Mədəniyyət naziri Əbülfəs Qarayev Lənkəranda vətəndaşlarla görüşüb


Digərləri 07 May 2019 14:30:00 184 0

Mədəniyyət naziri Əbülfəs Qarayev Lənkəranda vətəndaşlarla görüşüb

Mədəniyyət naziri Əbülfəs Qarayev Lənkəran şəhər Mədəniyyət Mərkəzində Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edib.

Bakı. Ölkə başçısının müvafiq tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda əhali ilə görüşləri keçirilir. Mədəniyyət naziri Əbülfəs Qarayev Lənkəran şəhər Mədəniyyət Mərkəzində Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edib. Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək dəstələri düzülüb. Lənkərandan qəbulda iştirak edən vətəndaşlar tərəfindən respublika üzrə mərkəzləşdirilmiş kitabxana sistemləri (MKS) arasında əlaqələrin inkişafı üçün portalın yaradılması, şəhərdə Xoreoqrafiya məktəbinin açılması, Uşaq musiqi məktəbinə musiqi alətlərinin verilməsi, cənub bölgəsi mətbəxinin ləziz nümunəsi olan ləvənginin hazırlanması ənənəsinin UNESCO-nun qeyri-maddi irs siyahısına təqdim edilməsi, “Nənələr” folklor kollektivinə xalq kollektivi adının verilməsi və digər məsələlərlə bağlı müraciət və təkliflərini nazirə çatdırıblar. Astara rayonundan qəbula yazılan vətəndaşların müraciətləri rayon ərazisində yerləşən tarixi abidələrin mühafizə zonalarının dəqiqləşdirilməsi, rayon MKS-ə böyük şair İmadəddin Nəsiminin adının verilməsi, mədəniyyət müəssisələrində çalışan işçilərin mərkəzləşdirilmiş qaydada attestasiyasının keçirilməsi, mədəniyyət işçilərinin fəxri adlara təqdimatı barədə olub.