Telekanallarımız türkdilli ölkələrdə


Siyasət 07 May 2019 13:28:14 209 0

Telekanallarımız türkdilli ölkələrdə

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin II toplantısı keçirilir.

Türk Şurasının baş katibi Bağdad Amreyev informasiya və media üzrə məsul nazirlərin və yüksək vəzifəli rəsmilərin ötən toplantısından sonra görülən işlə barədə məlumat verib. O, işçi qrupunun VII toplantısında müzakirə edilən məsələlərdən danışıb. Baş katib deyib ki, VII toplantıda şuraya üzv dövlətlər üçün önəmli məsələlər müzakirə olunub.

Toplantıda çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri, professor Əli Həsənov deyib ki, 2012-ci ildə türkdilli dövlət başçılarının zirvə görüşündə yaradılan Şura üzv dövlətlərinin maraqlarını ifadə edərək müxtəlif aspektlər üzrə fəaliyyət göstərir: "Müzakirə olunan əsas məsələlərdən biri dövlətlərimiz arasında mətbuat sahəsində əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir. Bu əməkdaşlıq Avrasiya və dünya məkanında xalqlarımızın maraqlarını ifadə edilməsinə xidmət etməlidir".

Əli Həsənov qeyd edib ki, Şuraya üzv olan ölkələrin hər biri bərabərhüquqludur: "Əməkdaşlıq mühiti Şuranın əldə etdiyi ən böyük nəticədir. Əməkdaşlıq istiqamətində bütün məsələlərə dəstək verməyə hazırıq. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında infrastrukturu dağıdıb. Biz istərdik ki, türk ölkələrinin mətbuatında bununla bağlı məlumatlar, informasiyalar getsin. Əgər Turkiyə regionda hər hansı problemlə rastlasirsa, biz onlara informasiya dəstəyi verməliyik. Türk Şurasına daxil olan ölkələr qarşılıqlı şəkildə bir-birinə dəstək verməlidir".

Ə.Həsənov vurğulayıb ki, televiziya sahəsində qarşılıqlı əlaqələr qurulmalı və dövlətlərin milli bayramları da efir vasitəsilə yayımlanmalıdır: "Türk Şurasına üzv dövlətlərin aparıcı mətbuat orqanları, televiziyalar bir-biri ilə əlaqə qurub. Nəyə görə bizim televiziya kanallarının yerli kabel şəbəkələrində təmsilçiliyi təmin olunmur? Təəssüflər olsun ki, Azərbaycan televiziyalarının nə Qazaxıstanda, nə də Qırğızıstanda yayımlanmasına rast gəlinmir. Təklif edirəm ki, Azərbaycanın dövlət və İctimai Televiziyası Türk Şurasına üzv dövlətlərdə yayımlansın. Eyni zamanda həmin dövlətlərin də dövlət və ictimai televiziyaları Azərbaycanda yayımlansın".

PA rəsmisi əlavə edib ki, vahid türkdilli televiziyanın yaradılması təşəbbüsü dörd ildir ki, müzakirə olunur: "Təəssüflər olsun ki, bu məsələ həllini tapmayıb. Mövcud televiziyalardan birinin türkdilli dövlətlərin vahid kanalına çevrilməsi, bu funksiyanın hansısa formada icra edilməsi masa üzərindədir. "TRT AVAZ" kanalı bu mənada müzakirə obyektidir".

Sadəcə, TRT AVAZ?

Qazaxıstanın informasiya və sosial inkişaf nazirinin müavini Marad Azilxanov qeyd edib ki, ölkəsi Türk Şurasının üzvü olan dövlətlərin telekanallarının və informasiya agentliklərinin əməkdaşlığının genişləndirilməsini dəstəkləyir. O təklif edib ki, Şuraya üzv ölkələr Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin "Böyük Çölün yeddi özəlliyi" adlı məqaləsi ilə bağlı sənədli filmin çəkilməsinə dəstək versinlər. Nazir müavini, eyni zamanda, üzv dövlətlərin telekanallarında 4 ölkənin filmlərinin nümayiş olunması təklifini yüksək dəyərləndirib.

Qırğızıstanın Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Baxtımgül Novruzbayova bildirib ki, ölkəsi Şuraya üzv dövlətlərə aid xəbərlərin və videoların yayılmasını təmin edir. Qırğızıstan Türk Şurası ölkələrində baş verən hadisələrin operativ şəkildə geniş coğrafiyaya çatdırılmasında maraqlıdır. B.Novruzbayova vurğulayıb ki, media qurumlarının imicinin artırılması istiqamətində daha çox iş görülməlidir.

