Bəzi markalar öz liderləri ilə birlikdə “ölür”


Digərləri 09 May 2019 19:05:00 243 0

Bəzi markalar öz liderləri ilə birlikdə “ölür”

Təsisçisi olduğum "INPRESS PR Solutions"un internet səhifəsinin ön sözündə yazıldığı kimi "dünya dəyişir".

Dünya dəyişdikcə dəyişənlər də var, birbaşa dünyanı dəyişdirənlər də, ya da hər ikisi eyni anda baş verir.

Son.az marja.az-a istinadən bildirir ki, əlbəttə, heç dəyişməyənlər də var, amma onlar mövzumuz deyil, yəqin ki, bir müddət sonra heç kimin mövzusu olmayacaqlar. Həm dəyişən, həm də dəyişdirən proseslərdənbiri PR-dır. Burada PR-ı proses adlandırdım. Bəlkə də, artıq hər şeyi proses adlandırmağın vaxtı gəlib. Bir şey özü proses olmadan necə deyişə bilər ki? PR prosesinin indiki sabit olmayan və dəyişməyə davam edən vəziyyətini çoxları Modern PR adlandırır. Başqa adlar da vermək olar, amma adından daha da vacib olan onun necə idarə edilməsidir. Bir prosesi idarə etmək vasitələr ("tools") tələb edir. Burada ənənəvi PR-ın ənənəvi vasitələrinə toxunmadan modern PR-ın 3 vasitəsi haqqında fikirlərimi sizinlə bölüşəcəyəm.

1. Kontent marketinq: yəqin ki, çoxunuz artıq bu anlayışın nə olduğunu bilirsiniz. Ənənəvi PR markanı müştərinin büdcəsi hesabına (bu xərclərə əlavə edilir və xərclər də qiymət şəklində müştəri tərəfindən ödənilir) təşviq etmək və yaymaq strategiyası üzərində qurulmuşdusa, modern PR kontent marketinq vasitəsilə öz auditoriyasına onlar üçün faydalı və maraqlı olan müxtəlif növ məzmunlar və dəyərlər təklif edir. Əlbəttə, yenə də xərcləri müştəri ödəyir, yenə də marka təşviq edilir, amma bu dəfə müştəri ödədiyi məbləğ qarşısında əlavə fayda əldə edir. Bu yazıda da bunu etmirəmmi?..

Trendlərdən danışsaq, kontent marketinqə olan diqqət və onun istifadəsi getdikcə artmaqdadır və görünür, o həm PR, həm də marketinq fəaliyyətindəki yerini getdikcə möhkəmləndirəcək.

2. Davamlılıq ("sustainability"): bəlkə də, ölkəmizdə bu məsələ hələ ciddi şəkildə tətbiq edilmir, amma bu da bir prosesdir və zaman keçdikcə öz aktuallığını artırır. İnkişaf etmiş ölkələrdə isə davamlılıq prinsiplərinin tətbiqi artıq bir zəruriyyətə çevrilib. Davamlılıq deyəndə sosial dəyərlərə və ətraf mühitə qarşı məsuliyyətli olmaq, onları qorumaq, təbliğ etmək, cəmiyyətin və təbiətin yaxşılaşmasına töhvə vermək və ümumilikdə, cəmiyyətdəki və təbiətdəki balansın davamlılığını təmin edərək onları arzu edilən şəkildə gələcək nəsillərə çatdırmaq nəzərdə tutulur. Çətin görünməsin, bəlkə də, edə biləcəyimiz ən faydalı iş budur.

Bu mövzuda PR nə edə bilər? Kontent yaratmaqla yanaşı, PR-ın əsas funksiyalarından biri də müxtəlif mövzulu aksiyalar təşkil etməkdir. Modern PR kontent yaradarkən və aksiyalar həyata keçirərkən davamlılıq prinsiplərinə riayət edir və onu təbliğ edir. Bu marka üçün məsuliyyətli olmaq imici yaratdığı kimi cəmiyyətin, xüsusilə də şirkətləri bu mövzuda maariflənməsinə və oxşaraddımlar atmasına şərait yaradır. Yəni, kontent marketinqdə olduğu kimi modern PR bu vasitə ilə həm marka üçün, həm də auditoriyası üçün fayda yaratmış olur.