Azərbaycanda veqan olmaq


Digərləri 07 May 2019 21:21:00 232 0

Azərbaycanda veqan olmaq

"17 yaşımdan 20 yaşımadək ət və ət məhsulları, yumurta istifadə etməmişəm. Mağazada nəsə alarkən, öncədən tərkibini öyrənirəm, tərkibində yumurta, mayonez varsa istifadə etmirəm", 23 yaşlı Nərmin vaxtiə 3 il yarım vegetarian olduğu zamanları xatırlayır.

O, əti uşaqlıqdan sevmədiyini, ancaq hər gün evdə məcburən ətli xörək yeməyə məcbur edildiyini deyir.

Nərmin deyir ki, onların evində "evdə kişi varsa, ət yeməkləri də olmalıdır" anlayışı var.

"Mən isə belə qidaya nifrət edirdim. Həyət evində yaşayırdıq, həyət-bacada toyuqlarımız da var idi. Təsəvvür edə bilmirdim ki, bir müddət bundan əvvəl qaçıb-qaqqıldayan, sığal çəkdiyim canlını necə kəsib yemək olar. Yalnız təbiətdə yırtıcılar digər canlıları ovlayıb yeyə bilər, axı biz inkişaf etmiş məxluqlarıq.

Evdə ətə qarşı mübarizə aparırdım, amma bu nədən irəli gəlir, bilmirdim. Bir tanışım var, azərbaycanlıdır, amma ailəlikcə krişnait idilər. O mənə danışdı ki, mən vegetarian ola bilərəm və istəmədiyim qidanı yemək məcbur deyiləm", Nərmin deyir.

Vegetarianlar sağlam həyat tərzinə yönələn heyvan mənşəli qida məhsullarından istifadə etməyən insanlardır. Süd və süd məhsullarından istifadə edən vegetarianlar laktovegetarian, yumurta istifadə edənlər isə ovo-laktovegetarian adlanırlar. Vegetarianlıq tək qidaya aid deyil, bu, bir həyat tərzidir.

Veqanlıq vegetarianlığın daha sərt formasıdır. Veqanlar heyvan mənşəli məhsullardan tək qidada yox, bütün həyatlarında imtina edirlər, bura həmçinin bal, jelatin və digər məhsullar aiddir. Onlar heyvanların istismarına qarşı çıxan insanlardır.