Valverde: "Liverpool oyun boyu bizə sürprizlər etdi"


İdman 08 May 2019 14:16:00 207 0

Valverde: "Liverpool oyun boyu bizə sürprizlər etdi"

Barcelona Çempionlar Liqası yarımfinalının cavab matçında Liverpool-a uduzaraq mübarizəni dayandırdı - 0:4.

Goal.az xəbər verir ki, "katalonlar"ın baş məşqçisi məsuliyyəti öz üzərinə götürdüyünü deyib: “Liverpool oyuna sürətli başladı. Bunu gözləyirdik. İlk qolu vurduqdan sonra cəsarətləndilər. İkinci qoldan sonra oyuna nəzarəti itirdik. Ardınca üçüncü qolu buraxdıq. Bizim də təhlükəli vəziyyətlərimiz oldu, ancaq dəyərləndirə bilmədik. Bəhanə yoxdur, Liverpool bizdən daha yaxşı idi və qələbə qazandı. Bilmirəm bunu necə ifadə edim, amma şəxsən mən baş verən hər şeyin məsuliyyətini öz üzərimə götürürəm. Bizim üçün çox ağrılıdır. Xüsusilə də insanları ikinci dəfə sərfəli hesabı əldən verməyimiz incidir".

"Bu nəticədən sonra istefaya göndərilə bilərmi?" sualına "Bu işimə necə təsir edər bilmirəm. Düşünəsi çox şeyim var və bunu düşünmürəm. Bu tip nəticələrdə məşqçi ilk günahlandırılan adamdır".

Liverpool-un dördüncü qolu zamanı komandanın nəzarətsizliyi barədə Valverde belə deyib: "Həmin an nə oldu bilmirəm. Premyer Liqanın ən yaxşı klubu və möhtəşəm harmoniya ilə vurulan qol. Buraxdığımız bütün qollar birilərinin ya da bir şeylərin sonunda gəldi. Tək-tək bütün səhvlərə baxa bilməzsiniz. Liverpul bizə davamlı sürprizlər etdi. Oyunçularıma "ötürmələr edin, nəzarəti ələ alın, tempi düşürün dedim" alınmadı.

Xatırladaq ki, ilk oyunda Barcelona Liverpool üzərində 3:0 hesablı qələbə qazanmışdı. Barcelona ötən il Roma-ya da ilk oyunda qalib gəlib (4:1), səfər oyununda 0:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırmışdı.