Heydər Əliyev ideyaları əsasında uğurla davam etdirilən islahatlar kursu Azərbaycanın qarşısında yeni perspektivlər açır


Digərləri 08 May 2019 11:46:00 162 0

Heydər Əliyev ideyaları əsasında uğurla davam etdirilən islahatlar kursu Azərbaycanın qarşısında yeni perspektivlər açır

Heydər Əliyev ideyaları əsasında uğurla davam etdirilən islahatlar kursu Azərbaycanın qarşısında yeni perspektivlər açır

Bakı. Müasir müstəqil Azərbaycan tərəqqi yolunda inamla irəliləyir, inkişaf və yüksəliş mərhələsi yaşayır. Azərbaycanın mütərəqqi və nümunəvi inkişaf modeli dünyada diqqəti cəlb edir, qazanılan uğurlar davamlı xarakter daşıyır. Heç şübhəsiz, bütün bu nailiyyətlər asanlıqla əldə edilməyib və bugünkü inkişafın, yüksəlişin təməlində milli maraqlara, qlobal çağırışlara uyğun həyata keçirilən uzaqgörən siyasət dayanır. O siyasət ki, əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə davam etdirilir. Azərbaycanın zəngin dövlətçilik tarixində Heydər Əliyev şəxsiyyətinin müstəsna yeri var Azərbaycanın zəngin dövlətçilik tarixində Heydər Əliyev şəxsiyyətinin müstəsna yeri var. Ulu Öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı kimi dövlətçilik tariximizdə misilsiz xidmətləri, müstəsna rolu olduqca yüksək qiymətləndirilir, böyük dövlət xadimi hər zaman xüsusi hörmət və ehtiramla yad edilir. Prezident İlham Əliyev bu məqamlara toxunaraq “Heydər Əliyevə Azərbaycan xalqının rəğbəti, dəstəyi həmişə çox böyük olmuşdur. Bunun əsas səbəbi ondan ibarətdir ki, O, Azərbaycana sovet dövründə rəhbərlik edən zaman respublikamızın uğurlu inkişafına təkan vermişdi. O vaxt Azərbaycan sovet məkanında 15 respublikadan fərqlənirdi, çünki Rusiyadan başqa cəmi iki respublika donor kimi fəaliyyət göstərirdi, onlardan biri Azərbaycan idi. Azərbaycan ən geridə qalmış yerdən Heydər Əliyevin dövründə, 1980-ci illərin əvvəllərində ən qabaqcıl yerlərə çıxmışdır və insanların rifah halı böyük dərəcədə yaxşılaşmışdır. Digər səbəblər isə ağır günlərdə Heydər Əliyevin cəsarətli addımları ilə bağlıdır. 20 Yanvar faciəsindən sonra O, dərhal sovet hökumətinin Azərbaycan xalqına qarşı törətdiyi cinayəti rəsmən pislədi, Kommunist Partiyasından çıxdı və Azərbaycan xalqı Onun simasında liderini gördü. Ondan sonrakı dövr Naxçıvan Muxtar Respublikası ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın Ali Məclisinin iclasında rəsmi dövlət bayrağı kimi tanınması tarixi hadisə idi. Deyə bilərəm ki, bu, müstəqilliyə aparan önəmli addımlardan biri idi”,-deyib. Dövlət başçısı əlavə edib ki, bütün dövrlərdə Heydər Əliyev xalqla birlikdə idi: “Məhz buna görə ağır günlərdə, faciəvi günlərdə Azərbaycan xalqı ona müraciət etmişdir. 1993-cü il iyunun 15-də bu salonda parlamentin iclasında Heydər Əliyev Azərbaycan parlamentinin sədri vəzifəsinə seçilmişdir. Bir daha demək istəyirəm ki, müasir tariximizdə bu, dönüş nöqtəsi idi. Ondan sonra vəziyyət sabitləşməyə doğru getməyə başladı, vətəndaş müharibəsinə son qoyuldu, qanunsuz silahlı birləşmələr tərk-silah edildi, nizami ordu quruculuğu istiqamətində önəmli addımlar atıldı, Azərbaycan beynəlxalq təcriddən çıxa bildi”. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri Onun fəaliyyətinin bütün dövrlərini əhatə edir Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri Onun fəaliyyətinin bütün dövrlərini əhatə edir. Heydər Əliyevin 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahat xarakterli, strateji əhəmiyyətli tədbirlər nəticəsində respublikamız sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrildi. Əgər o zamanadək Azərbaycan SSRİ miqyasında yalnız xammal mənbəyi kimi çıxış edərək inkişaf tempinə görə ən geridə qalmış respublika kimi səciyyələndirilirdisə, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin fonunda ölkəmiz sürətli inkişaf tempinə malik oldu və 1970-ci illərin sonu - 1980-ci illərin əvvəlində bütün sahələrdə davamlı inkişaf tempi qeydə alındı. Bundan başqa, Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri, şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Müstəqillik dövründə Azərbaycanın əldə etdiyi ən mühüm nailiyyətlər məhz dinamik iqtisadi inkişaf və möhkəm ictimai-siyasi sabitliklə bağlıdır. 