Bəyimxanım Vəliyeva: Azərbaycanda incəsənət sahəsinə göstərilən qayğı böyükdür (VİDEO)


Digərləri 07 May 2019 19:03:29 270 0

Bəyimxanım Vəliyeva: Azərbaycanda incəsənət sahəsinə göstərilən qayğı böyükdür (VİDEO)

Ötən həftə Formula 1 Azərbaycan Qran Prisinin növbəti bir mərhələsi də uğurla başa çatdı.

Bakı. Ayşəm Rüstəmova - Ötən həftə Formula 1 Azərbaycan Qran Prisinin növbəti bir mərhələsi də uğurla başa çatdı. Azərbaycan dünya əhəmiyyətli daha bir mötəbər tədbirə yüksək peşəkarlıqla ev sahibliyi etdi. Yarışları və paytaxtımızın gözəlliklərini yarım milyard tamaşaçı televiziya vasitəsilə xüsusi heyranlıqla izlədi. Formula 1 yarışlarının ən yaddaqalan məqamlarından biri isə açılış mərasimində dövlət himnimizin yeni aranjimanda səsləndirilməsi oldu. Əməkdar artistlər Bəyimxanım Vəliyeva və Nurlan Növrəsli himnimizi muğam və klassik üslubun sintezi ilə ifa etdi. Muğamımız himnimizin sədaları ilə bütün dünyaya yayıldı. Əməkdar artistlər Bəyimxanım Vəliyeva və Nurlan Növrəsli "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə öz təəssüratlarını bölüşüblər. Bəyimxanım Vəliyeva deyir ki, ona himnin yeni aranjimanda ifa olunması təklifi Formula 1-in təşkilatçıları tərəfindən üç ay öncə edilib: "Çox sevindim və qürur hissi keçirdim ki, bu təklif mənə olunub. Azərbaycan himninin yeni aranjimanda səsləndirilməsi bütün Avropa ölkələrində yayımlanıb. Milli və klassik musiqinin birgə ifası möhtəşəm idi". Nurlan Növrəsli isə qeyd edib ki, Formula 1-də himnin yeni aranjimanda səslənməsi, Azərbaycan mədəniyyətinin dünyada təbliğ edilməsidir: "Deyərdim ki, dünyanın musiqi və mədəniyyət beşiyi Bakıdır, Azərbaycandır. Bəyimxanım xanımla fərqli bir yanaşmamız oldu -milli və klassik estrada. Bakıda mötəbər bir tədbirin keçirilməsindən qürur duydum. Ona görə dövlət başçımız cənab İlham Əliyevə və birinci xanıma təşəkkürlərimizi bildiririk".