qalar. 6. Ramazanın sonunda bütün oruc tutanların günahları bağışlanar. Bu ayda Allahın Cəhənnəm əzabından azad etdiyi şəxslər vardır. Bu Ramazanın bütün gecələrində baş verir.

Belə xüsusi fəzilətlərə sahib olan bu ayı necə qarşılamalıyıq? Saleh bir kimsə bu ayı; səmimi bir tövbə, bütöv bir qərarlılıq, bütün vaxtını saleh əməllər işlədərək keçirməli və bu yolda Allahdan yardım istəməlidir. "Ramazan ayını ən gözəl şәkildә dəyərləndirmək üçün nə kimi saleh əməllər etmәliyik?" sualının cavabını axtarmağa varsınızmı?..

Ramazanda yerinə yetirilməsi gərəkli olan saleh əməllər aşağıdakılardır:

✔️ Oruc tutmaq:

Rəbbimiz buyurmuşdur:

"Ey iman gətirənlər! Siz-dən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz". (Bəqərə, 183)

Uca Allah "Orucun mükafatını mən verəcəm, o öz arzularını, yeyib-içməsini mənim üçün tərk edir" buyurmuşdur. Peyğәmbәrimiz bu mübarәk ay haqqında belə demişdir:

"Kim Ramazanı fərz olduğuna inanaraq və mükafatını Allahdan istəyərək oruc tutaraq keçirərsə keçmiş günahları bağışlanar" (Buxari, Müslim).

"Kim yalan söz danışmağı və yalanla əməl etməyi tərk etməzsə, onun yeyib-içməsini tərk etməsinə Allahın heç bir ehtiyacı yoxdur" (Buxari).

"Oruc bir qalxandır. Sizdən biriniz oruclu olduğu gün çirkin söz danışmasın, pis iş görməsin, cahillik etməsin. Әgər kimsə ona söyәrsə "mən orucluyam" desin" (Buxari, Müslim).

Buna görə də oruc tutan hər bir kəsin; qulağı, gözü və bütün bədən üzvləri oruc tutmalıdır. Yәni, oruc tutmaq - tәkcә mәdәnin qidasız qalması demәk deyildir. İnsanın oruc tutduğu gün ilə, oruc tutmadığı gün arasında daha müsbət dəyişikliklər olmalıdır!

✔️ Namaz qılmaq.

"Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər. - Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər" (Furqan, 63-64).

Peyğәmbәrimiz buyurmuşdur: "Kim Ramazanı (vacib olduğuna inanaraq) mükafatını da Allahdan istəyərək namazla keçirərsə keçmiş günahları bağışlanar" (Buxari, Müslim).

Gecə vaxtları namaz qılmaq - Allahın Rəsulu (Ona və ailəsinə salam olsun) və səhabələrinin üzərində möhkəm şəkildə dayandığı bir sünnə (yol) idi. Aişə (Allah ondan razı olsun) deyәrdi:

"Gecə namaz qılmağı tərk etmə. Çünki Allahın rəsulu (Ona və ailəsinə salam olsun) onu tərk etməz, xəstələnər və ya yorğun olardısa oturaraq namazını qılardı". Ömər bin Xəttab (Allah ondan razı olsun) da gecələr istədiyi qədər namaz qılar, gecə yarısı olduqda ailə üzvlərini də namaza qaldırardı. Onlara, "Namaza, namaza" deyər və "Әhlinə (əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et (yaxud məişət çətinliklərinə döz). Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir (müttəqilərindir)!" (Taha surəsi, 132) ayəsini oxuyardı.

Әlqamə b. Qeys belə demişdir: "Bir gecə Abdullah b. Məsud'un (Allah ondan razı olsun) yanında qaldım. Gecənin ilk vaxtlarında qalxıb namaz qıldı. Sanki məhəllə məscidində namaz qılan bir imam kimi ağır-ağır, ayələri bircə-bircə oxuyurdu. Buna baxmayaraq ətrafında olanlar onun qiraətini eşitmir, hətta öz səsini özü də eşitməyəcək dәrәcәdә olardı. Nəhayət, səhərə yaxın, dan yeri ağaranda, axşam azanından axşam namazının qurtarmasına qədər bir vaxt qədər (yәni, az bir vaxt) qaldıqda vitri qılardı.."

Ramazan ayında, təravih namazlarının xüsusi bir yeri vardır. Bu namaz, Ramazan ayının, xüsusi özəlliklərin və bol-bol savab vəd edən ibadətlərdən hesab olunur.

✔️ Allah yolunda xərcləmək.

Allahın elçisi (Ona və ailəsinə salam olsun) insanların ən cömərdi idi. Ramazan ayında, digər günlərə nisbətən daha çox mülayim olardı. O, bizə də bunu nəsihət edərdi: "Sədəqənin ən fəzilətlisi Ramazanda verilən sәdәqәdir" (Tirmizi). Ömər b. Xattab demişdir: "Allahın rəsulu (Ona və ailəsinə salam olsun) bizə sədəqə verməyi əmr etdi. Bu vaxt mənim də yanımda bir az malım var idi. Öz-özümə: "Әgər, Әbu Bəkr'i keçmək mümkündürsə ancaq bu gün onu keçəcəm" dedim və malımın yarısını gətirdim. Allahın rəsulu (Ona və ailəsinə salam olsun) mənə dedi: "Öz ailən üçün geridə nə qoydun?" Mən də "sənə gətirdiyim qədər" dedim. Әbu Bəkr isə yanında olanların hamısını gətirdi. Allahın rəsulu (Ona və ailəsinə salam olsun) ona: "Ailənə nəyi saxladın?" deyə soruşduqda: "Onlara Allah və Rəsulunu saxladım" dedi (yəni, bütün mal-mülkünü sədəqə verdi). O hadisәdәn sonra artıq belә dedim: "Heç vaxt səni keçә bilmәyәcәm".

Göründüyü kimi Ramazan ayında sədəqənin xüsusi bir üstünlüyü, özəlliyi vardır. Ona görə də bu barədə əlimizi açıq tutmalıyıq, vəziyyətimizə görə sədəqə verməyə, xərcləməyə cəhd etməliyik. Sədəqənin bir çox növləri vardır. Bunlardan bəziləri aşağıdakılardır: