Millət vəkili: "Heydər Əliyevin liderlik keyfiyyətləri dünya miqyasında qəbul olunur"


Siyasət 08 May 2019 17:22:00 255 0

Millət vəkili: "Heydər Əliyevin liderlik keyfiyyətləri dünya miqyasında qəbul olunur"

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi qeyd edilib.

Son.az xəbər verir ki, İnstitutdan Trend-ə verilən məlumata görə, akademik, millət vəkili Gövhər Baxşəliyeva tədbirdə çıxış edərək, Azərbaycan xalqının həyatında ulu öndərin əvəzedilməz rolundan danışıb.

Bu il Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 ilinin tamam olacağını diqqətə çatdıran G.Baxşəliyeva Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrünün ulu öndərin adı ilə sıx bağlı olduğunu və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunduğunu qeyd edib.

Ulu öndərin sovetlər dövründə respublikamıza rəhbərlik etdiyi illərdə gördüyü işlərdən söz açan akademik onun müstəqilliyin ilk ağır illərində hakimiyyətə qayıdıb böyük müdrikliyi ilə, apardığı uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmizi bütün çətinliklərdən xilas edərək inkişafının əsasını qoyduğunu, Azərbaycanda dünyəvi, hüquqi, demokratik dövlət qurduğunu söyləyib.

G.Baxşəliyeva Heydər Əliyevin Azərbaycan xalqının müstəqilliyi, dövlətçiliyimizin inkişafı yolunda göstərdiyi xidmətlərdən söz açıb: "Azərbaycanın müstəqilliyinin bərpası, ölkəmizdə siyasi sabitliyin yaranması, Azərbaycan ideologiyasının yaranması və inkişafı, respublikamızın dünya birliyinə inteqrasiyası, nail olduğu yüksək iqtisadi inkişaf ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır".

Millət vəkili Heydər Əliyevin ölkənin həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini söyləyib.

Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdanda, 1993-cü ildə məhz birinci görüşünü Elmlər Akademiyasında Azərbaycan ziyalıları ilə keçirdiyini xatırladan G.Baxşəliyeva onun həmin görüşdə söylədiyi sözləri xatırladıb: "Elmlər Akademiyası Azərbaycan xalqının bir neçə nəsli tərəfindən yaradılmış milli sərvətidir, biz onu qoruyub yaşatmalıyıq".

Heydər Əliyevin liderlik keyfiyyətlərinin dünya miqyasında qəbul olunduğunu deyən akademik onun siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini qeyd edib.

Sonra institutun Din və ictimai fikir tarixi şöbəsinin müdiri, fəls.ü.f.d. Esmeralda Həsənova, Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri, i.ü.e.d. Dünyamalı Vəliyev və başqaları çıxış edərək, müstəqil Azərbaycan dövlətinin əsasını qoymuş ulu öndərin suveren Azərbaycanın inkişafı yolunda göstərdiyi xidmətlərdən söz açıblar. Çıxış edənlər Heydər Əliyevin dövlətçiliyimizin memarı, ölkəmizdə sabitliyin təminatçısı olduğunu söyləyərək, ümummilli liderin 1969-cu ildə hakimiyyətə gələndən sonra respublikamızın əldə etdiyi uğurlardan danışıblar, unudulmaz rəhbərin adının tarixə əbədi həkk olunduğunu qeyd ediblər.


Xəbərə aid fotolar