1991-ci ildə dövlət müstəqilliyini əldə edən Azərbaycanın üzləşdiyi ən böyük problemlər məhz iqtisadi tənəzzül və ictimai-siyasi sahədə hökm sürən xaos və hərc-mərcliklə əlaqədar olub. 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayışıdından sonra ölkəmizdə sabitlik təmin edildi, iqtisadi inkişafın əsası qoyuldu, Azərbaycan tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoydu. Ümummilli liderin əsasını qoyduğu islahatlar strategiyası sosial-iqtisadi inkişafı təmin edən mühüm faktor oldu Müstəqillik illərində Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilərək həyata keçirilən milli inkişaf strategiyası çoxşaxəli, səmərəli olması və dövrün tələblərinə tam cavab verməsi ilə fərqlənirdi. Ümummilli lider Heydər Əliyevin çətin vəziyyətdə olan respublikanın gələcək iqtisadi inkişafı ilə bağlı müəyyənləşdirdiyi strategiya konkret məqsədlərə çatmağa hesablanmışdı. Hədəflər konret və dəqiq idi. Belə ki, bu strateji kursun uğurla həyata keçirilməsi sayəsində ölkədə iqtisadi fəallıq artacaq, iqtisadiyyatın müxtəlif sahələrinin investisiya təminatı güclənəcək, tələbata işləyən geniş müəssisələr şəbəkəsi yaranacaq, fəal insanların məşğulluğu təmin olunacaq və bu əsasda əhalinin sosial vəziyyəti yaxşılaşacaqdı. Eyni zamanda, müdrik siyasətçi olan Heydər Əliyev yaxşı başa düşürdü ki, müvafiq qanunvericilik bazası yaradılmadan, hüquqi-normativ sənədlər qəbul edilmədən ölkədə liberal bazar iqtisadiyyatına keçidi təmin etmək, yeni mülkiyyət münasibətləri formalaşdırmaq, sahibkarlığın arzuedilən səviyyədə inkişafına nail olmaq mümkün deyil. Ümummilli liderin siyasi iradəsinə uyğun olaraq ölkədə yaradılan mükəmməl hüquqi baza sosialyönümlü liberal iqtisadiyyat quruculuğuna uğurlu keçidi təmin etdi, respublikamızda özəl bölmənin inkişafına təkan verdi. Ümumiyyətlə, Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə sərbəst bazar iqtisadiyyatının özəyi sayılan sahibkarlığın inkişafı üçün zəruri hüquqi baza dünya təcrübəsinə uyğun olaraq ardıcıl surətdə təkmilləşdirilib. İlk növbədə onu vurğulayaq ki, Ulu öndərin rəhbərliyi ilə hazırlanıb qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa təminat verilməsi, rəqabət mexanizminin formalaşması və inkişafı, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapıb. Heydər Əliyev azad sahibkarlığın inkişafına mane olan bürokratik əngəllərin və yoxlamaların qarşısının alınması, bu sahədə şəffaflığın təmin edilməsi məqsədilə bir sıra Fərman və sərəncamlar imzalayıb. Bəhs olunan sənədlərin sırasında Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 iyun tarixli "İstehsalat, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə", 1999-cu il 7 yanvar tarixli "Dövlət nəzarət sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" fərmanları, 1997-ci il 24 iyun tarixli Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi proqramı (1997—2000-ci illər)" xüsusi yer tuturdu. Prezident Heydər Əliyevin 30 aprel 2001-ci il tarixli Fərmanı ilə İqtisadi İnkişaf Nazirliyinin yaradılmasının ölkəmizdə liberal iqtisadiyyatın bərqərar olmasında rolu əvəzsizdir. İqtisadi İnkişaf Nazirliyi və onun Sahibkarlığın İnkişafına Dövlət Dəstəyi Fondu müəyyənləşdirilən strategiyaya uyğun olaraq özəl bölmənin inkişafına yönələn yeni təşəbbüslərlə çıxış edir, bu sahədə hədəflənən nəticələrin əldə olunmasına çalışır. Prezident Heydər Əliyevin təsdiqlədiyi "Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002—2005-ci illər)" sahibkarlıq infrastrukturunun yaradılması, sahibkarlara dövlət maliyyə dəstəyi sisteminin formalaşdırılması, vergi yükünün azaldılması, onlara zəruri texniki yardım