Həqiqi ağıl sahibləri belə tanıdılır


Digərləri 07 May 2019 21:50:00 292 0

Həqiqi ağıl sahibləri belə tanıdılır

Bismilləhir-Rahmənir-Rahim!

Allaha həmd olsun ki, bizlərə yaşamaq, düşünmək, dərk etmək nemətləri nəsib edib. Allahdan istəyimiz budur ki, bizlərə bu nemətlərin şükrünü düzgün həyata keçirməyi nəsib etsin!

Allah bu kəslərə müjdə verir

İnsanın həyatında oyanması, ayılması üçün mühüm mövzulardan biri - eşitmək qabiliyyətini artırmaqdır. Eşidib, düşünüb və ən üstününü seçmək - insan həyatında böyük dəyişikliklərə yol aça bilər. Allah Təala Qurani-Kərimin "Zumər" surəsinin 18-ci ayəsində bizə bu xüsusiyyətə malik olan insanlarla bağlı buyurur: "Sözlərə qulaq asıb, onların ən yaxşısına tabe olan kəslərə! Allahın hidayət etdiyi kəslər onlardır və onlardır əsil ağıl sahibləri!".

Öncəki ayədə işarə olunur ki, bu cür insanlara Allah Təalanın müjdəsi var. Allah Təalanın o bəndələrə müjdəsi var ki, onlar sözə qulaq asar, dinləməyi bacarar, müxtəlif sözləri, müxtəlif düşüncələri eşidərlər və onlar içərisindən ən üstününü, ən alisini seçər və onun dalınca gedərlər. Onlar bu prosesdə Allahın hidayəti, Allahın tofiqatı ilə bu işi görə bilərlər. Bu, beynabeynə işarədir. Beynabeyn odur ki, insanın hər bir əməlinin arxasında, Allahın, ona bu əməli yerinə yetirməyə verdiyi fiziki imkan durur. İnsan nəyisə etməyi iradə edə bilər. Amma bu əməl, yalnız o zaman material koordinat sistemində reallaşa bilir ki, Allah Təala bu əməli yerinə yetirmək üçün lazım olan fiziki imkanlılığı təmin etsin.

Yetər ki, istəsin...

İnsan öz niyyət və əməlinə görə cavabdehdir. Pis niyyətə və pis əmələ görə o, haqq-hesab dünyasında cavabdehlik daşıyacaq. Bu gün insana amorf və mistik gələ bilən hansısa kateqoriyalar, o cümlədən, İlahi ədalət mühakiməsinə məruz qalmaq perspektivi, əslində çox real və konkretdir. Yetər ki, insan bunlar barədə bir az düşünsün. Lənətlik İblis insanın qəlbinə vəsvəsə edərək, onun bu barədə düşünməsini əngəlləyir, başını qatır, kiçiyi böyük, böyüyü isə kiçik göstərir...

Bu baxımdan, insanın qəbiristanlığa getməsi, dəfndə iştirak etməsi - ümdə əhəmiyyət kəsb edir. Qəbiristanlıqlar vaxtilə ölümü uzaq, Qiyaməti isə əfsanə hesab edən, indi isə özləri bu mövzuların əyani sübutu və təsdiqi olan insanlarla doludur. Və indi özləri dünyalarını dəyişərkən, haqqı görürlər. Amma, artıq gecdir...

Odur ki, insanın həqiqəti gözü ilə görmədən öncə, ağlı ilə dərk etməsi dəyərlidir. Təhlil qabiliyyəti, ayıqlıq, müşahidə, ibrət - bütün bunlar insana, hələ bu dünyadaykən haqqı dərk etməyə, həqiqəti tapmağa yardım edən vasitələrdir. Bu yöndə İlahi peyğəmbərlər (ə), Müqəddəs Kitabla yanaşı, insana verilən ağıl və vicdan hissi - ən böyük yardımçıdır.

Amma nəzərə almaq lazımdır ki, insan deyə bilməz "mən etdim". Allah Təala tofiqat verməsə, insan doğru seçimini də edə bilməz. Allah Təalanın hidayətindən, tofiqatından sonra insan bu seçimi edə bilir. Allahın xüsusi inayəti olmalıdır. Bütün hallarda Allahın hidayətinə ehtiyacımız var. İnsan doğru yolla getmək istəsə, Mehriban Allah onu Öz rəhməti və məhəbbəti ilə aparar. Yetər ki, istəsin...

