Dağlıq Qarabağın Azərbaycanlı İcması "Twitter" hesabının bağlanması ilə bağlı bəyanat yaydı


Siyasət 08 May 2019 17:24:00 214 0

Dağlıq Qarabağın Azərbaycanlı İcması "Twitter" hesabının bağlanması ilə bağlı bəyanat yaydı

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi rəsmi Twitter hesabının bağlanması ilə bağlı bəyanat yayıb.

Son.az xəbər verir ki, Təşkilatdan Trend-ə təqdim edilən bəyanatda bildirilir ki, hesab ermənilərin şikayəti əsasında bağlanıb:

"Bildirmək istərdik ki, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin rəsmi Twitter hesabın ermənilərin coxsaylı şikayəti nəticəsində Twitter admnistirasiyası tərəfindən bağlanıb. Bununla bağlı, tərəfimizdən Twitter-ə rəsmi müraciət edilsə də, bu haqda icmaya hər hansı izahat verilməyib. Dünyanın tanınmış sosial şəbəkəsi tərəfindən icmanın rəsmi Twitter hesabının bloklanması ermənilərin Dağlıq Qarabağ azərbaycanlılarının haqq səsinə olan dözümsüzlüyünü göstərməklə yanaşı, Twitter-in azad sözə və paylaşıma olan "münasibətinin" təzahürüdür.

Twitter əgər ermənilərin şikayətini qəbul edərək, 1 miliyondan çox soydaşımızın pozulmuş təbii hüquq və azadlıqlarını, o cümlədən öz torpaqlarına geri dönmək və mülkiyyət hüquqlarını həyata keçirə bilməməsini görməməzlikdən gəlirsə, müasir dünyada ikili standartların özünü bu şəkildə açıq büruzə verməsi yalnız təəssüf hissi doğurur. Yaxşı olardı ki, Twitter admnistirasiyası icmamızın rəsmi səhifəsini bağlamaq əvəzinə, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində sülh şəraitində birgə yaşayaşının yenidən bərpa edilməsinə çağırışlar edərdi".

İcma sosial şəbəkə istifadəçiləri olan soydaşlarımıza müraciət edərək fəal şəkildə icmanın @AzeCommunityNK hesabını dəstəkləməyə və icmanın rəsmi hesabının bərpa edilməsindən ötrü həmrəylik nümayiş etdirməyə, Twitter admnistirasiyasına çoxsaylı müraciətlər ünvanlamağa çağırır:

"Hesab edirik ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin incisi olan Şuşanın işğal günündə bütün azərbaycanlılar erməni yalanlarına qarşı çıxış edərək birlikdə haqq səsimizi ucaltmaqdan çəkinməməliyik".