göstərilməsi və s. tədbirləri nəzərdə tuturdu. Prezident Heydər Əliyevin imzaladığı "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında", "Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlıq Şurasının yaradılması", "Sahibkarlara Kömək Milli Fondunun yaradılması" və "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında" fərmanlar iş adamlarının müdafiəsinə, onların hüquqlarının qorunmasına, şəffaflığın təmin edilməsinə, ümumiyyətlə, özəl bölmənin inkişafına hesablanan çoxsaylı tədbirləri əhatə edirdi. Bunlarla yanaşı, Azərbaycanda Ulu öndərin təşəbbüsü əsasında MDB məkanında ilk dəfə geniş torpaq islahatı həyata keçirilib. Azərbaycan Republikası Prezidentinin 10 yanvar 1997-ci il tarixdə imzaladığı "Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə" müvafiq Fərmanla respublikamızda geniş torpaq islahatına start verildi. Fərmanda nəzərdə tutulan tədbirlərin reallaşdırılması sayəsində respublikamızda mövcud olmuş 2032 təsərrüfat, yəni kolxoz və sovxozlar ləğv edilərək onların əkinəyararlı münbit torpaqları əhaliyə paylandı. İşğal olunmuş rayonlarımız istisna olmaqla ölkəmizdə torpaq payı almaq hüququ olan 870 min ailəyə torpaq payı verildi. Bu, 3 milyon 442 min 778 subyekt demək idi. Azərbaycan vətəndaşlarının heç bir əvəz ödəmədən torpaq mülkiyyətçilərinə çevrilməsi respublikanın kənd təsərrüfatında, sözün əsl mənasında, dönüş yaratdı. Bu amil torpaqlardan daha səmərəli şəkildə istifadə edilməsini şərtləndirdi ki, bu da son nəticədə ölkəmizdə ərzaq məhsulları istehsalının artması ilə nəticələndi. MDB məkanının digər ölkələrindən fərqli olaraq Azərbaycanda vətəndaşlara yararsız və ya az yararlı torpaqlar deyil, keçmiş kolxoz və sovxozların ən münbit torpaqları verildi. Başqa bir önəmli cəhət ondan ibarət idi ki, respublikamızın bütün vətəndaşları harada yaşamasından və kimliyindən asılı olmayaraq torpaqlardan istifadə və icarə hüququ qazandılar. Fermerlərin torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilmələri, büdcəyə olan vergi borclarının silinməsi, onlara yanacağın güzəştli qiymətlərlə satışı, habelə fermer təsərrüfatları üçün kredit resurslarının ayrılması və həyata keçirilən digər tədbirlər aqrar islahatların daha sürətlə aparılmasına imkan yaratdı. Ümummilli liderin siyasi iradəsi əsasında zamanında aqrar sektorda zəruri olan bu və ya digər tədbirlərin həyata keçirilməsi nəticəsində bu gün ölkənin kənd təsərrüfatında özəl sektorun xüsusi çəkisi, demək olar ki, 100 faizə çatıb. Ulu öndər Heydər Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqətdə saxlayırdı Bunlarla yanaşı, Ulu öndərin həyata keçirdiyi strateji kursun çox mühüm istiqamətlərindən birini sosial-iqtisadi siyasət təşkil edirdi. Əhalinin sosial rifahının gücləndirilməsi, etibarlı sosial müdafiə sisteminin yaradılması daim Heydər Əliyevin diqqətində idi. 1995-ci ildə qəbul olunmuş ilk milli Konstitusiyada xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, sosial müdafiəsinin, layiqli həyat səviyyəsinin təmin olunması ən yüksək səviyyədə əksini tapmışdı. Şəhid ailələrinə, müharibə veteranlarına, əlilliyi olan şəxlərə, məcburi köçkünlərə, pensiyaçılara, sosial müavinət və təqaüd alan şəxslərə və digərlərinə dövlət tərəfindən göstərilən sosial müdafiə mexanizmləri ciddi şəkildə gücləndirilmişdi. Təkcə 1993-2003-cü illərdə pensiya və müavinətlər 8 dəfə, orta aylıq əməkhaqqı 6 dəfə artırılmışdı. Bu fakt göstərir ki, Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 10 il ərzində sosial müdafiə sistemində mühüm islahatlar aparılıb və əhalinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü addımlar davamlı xarakter daşıyıb. Digər tərəfdən, MDB məkanında ilk dəfə olaraq Azərbaycanda yeni sosial-iqisadi münasibətlər sisteminə uyğun Əmək Məcəlləsi, eləcə də demoqrafik inkişaf konsepsiyası, məşğulluq, əmək miqrasiyası və digər sahələrlə bağlı qanun və qərarlar qəbul olunub.