Agentlik sədri Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” elmi konfransında iştirak edib (FOTO)


Digərləri 08 May 2019 12:56:00 310 0

Agentlik sədri Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” elmi konfransında iştirak edib (FOTO)

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” elmi konfransında iştirak edib

Bakı. Bakı Slavyan Universitetində (BSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” adlı X beynəlxalq elmi konfrans keçirilib. Tədbirdə dövlət qurumlarının, Azərbaycanın və bir sıra xarici ölkələrin ali təhsil müəsisələrinin nümayəndələri iştirak edib. Konfransın açılışında Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanov çıxış edib. Tədbirin əlamətdar gün - Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ərəfəsində keçirildiyini qeyd edən K.İmanov bildirmişdir ki, Ulu öndərin böyüklüyünü, bütün sahələrə aid gördüyü işləri olduğu kimi tam şəkildə şərh etməkdə biz – onun müasirləri acizik və yalnız illər, qərinələr ötəndən sonra bu tarixi şəxsiyyətin vətəni, xalqı qarşısındakı xidmətlərinin əsl qiymətini zaman özü verəcək. “Biz – Ulu öndərin müasirləri onun uzaqgörənliyinin izlərini, gələcəyimizə yol açan fikir və düşüncələrinin bugünkü cəmiyyətimizin ictimai rəy və varidatına, Azərbaycanın əqli mülkiyyət sisteminin yaradıcısının irsinin ən dəyərli əqli mülkiyyətə çevrilməsini görürük və ölkəmizdə həyatın sürətlə dəyişməsinin şahidiyik”. O, bu dəyişikliklərin başında innovativ, yeniliklərlə və islahatlarla zəngin və insanlara xidmət edən dövlət siyasətinin durduğunu və bunların kreativliklə keçirilən Ulu Öndərin varislik yolunun olduğunu diqqətə çatdırıb. Bildirilmişdir ki, tarixin hökmü tarixi şəxsiyyətlərin çətinliklər və problemlər barədə izahını yox, çətinliklər və problemlər üzərində qələbəsini tanıyır. Bu qələbəni biz bu gün Azərbaycanın inkişafında, nüfuzunun artmasında görürük, Azərbaycan xalqının cənab Prezidentə olan dərin ehtiram və sevgi duyğularında görürük. Rəhbər şəxsə bu münasibətin məşhur kəlamda deyildiyi kimi: "İnsanlar üzərində əsl hakimiyyət yalnız onlara xidmət etməklə əldə olunur". Böyük filosof-maarifçi J.J.Russonun “bacarıqsız əllərdə olan hakimiyyətdən təhlükəli şey yoxdur” fikrini qeyd edən natiq belə hakimiyyətin təcəssüm etdiyi ideyaya yox, yalnız öz maraqlarına qulluq etməklə, faydasız və dayanıqsız olduğunu vurğulamışdır. Çünki həyat göstərdiyi kimi, bu növ rəhbərlərin səhvlərinin acı nəticələrini millət çəkir və millət ödəməli olur. Ölkəmizi gələcəyə aparan yol bacarıqlı əllərdədir, dövlətimizin taleyinin çiyinləri üzərində olduğunu dərk edən məsuliyyətli rəhbərdədir. O, Prezident İlham Əliyevin iqtisadi islahatlar konsepsiyasının yeni uğurlu nəticələr verdiyini, Azərbaycan iqtisadiyyatında artımın nümayiş olunduğunu, 2019-cu ilin birinci rübündə ÜDM-in 3%, sənaye istehsalının 4,4% artdığını, sənayenin qeyri-neft sektorundakı artımın isə 15,6% və dünya rekordu səviyyəsində olduğunu bildirib. Bütün bunlar əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində inqilabi addımlarla müşahidə olunur. Minimum əmək haqqının, əmək pensiyalarının, bütün növ sosial müavinətlərin, təqaüdlərin əhəmiyyətli dərəcədə artdığını və dövlət başçısı tərəfindən atılan digər addımların böyük rəğbətlə qarşılandığını vurğulayan K.İmanov Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə xalqa təbrikindəki sözlərini xatırladıb: “bizim iqtisadi gücümüz artdıqca sosial məsələlər daha geniş miqyasda öz həllini tapacaqdır…” Xalqımızın dövlət başçısının yürütdüyü siyasətə böyük dəstək verdiyini söyləyən natiq Fransanın "Opinion Way" şirkətinin sorğusunun nəticələrinə görə, respondentlərin 80,1%-nin ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanmasını cənab Prezident İlham Əliyevin ən uğurlu nəticəsi kimi dəyərləndirdiyini, 85,1%-nin isə son bir ildə görülən işlərə müsbət qiymət verdiyini demişdir. Təsadüfi deyil ki, Dünya Bankının "Doing Business - 2019" hesabatında Azərbaycan 190 ölkə arasında 25-ci yerə yüksəlib, 10 ən islahatçı dövlətlər sırasındadır. Bir sözlə, dövlət başçısının verdiyi mühüm qərarlar Azərbaycanın inkişafında yeni bir mərhələnin başlanğıcıdır. Çıxışına davam edən Agenliyin rəhbəri qeyd edib ki, dövlət başçımızın yürütdüyü uğurlu siyasət hər bir sahədə öz bəhrələrini verir. Davos İqtisadi Forumunun rəqabətqabiliyyətlilik ilə bağlı son Hesabatında Azərbaycan əqli mülkiyyətin qorunmasında 36-cı yerdə qərarlaşaraq, MDB məkanında liderdir. K.İmanov bildirib: ”Lakin irəliyə baxaraq, qarşımızda duran vəzifələri daha yüksək səviyyədə yerinə yetirməliyik. Çünki Azərbaycanın bugünkü reallıqları ondan ibarətdir ki, ölkəmiz dünya ölkələri tərəfindən tanınan islahatçı-dövlətdir və bu islahatlar hər bir sahədə, o cümlədən əqli mülkiyyət sahəsində geniş miqyasda həyata keçirilir”. Belə ki, 2018-ci ildə həyata keçirilən struktur, institusional və iqtisadi islahatlar nəticəsində ƏM sistemində əhəmiyyətli təşkilati və funksional dəyişikliklər baş vermiş, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi və ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Patent və Əmtəə Nişanları Mərkəzinin birləşməsi nəticəsində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılmış, Respublika Elmi-Texniki Kitabxanası Agentliyin tabeliyinə verilmişdir. Beləliklə, bilik sahəsini təmsil edən müəlliflik hüququnun, sənaye mülkiyyətinin və özündə patent və standartlar fondlarını cəmləşdirən elmi-texniki kitabxananın bir qurum səviyyəsində idarə edilməsi çox uğurlu institusional islahatdır. Konfransın mövzusunun Azərbaycanşünaslığın aktual problemləri ilə bağlı olduğunu vurğulayan K.İmanov Azərbaycanlıların milli şüurundan, "Azərbaycançılıq dünyasından" qaynaqlanan Ulu öndərin "Mən fəxr edirəm ki, azərbaycanlıyam" sözlərini milli özünüdərkin və milli özünütəsdiqin zirvə nöqtəsini təşkil etdiyini söyləyib.