NASA 265 min qalaktikanın fotoşəkillərini yayıb


Digərləri 08 May 2019 22:55:00 211 0

NASA 265 min qalaktikanın fotoşəkillərini yayıb

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) 265 min qalaktikanın fotoşəkillərini yayıb. Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fotoşəkillər Hubble kosmik teleskopunun 16 il müddətində apardığı müşahidələrin nəticəsində çəkilib.

NASA-nın yaydığı fotoşəkillərdə kiçik və nəhəng qalaktikalar, habelə planetlərin müxtəlif dövrlərdə hərəkəti əks olunub. Hubble teleskopunun çəkdiyi 7 500 kadrdan ibarət kolleksiya kainatın indiyədək qeydə alınmış ən müfəssəl təsvirlərindən ibarətdir. Kompozisiyalı şəkillərdə işıqları teleskopun obyektinə daxil olanadək müddətdə milyardlarla işıq ili yol qət etmiş 265 min qalaktikanın olduğu bildirilir.

Layihənin müəllifi olan Kaliforniya Universitetinin astronomu Qert İllinqvort bildirib ki, bütün bu fotoşəkillər kainatda qalaktikaların tarixini, təzəcə yarandıqları dövrdən mükəmməl forma alanadək keçdikləri yolu müəyyən etməyə imkan verir. Bu şəkillərdə iki və ya daha çox qalaktikanın toqquşması nəticəsində meydana gəlmiş "qalaktika xarabalıqları" da əks olunub.

NASA-nın Avropa Kosmik Agentliyi və Kosmik Teleskop Elmi-Tədqiqat İnstitutu ilə 1990-cı ildən bəri apardığı müşahidələr davam edir.