“Sehrbazlar dərəsi” romanının rumın dilinə tərcüməsi Bakıda təqdim edilib (FOTO)


Digərləri 07 May 2019 15:08:00 212 0

“Sehrbazlar dərəsi” romanının rumın dilinə tərcüməsi Bakıda təqdim edilib (FOTO)

Mayın 6-da Bakı Kitab Mərkəzində (BKM) yazıçı Kamal Abdullanın rumın dilinə tərcümə olunmuş “Sehrbazlar dərəsi” romanının təqdimatı keçirilib.

Bakı. Mayın 6-da Bakı Kitab Mərkəzində (BKM) yazıçı Kamal Abdullanın rumın dilinə tərcümə olunmuş “Sehrbazlar dərəsi” romanının təqdimatı keçirilib. Kitabı rumın dilinə Rumıniyanın “Al və Kuza” Yas Universitetinin dosenti Lyudmila Bejenaru və onun tələbəsi İrina Milea tərcümə edib. Trend-in məlumatına görə, tədbirdə Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyəti səfiri Dan İanku, Azərbaycan Dillər Universitetində keçirilən “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı II beynəlxalq elmi konfransın qonaqları, universitetin professor-müəllim və tələbə heyəti, ziyalılar iştirak edib. Kamal Abdulla təqdimatda iştirak edən hər kəsə təşəkkürünü bildirib, Bakı Kitab Mərkəzinin fəaliyyətindən danışaraq, onun işini yüksək qiymətləndirib. Rumıniya mədəniyyətinin qədim tarixə malik olduğunu deyən yazıçı müəllifi olduğu kitabın bu mədəniyyətin nümayəndəsi – tanınmış ədəbiyyatşünas alim və tərcüməçi Lyudmila Bejenaru tərəfindən tərcümə olunmasından məmnunluq duyduğunu bildirib. Tərcüməçi Lyudmila Bejenaru 2013-cü ildə Bakı Slavyan Universitetində Yanus layihəsində 10 ay iştirakçı olduğundan və həmin müddət ərzində Kamal Abdullanın yaradıcılığı ilə tanış olmasından söz açıb. O, bildirib ki, “Sehrbazlar dərəsi” romanı noyabr ayında Buxarestdə beynəlxalq yarmarkada Avropa nəşriyyat idarələrinin iştirakı ilə təqdim olunacaq. Tərcümə prosesindən danışan tərcüməçi Rumıniyada bu romanın maraqla qarşılandığını diqqətə çatdırıb. O, “Sehrbazlar dərəsi”nin Kamal Abdullanın yaradıcılığında mühüm rol oynayan əsərlərdən olduğunu deyib. Tərcümə prosesindən danışan ədəbiyyatşünas fərqli mədəniyyətə malik olduqlarına görə tərcümənin asan olmadığını söyləyib. Ədəbiyyatşünas alim L.Bejenaru yazıçı Kamal Abdullanın yaradıcılığını araşdırdıqdan sonra onun haqqında 2014-cü ildə “Kamal Abdulla: Bütövlüyün fəlsəfəsi” adlı fundamental monoqrafiya yazdığını xatırladıb.