Qayınanasını öldürdü, arvadını yaraladı


Kriminal 08 May 2019 20:54:00 222 0

Qayınanasını öldürdü, arvadını yaraladı

Bakıda qayınanasını öldürməkdə, arvadına ağır xəsarət yetirməkdə təqsirləndirilən Cəsarət İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Cəsarət İsgəndərov 20 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Nərimanov rayonunun Əliyar Əliyev küçəsində qeydə alınıb.

Bakı şəhər sakini Cəsarət İsgəndərov qayınanası Fəhminə İsgəndərovanı ürəyindən bıçaqlayaraq öldürüb. Daha sonra həyat yoldaşı Leyla İsgəndərovaya çoxsaylı bıçaq xəsarətləri yetirib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, həyatını xilas etmək mümkün olub. Hadisə ailə münaqişəsi zəminində törədilib.

Avqustun 29-da axşam saatlarında Cəsarət arvadı ilə barışmağa gəlib. Amma Leyla barışmaqdan imtina edib.

Bu səbəbdən onların arasında mübahisə yaranıb.

Mübahisəni eşidən Fəhminə qızını öz yaşadığı evə çağırıb. Həyat yoldaşının ata evinə getdiyini eşidən Cəsarət İsgəndərov əsəbləşib, o da həmin evə yollanıb.

Orada mübahisə edən Cəsarət İsgəndərov sonda ağır cinayəti törədib.

Cəsarət İsgəndərov hadisə yerindən qaçsa da, polisin keçirdiyi əməliyyat nəticəsində yaxalanması mümkün olub. İstintaqa ifadəsində hadisəni sərxoş vəziyyətdə törətdiyini və əməlindən peşman olduğunu söyləyib.

Cəsarət İsgəndərovun Leyla ilə birgə nikahından 3 aylıq qızı var.