Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Astarada xeyriyyə aksiyası keçirir (FOTO)


Digərləri 09 May 2019 04:13:00 211 0

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Astarada xeyriyyə aksiyası keçirir (FOTO)

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş xeyriyyə aksiyasına start verilib.

Bakı. Mayın 7-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş xeyriyyə aksiyasına start verilib. Trend-in məlumatına görə, iki gün Astara rayonunun Kijəbə qəsəbəsində davam edəcək humanitar aksiya zamanı Mərkəzi Gömrük Hospitalının peşəkar həkimləri “Ürək-damar xəstəliklərinə qarşı mübarizə” layihəsi çərçivəsində yerli əhaliyə pulsuz xidmət göstərəcək. Bu məqsədlə regiona Mobil Səyyar Hospital ezam olunub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya” çərçivəsində keçirilən bu layihə çox böyük əhəmiyyət kəsb edir. Bu gün vaxtında üzə çıxarılmış ürək-damar xəstəliyi və onun aradan qaldırılması yüzlərlə insana sağlamlıq bəxş etmək deməkdir. Tədbir zamanı Mərkəzi Gömrük Hospitalının ürək cərrahı, tibb elmləri doktoru, Milli Məclisin deputatı Rəşad Mahmudovun rəhbərliyi ilə 16 nəfərdən ibarət təcrübəli həkim briqadası tərəfindən tibbi yardıma ehtiyacı olan, azyaşlı uşaqlar daxil olmaqla, rayon sakinləri müayinə olunacaq. Həkim briqadasında anadangəlmə ürək qüsurları üzrə yüksək ixtisaslı ekspertlər də var. EXO, USM, EKQ və Doppler vasitəsilə müayinə zamanı səhhətində problem aşkarlanan vətəndaşlara yerində peşəkar tibbi məsləhətlər veriləcək. Aksiya zamanı, həmçinin əhali artıq xolesterin, təzyiq, şəkər kimi problemlərlə bağlı maarifləndiriləcək, gələcək fəsadların əmələ gəlməməsi üçün onlar doğru müalicə barədə məlumatlandırılacaq.