Sumqayıt bulvarı genişləndirilir


Digərləri 08 May 2019 17:04:00 241 0

Sumqayıt bulvarı genişləndirilir

Mayın 7-də Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə, təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov açaraq bildirib ki, hesabat dövrü Sumqayıt şəhəri üçün uğurlu olub, böyük nailiyyətlər əldə olunub, əlamətdar hadisələr baş verib.

Vurğulanıb ki, şəhərdə abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi, 263 yaşayış binasının dam örtüyünün, 25 binanın fasadının, 74 ədəd liftin və 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri, tibbi avadanlıqlarla təchiz edilməsi, məktəb tikintisi məqsədilə maliyyə vəsaitinin ayrılmasını nəzərdə tutan sərəncamların imzalanması dövlət başçısının Sumqayıt və sumqayıtlılara göstərdiyi diqqət və qayğını bir daha təcəssüm etdirir.

Cari ilin birinci rübü ərzində şəhər üzrə ümumdaxili məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz və ya 40 milyon manat artaraq 460 milyon manatdan çox olub.

Sənaye müəssisələrində 350 milyon manatlıq məhsul istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 117 faiz təşkil edir.

Qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə yaradılan, ölkənin ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında 18 rezident tərəfindən 2,5 milyard dollar investisiya qoyulub, fəaliyyətdə olan müəssisələrin sayı 13-ə çatıb. Hazırda istehsalat və tikinti-quraşdırma işlərində 6 minə qədər işçi çalışır.

Cari ilin 3 ayı ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın məbləği 50 milyon manat olub. Bu da əvvəlki ilə nisbətən 14 faiz və ya 6 milyon manat artım deməkdir.