Allah Təala eşitmə, dinləmənin önəminə vurğu edir

Bugünkü zamanda bəşəriyyət iddialıdır ki, əqlin inkişafı bir yerlərə qədər gəlib çatıb. Bəşəriyyət indi gəlib bu mövzuya çatır ki, insanın ağlı, düşüncəsi nə qədər önəmlidir.

Əvvəla, görsənən budur ki, inancımız insanlara, iman əhlinə, müsəlmanlara, möminlərə - hər bir kəsə çağırış edir ki, düşünməkdən öncə müxtəlif fikirləri eşitsinlər. Düşünmək üçün fikirlərə diqqət etmək, düşünmək üçün eşitmək lazımdır, qərar vermək üçün bilgi, məlumat lazımdır. O bəndələr ki, onlara müjdə verilir, onların xüsusiyyətlərindən biri budur ki, onların eşitməyə tutumları var. Onların dinləyib qəbul etmək tutumları var.

Bundan sonra tutumları var ki, düşünsünlər, qərar versinlər, ən yaxşısını tanısınlar və ən yaxşısını seçsinlər. Bu halda da onların Allaha bağlantıları var, Allaha sığınarlar, özlərini tam sərbəst görməzlər, Allahın hidayəti ilə bu işi görməyin mümkünlüyünün fərqində olarlar.

Əsil ağıl sahibləri də o şəxslərdir ki, həm dinləyə bilirlər, həm düşünə bilirlər, bunun içərisində də ən üstününü seçib, ardınca gedə bilirlər.

Allahdan istəyimiz budur ki, bu cür halı bizlərə şamil etsin.

İslam müxtəlif fikirləri dinləməyə çağırış edir

Mübarək ayənin bir sıra önəmli təfsiri çalarlarına diqqət etmək faydalıdır. Əvvəla, burada sözü dinləmək dedikdə, hər bir söz, hər bir mövzu nəzərdə tutulur. Yəni, hər bir sözü, hər bir fikri bu kəslər dinləyərlər. Yəni, ayənin mənasından bəlli olur ki, müsəlman o kəsdir ki, müxtəlif fikirləri dinləyə bilir, müxtəlif düşüncələrlə, baxışlarla tanış olmaq qabiliyyətinə malikdir.

Bunun özü çox mühüm məsələdir. Elə bir dünyaya gəlib çatmışıq ki, insanlar digərlərinin fikirlərini eşitməkdən daha çox, özləri danışmağa, öz fikirlərini yürütməyə meyillidir. Müsəlmanın, möminin ciddi xüsusiyyətlərindən biri budur ki, müxtəlif fikirləri, müxtəlif düşüncələri eşitmək tutumuna malik olmalıdır.

Digər tərəfdən, məsələ müxtəlif fikirləri eşitməklə bitmir. Elə deyil ki, elə hər eşitdiyinin dalınca gedir. Eşidir, təhlil edir, araşdırır, meyarlarla ölçür - nəhayətdə ən üstününü müəyyən edir, qəbul edir və onun ardınca gedir.

Allahın insana verdiyi böyük potensial

Qurani-Kərim bizlərə bəyan edir ki, Allah Təala insanlara böyük bir potensial verib. İnsanlara belə bir potensial verib ki düşünməyə, müxtəlif fikirləri dinləməyə tutumları var. Bunun yanında Qurani-Kərim çağırış edir ki, insan gərək şəxsiyyətpərəstliyə düçar olmasın. Bütün fikirləri, düşüncələri eşidəcəksən, amma qərar verərkən, qəbul edərkən şəxslərdə ilişib qalmayacaqsan. Kimdən eşitməyindən asılı olmayaraq, ən üstün hansı fikirdirsə - onu qəbul edəcəksən.

Bu mənada iki məsələ yanaşı gəlir. Tək eşitməklə iş bitməz. Eşidəndən sonra bunların hamısını bir yerdə toparlayarlar, təhlil edərlər, doğru hansıdırsa - onun dalınca gedərlər. Eşitmək tutumu olan insan gərək sözün məzmununa fikir versin, deyənin şəxsiyyətində ilişib qalmasın.

Ayədə gəlir ki, bu insanlar sözü eşidirlər. Gəlmir ki, danışanları eşidirlər, sadəcə olaraq danışanların sözlərini eşidirlər və seçim edərkən də danışanlar arasından deyil, sözlərin arasından seçim edirlər. Yəni, möminlər məzmuna, sözə diqqət edirlər.

Fikir müxtəlifliyi bu səbəbdən də bəyənilir