Azərbaycanın zəlzələ baş verən rayonlarında


Digərləri 07 May 2019 14:29:00 225 0

Azərbaycanın zəlzələ baş verən rayonlarında

Bu gün Ağsu, Şamaxı və İsmayıllı rayonlarında fevralın 5-də baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərə dair 3 aylıq hesabat brifinqi keçirilib. Brifinqdə Ağsu, İsmayıllı və Şamaxı rayonlarının icra hakimiyyəti başçıları bu istiqamətdə görülmüş işlər barədə məlumat veriblər.

Son.az Trend-ə istinadən xəbər verir ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov bildirib ki, zəlzələ nəticəsində rayon ərazisində 114 yaşayış evi qəzalı vəziyyətə düşüb. Onun sözlərinə görə, zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə rayon üzrə 176 yaşayış evinin tikintisinə başlanılıb.

M.Sadıqov qeyd edib ki, zəlzələ baş verəndən dərhal sonra dövlət başçısı ciddi reaksiya verdi: "Fevral ayının 7-də Prezident İlham Əliyev rayona səfər etdi, əhali ilə görüşdü və zəlzələnin aradan qaldırılması ilə bağlı tapşırıqlar verdi. Dövlət başçısının zəlzələyə dərhal reaksiya verməsi, əhali ilə yerində görüşməsi daim xalqın yanında olmasının bariz nümunəsidir".

İcra başçısının sözlərinə görə, rayonda 1257 evə baxış keçirilib: "344 ev qənaətbəxş hesab edilib, 455 evin bərpasına sərəncam verilib, 344 evin təmirinə və 114 evin tikilməsinə qərar verilib. Hazırda 76 ev tikilir və qalanarın tikilməsi ilə bağlı işlər aparılır".

M.Sadıqov vurğulayıb ki, bəzi evlər sürüşmə zonasında yerləşirdi: "Bəzi insanlar istəyirlər ki, onların evi əvvəlki yerində, yəni sürüşmə zonasında tikilsin, ancaq geoloji araşdırmalar buna imkan vermir. Ona görə də həmin ərazidə yaşayan insanlara başqa ərazilərdən torpaq sahəsi veriləcək".

İcra başçısı əlavə edib ki, zəlzələ nəticəsində sosial obyektlərə, o cümlədən tibb məntəqələrinə, uşaq bağçalarına ziyan dəyib:

"Sosial obyektlərə dəyən ziyan da aradan qaldırılır. İnanıram ki, ilin sonuna qədər işlər yekunlaşdırılacaq. Zəlzələ nəticəsində tarixi abidələrə elə bir ziyan dəyməyib. Ümumilkdə tarixi abidələr daim nəzarətdə saxlanılır, bərpası ilə bağlı tədbirlər görülür".

Daha sonra hesabatla çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısıƏnvər Seyidəliyev deyib ki, zəlzələ nəticəsində Ağsu rayonunda 350 yaşayış evi qəzalı vəziyyətə düşüb, yüzlərlə yaşayış evinə, eləcə də sosial və infrastruktur obyektlərinə müxtəlif dərəcədə ziyan dəyib:

"Zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə hazırda rayon üzrə 162 yaşayış evinin tikintisinə başlanılıb. Ümumilikdə rayon üzrə 1601 evin təmirinə ehtiyacı olduğu müəyyən edilib. Zərər görmüş evlərin 90 faizi çiy kərpicdən olan köhnəlmiş vəziyyətdə idi, eyni zamanda qəzalı evlərin bir hissəsi dağ sürüşmə zonasında yerləşir".

İcra başçısı vurğulayıb ki, "Regional İnkişaf" İctimai Birliyi tərəfindən rayon ərazisində qəzalı vəziyyətdə olan yaşayış evlərinin, müxtəlif sosial və infrastruktur obyektlərinin tikintisi həyata keçirilir.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov öz növbəsində vurğulayıb ki, zəlzələ nəticəsində rayon ərazisində 284 fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb, 112 yaşayış evinin tikintisinə başlanılıb.