İlahiyyat İnstitutunda “Heydər Əliyev siyasəti və din təhsili” mövzusunda elmi-praktik konfrans keçirilib (FOTO)


Digərləri 07 May 2019 16:30:00 178 0

İlahiyyat İnstitutunda “Heydər Əliyev siyasəti və din təhsili” mövzusunda elmi-praktik konfrans keçirilib (FOTO)

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən “Heydər Əliyev siyasəti və din təhsili” mövzusunda elmi-praktik konfrans təşkil olunub.

Bakı. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən “Heydər Əliyev siyasəti və din təhsili” mövzusunda elmi-praktik konfrans təşkil olunub. İnstitutdan Trend-ə verilən məlumata görə, tədbiri giriş nitqi ilə açan rektor Ceyhun Məmmədov Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsindən sonra, xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışında Ulu Öndərin misilsiz xidmətləri olduğunu bildirib. Qeyd edib ki, məhz müstəqil Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığının təmin olunması məqsədi ilə ümummilli lider Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb. C.Məmmədov Azərbaycan xalqının milli-mənəvi sərvəti olan tolerantlıq ənənələrinin qorunmasında və inkişafında Ümummilli Liderin böyük xidmətlərinin olduğunu vurğulayıb. Qeyd edib ki, Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda dini etiqad azadlığı tam təmin edilib. Rektor ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hazırda bu nəcib missiyanı böyük uzaqgörənliklə və uğurla davam etdirdiyini nəzərə çatdırıb. Bildirib ki, ölkə Prezidentinin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə Mənəvi Dəyərlərin Təbliği Fondunun və 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması da dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində atdığı uzaqgörən addımlardandır. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Prezident Kitabxanasının şöbə müdiri, AMEA Tarix İnsitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa bildirib ki, Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün İslam dünyasının tanınmış şəxsiyyətlərindəndir. Ümummilli Liderin Azərbaycanla Şərq və Qərb ölkələri arasında əməkdaşlığın qurulmasına əvəzsiz töhfələr verdiyini qeyd edən N.Mustafa Heydər Əliyevin müstəqil respublikamızda siyasi, iqtisadi, mədəni əlaqələrin sürətli inkişafını təmin etdiyini vurğulayıb. Bildirib ki, dahi siyasətçinin adı xalqımızın iftixar və qürur mənbəyidir. Onun Vətənimiz üçün gördüyü işlər daim yaddaşlardadır. Bu yaddaş bir estafet kimi, yaşlı nəsildən gənc nəslə ötürülür. Böyük liderimizin xatirəsi hər zaman anılır və əziz tutulur.