Müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir


Digərləri 08 May 2019 18:57:37 189 0

Müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir

YAP İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzovun işıq üzü görən “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”, “Qurtuluşdan başlayan tərəqqi” və “Xalqla iqtidarın birliyi” adlı kitabları Heydər Əliyev irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir

Bakı. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri əvəzsizdir. Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Başqa sözlə, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ən əsası, bu gün müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ulu öndərin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə və çağırışlarına müvafiq olaraq uğurla davam etdirilir, Azərbaycan yeni zirvələr fəth edərək möhtəşəm və parlaq nailiyyətlər qazanır. Heç şübhəsiz ki, Heydər Əliyev irsi gələcək nəsillər üçün də zəngin xəzinədir və onun öyrənilməsi müstəsna əhəmiyyətə malikdir. Bu günə qədər ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən bəhs edən çoxsaylı fundamental tədqiqat əsərləri, qiymətli kitablar, dəyərli monoqrafiyalar yazılıb və bütün bunlar böyük dövlət xadiminin, dahi siyasətçinin zəngin siyasi irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından xüsusi önəm kəsb edir. Yeri gəlmişkən, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzovun “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”, “Qurtuluşdan başlayan tərəqqi” və “Xalqla iqtidarın birliyi” adlı kitabları işıq üzü görüb. Hər 3 kitab Heydər Əliyev irsinin öyrənilməsinə, Ümummilli Liderin ideyaları əsasında inkişaf edən müasir müstəqil Azərbaycanın keçdiyi zəngin və şərəfli tərəqqi yoluna nəzər salmağa imkan verir. “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ” Nəfis tərtibatda hazırlanan, elmi redaktorunun Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP Sədrinin müavini, İcra katibi, professor Əli Əhmədov olduğu “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” adlı kitabda müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin ölkədə siyasi sistemin və tolerantlığın təşəkkül tapmasında, Azərbaycanın Avropaya inteqrasiya olunmasında və iqtisadi baxımdan dirçəlməsində, siyasi plüralizm və demokratiyanın inkişafında rolundan bəhs edən məqalələr toplanıb. “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” adlı kitabın ön sözü Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik İsa Həbibbəyli tərəfindən “Siyasi baxışla əməli addımların ifadəsi” başlığı altında yazılıb. Kitabda YAP İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzovun müxtəlif vaxtlarda dərc olunmuş “Ümummilli lider Heydər Əliyev və müstəqillik ideyası”, “Heydər Əliyev və müstəqilliyin əsaslarının yaradılması”, “Heydər Əliyev və Azərbaycan Konstitusiyası”, “Heydər Əliyev və Azərbaycan Konstitusiyasında insan hüquqları”, “Heydər Əliyev və Azərbaycanın siyasi sistemi”, “Heydər Əliyevin siyasi irsində partiya quruculuğu məsələləri”, “Heydər Əliyev Azərbaycanın müasir hüquq sisteminin banisidir”, “Heydər Əliyev və demokratik seçkilər”, “Heydər Əliyev Şərq-Qərb dəhlizinin yaradıcısıdır”, “Cənubi Qafqazın Avrasiyaya inteqrasiyasında Heydər Əliyev siyasəti”, “Azərbaycan Avroatlantik məkanda”, “Azərbaycanın qloballaşan dünyada mövqelərinin möhkəmlənməsi”, “Uğurlu inkişaf strategiyası”, “Azərbaycanda multikulturalizmin tarixi-ictimai ənənələri”, “Azərbaycan multikulturalizmin və islam həmrəyliyinin mərkəzi kimi” adlı məqalələri yer alıb. Heydər Əliyev irsinin dərindən tədqiqi üçün mötəbər elmi mənbə olan kitabda Azərbaycanın zəngin dövlətçilik tarixində müstəsna yerə malik olan ulu öndərin xalqımız qarşısında əvəzsiz xidmətlərindən bəhs edilib. Xalqımızın gələcək taleyinin müəyyənləşdirilməsi baxımından Heydər Əliyev epoxasının bənzərsiz olduğunun vurğulandığı kitabda diqqətə çatdırılıb ki, əsl vətəndaş, tarixi şəxsiyyət və ümummilli lider kimi Heydər Əliyev millətini, torpağını fəlakətdən qurtarıb, onu çevriliş, qiyam cəhdlərindən hifz edərək dirçəliş və inkişafa doğru yönəldib, cəmiyyətdə özünəinam hissini bərpa edib, ölkəmizdə sabitlik və firavanlığa təminat yaradıb. “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” adlı kitabda, həmçinin ölkəmizdə müasir hüquqi və siyasi sistemin yaradılmasında ulu öndərin misilsiz xidmətlərindən bəhs olunub. Kitabda əksini tapan məsələlərdən biri də Azərbaycan dövlətinin memarı və qurucusu olan ulu öndər Heydər Əliyevin uğurlu dövlət quruculuğu prosesinin əsasını qoymasıdır. Bunun Azərbaycanın müasir müstəqil dövlət kimi inkişafı baxımından çox mühüm əhəmiyyətə malik olduğu bildirilib. Təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı və səmərəli siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda, milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması da xüsusi vurğulanıb. Bununla yanaşı, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda ölkənin siyasi-hüquqi sistemində müsbət mənada əsaslı dəyişikliklərin olması, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması, vətəndaş cəmiyyətinin bərqərar edilməsi, dövlətin hüquqi əsaslarının gücləndirilməsi, müasir dövlətçilik sisteminin bərqərar edilməsi kimi məsələlər də oxucuların diqqətinə çatdırılıb. YAP İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzovun “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” adlı kitabında Heydər Əliyevin siyasi irsində partiya quruculuğu məsələsi də geniş şəkildə öz əksini tapıb. Xüsusilə də, ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranması və fəaliyyətinə xüsusi nəzər salınıb. Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, milli dövlətçiliyimizin əsaslarının gücləndirilməsində, inkişafa, sabitliyə, tərəqqiyə xidmət edən milli məqsədlərin reallaşdırılmasında və yeni hədəflərin müəyyənləşdirilməsində misilsiz xidmətlər göstərdiyinin vurğulandığı kitabda YAP-ın bu cür ali məramlı fəaliyyəti ilə ümumxalq partiyasına çevrildiyi bildirilib. Azərbaycanın ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf etdiyinin, ölkəmizin ötən müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm inkişaf yolu keçdiyinin, bütün sahələrdə mühüm nailiyyətlərin əldə edildiyinin vurğulandığı kitabda həmçinin diqqətə çatdırılıb ki, ölkəmizin hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması xalq-iqtidar birliyini daha da möhkəmləndirib, vətəndaşların Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini təmin edib. “Ulu öndərimizin möhkəm təməllər üzərində həyata keçirdiyi müstəqil dövlət quruculuğu Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə çox uğurla davam etdirilir. Müstəqil dövlət quruculuğunun əsas amillərindən biri dövlətin iqtisadi qüdrətinin artırılması, əhalinin sosial rifah halının yaxşılaşdırılmasıdır. Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı fərmanlar, Onun sərəncamı ilə təsdiq olunmuş regional inkişafa dair Dövlət Proqramı ölkəmizin hərtərəfli inkişafına güclü təkan verib. Təsadüfi deyil ki, 2003-cü il prezident seçkilərindən sonra iqtisadi siyasətin yeni prioritetləri, inkişaf perspektivləri müəyyənləşdirilmişdir. Bu istiqamətdə konsepsiya işlənib hazırlanmış, konkret dövlət proqramları qəbul olunmuşdur. Uğurlarımız isə göz qabağındadır”, - deyə kitabda vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin ötən illər ərzində gördüyü işlər və hazırkı fəaliyyəti deməyə əsas verir ki, O, Heydər Əliyevin parlaq ideyalarının sadəcə davamçısı yox, eyni zamanda, bu ideyaları XXI əsrin tələblərinə, dövrün, zamanın ruhuna uyğun olaraq təkmilləşdirməyə və inkişaf etdirməyə qadir olan bir liderdir. “QURTULUŞDAN BAŞLAYAN TƏRƏQQİ” Nəfis tərtibatda çap olunan, redaktorunun Azərbaycan Respublikasının Milli Məclisinin sədrinin birinci müavini, professor Ziyafət Əsgərov olduğu “Qurtuluşdan başlayan tərəqqi” adlı kitabda isə ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən, Azərbaycanın siyasi palitrasında milli siyasi iradəni təmsil edən, ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının keçdiyi zəngin və şərəfli inkişaf yolundan, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətdən bəhs edən müsahibələr toplanıb. Kitabın ön sözü Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov tərəfindən “Qurtuluşdan başlayan tərəqqinin təntənəsi” başlığı altında yazılıb. Siyavuş Novruzovun “Qurtuluşdan başlayan tərəqqi” adlı kitabındakı müsahibələr dörd bölmədə təqdim edilib. Birinci bölmədə müsahibələr “Ümummilli lider Heydər Əliyevin ideyaları yaşayır” başlığı altında toplanıb. “Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Azərbaycançılıq ideologiyası özündə multikultural dəyərləri də birləşdirir” adlı birinci müsahibədə müasir dövrdə sivilizasiyalararası dialoqun, multikulturalizm dəyərləri və tolerantlıq ənənələrinin təbliği və təşviqinin əhəmiyyətindən, bu sahədə Azərbaycanın mütərəqqi təcrübəsindən bəhs edilib. Qeyd edilib ki, dövrümüzün mühüm çağırışlarından olan multukultralizmin Azərbaycanda tarixən formalaşmış zəngin ənənələri və möhkəm ictimai dayaqları mövcuddur. Qarşıda duran vəzifə bu hərtərəfli potensialı Azərbaycan dövlətçiliyinin inkişaf və tərəqqisinin vacib elementinə çevirmək, sahib oluduğumuz təcrübəni regional və qlobal məkanda uğurla paylaşmaqdır. Müsahibədə, həmçinin Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Azərbaycançılıq ideologiyasının əhəmiyyətindən danışılıb, dövlətçilik maraqlarına xidmət edən bu ideologiyanın özündə multikultural dəyərləri də birləşdirdiyi diqqətə çatdırılıb. “Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir” adlı ikinci müsahibədə isə ulu öndər Heydər Əliyevin xalqımızın çoxəsrlik dövlətçilik tarixində müstəsna yeri və rolundan geniş bəhs edilib. Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin bütün dövrlərinə nəzər yetirilən müsahibədə Ulu öndərin zəngin siyasi və dövlətçilik irsinin öyrənilməsinin, gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti diqqətə təqdim edilib. Vurğulanıb ki, zəmanəmizin ən dahi şəxsiyyətlərindən biri, xalqımızın böyük oğlu Heydər Əliyevə məhz öz millətinin qəlbində və onun çoxəsrlik tarixində müqəddəslik zirvəsinə yüksəlmək səadəti nəsib olub. Heydər Əliyev kimi xalqına hədsiz bağlı olan şəxsiyyətlərin ömrü onun yaşadığı illərlə ölçülmür. Öz millətinin taleyini yaşamış Heydər Əliyev indi də, gələcəkdə də qədirbilən xalqımızın qəlbində yaşayır və daim yaşayacaqdır.