Türkiyə Prezidentinin baş müşaviri, mədəniyyət, informasiya və turizm nazirinin müavini, TRT-nin İdarə Heyətinin üzvü Mustafa Akış çıxış edərək deyib ki, 2009-ci ildə yaradılan TRT AVAZ türk xalqları arasında əməkdaşlığı daha da gücləndirdi. Bu kanal türk xalqlarına aid mədəniyyətin və tarixin dünya ictimaiyyətinə çatdırılmasında mühüm işlər görür. TRT AVAZ-ın hazırladığı verilişlər TRT-nin digər kanallarında da nümayiş olunur. TRT AVAZ-ın həyata keçirdiyi işlər bundan sonra da gücləndirilməlidir. Bunun üçün türk dünyasının dəstəyi artırılmalıdır.

Vahid telekanalın qarşısındakı əngəllər

2009-cu ilin oktyabrın 3-də, Naxçıvanda yaradıldığı ilk gündən bəri "Türk Şurası"nın keçirliyi 15 zirvə toplantısının təbii ki, istisnasız olaraq hamısında əməkdaşlığın aktivləşdirilməsi və tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Və hər zirvə toplantısında Azərbaycanın nümayəndə heyəti kütləvi informasiya vasitələri sahəsində əməkdaşlığı, effektiv tərəfdaşdılığı təklif edib. Fəqət, təkliflər hələ də reallaşmayıb və vahid media platforması yaradılmayıb.

Professor Əli Həsənov çox aktual, gərəkli və sadəcə, Azərbaycanın maraqlarına cavab verən yox, bütün türkdilli dövlətlərin mənafelərində olan məsələyə toxunub. Vahid media platformasının və ya meda-paylaşım müstəvisinin yaradılmasına Azərbaycan tərəf olaraq hazırdır. Ölkəmiz teleməkanını türkdilli dövlətlərin dövlət və ictimai telekanallarının yayımına təqdim etməkdə heç bir problem görmür. Lakin türk dünyasının rəsmi qurumları bu gərəkli işi hələ də süni şəkildə uzadır, reallaşırmağa tələsmirlər.

Problem "Türk Şurası"na üzv Qazaxıstan, Qırğızıstan və Türkiyənin hakimiyyətlərinin mövqelərində deyil. Bilaəks, bu ölkələrin iqtidarları vahid media platforması ideyasını dəstəkləyiblər.

Problem həmin ölkələrin müvafiq teleradio qurumlarının astagəlliyi ilə məsələnin aktuallığını hələ də lazımi səviyyə ilə miqyasda anlamamasındadır.

Çözüm yolu müzakirələrdən və konstruktiv danışıqlardan keçir. Xüsusilə də Qazaxıstan və Qırğızıstan rəsmiləri ilə təmaslar aktivləşdirilməlidir, çünki bu ölkələrdə həll prosesinin bilərəkdən yavaşıdılması, ləngidilməsi meylləri sezilir.

Konkretliyə varsaq, Qırğızıstanın dövlət teleradio şirkətinin bəhs etdiyimiz istiqamətdə atmağı gərəkən addımlarını hələ də müşahidə etmirik. Əfsuslar olsun ki, rəsmi Bişkək bəyanatlarında və açıqlamalarında "Türk Şurası"nın vahid televiziyasının yaradılmasına tam tərəfdar olduğunu desə də, niyyətlər hələ də kağız üzərindədir.

Qazaxıstanla bağlı situasiya bir qədər fərqlidir və müsbət istiqamətdə kiçik də olsa, irələyişlər müşahidə olunur. Amma bütün bunlar bəhs olunan problemin yekun həlli və vahid televiziya ideyasının gerçəkləşdirilməsi üçnü yetərli deyil.

"Türk Şurası"nın vahid telekanalının yaradılması, bu işlə bağlı texniki, təşkilati və maliyyə məsələlərini çözmək çətin deyil.

Yetər ki, təşkilata üzv dövlətlər Azərbaycanın təkliflərini real müzakirə etməyə başlasınlar, təşkilatın bu yöndəki fəaliyyəti rəsmi bəyanatlarla kifayətlənməyərək gerçək işə keçsin.

Elçin Alıroğlu Son.az