Azərbaycanlı iş adamını oğurlayıb, yeddi il kölə kimi işlətdilər


Kriminal 07 May 2019 12:22:00 219 0

Azərbaycanlı iş adamını oğurlayıb, yeddi il kölə kimi işlətdilər

Son.az oxu.az-a istinadən ömrünün yeddi ilini çeçen əsirliyində keçirmiş azərbaycanlı haqqında yaznı təqdim edir:

Ötən əsrin 90-cı illərində insanların girov götürülməsi bəziləri üçün gəlirli "biznes"ə çevrilmişdi. Xüsusilə belə qara əməllər Şimali Qafqazda geniş vüsət alırdı. Orada təkcə Rusiyadan yox, eyni zamanda, Azərbaycandan kölələrin "idxal"ını həyata keçirirdilər.

1995-ci ildə 30 yaşlı qubalı iş adamı T.Məmmədxanov dağıstanlı quldurlar tərəfindən oğurlanır. Məmməxanov kiçik sahibkarlıqla məşğul idi. Onun hekayəsi 1995-ci ilin may ayından başlayır.  Mayın əvvəllərində Məmmədxanov onun mağazasına gələn üç Dağıstan avarı ilə tanış olur.

Həmin dəstənin başçısı Maqomed Xudiyamaqomedov, üzvləri Yunus və Rəcəb olub.

Dağıstanlılar qubalı sahibkara gəlirli təklif irəli sürüb: onun müvəqqəti olaraq öz anbarına 25 ton şəkər tozu qəbul etməsini istəyirlər. Geri döndükdən sonra malın saxlanılmasının "xəcalət"indən çıxacaqlarına əmin ediblər. Azərbaycanlı bununla razılaşıb.

Həmin vaxt, yəni mayın 4-də Məmmədyarov öz ad gününü qeyd edirdi. Doğum günü şənliyinə yeni "dost"larını da dəvət etmişdi. Şənlik başa çatandan sonra dağıstanlılar çıxıb gedirlər. Beş aydan sonra qayıdırlar. Qayıdıb, biznesmendən pul tələb edirlər. Çaşqın vəziyyətə düşən sahibkar, əslində, onların malın saxlanılmasına görə ona 15 milyon rubl verməli olduğunu bildirir (həmin vaxtın məzənnəsi ilə təxminən üç min dollara yaxın olub).

Ancaq dağıstanlılar pul ödəmək əvəzinə, əslində, sahibkara şəkər tozunu satdıqlarını və ödəniş vaxtının çatdığını deyiblər. "Dostlar" özlərini çox "yuxarı"dan aparıb, aqressiv davranıblar. Məmmədxanov anlayıb ki, onlardan qurtula bilməyəcək. Ona görə tələb olunan məbləği onlara verib.

"Xatırlayıram ki, əvvəl onlara 15 milyon rubl verdim. Ancaq sonra yenə geri döndülər. Növbəti dəfə məndən 25 milyon rubl aldılar. Münaqişə vəziyyəti yaranmışdı, vəziyyət getdikcə daha da gərginləşirdi", - deyə Məmmədxanov 2002-ci ildə yeddi illik əsirlikdən qurtulduqdan sonra verdiyi ifadədə bildirmişdi.

1995-ci ilin noyabr ayınının ortalarında T.Məmmədxanovun mağazasına mavi və göy rənglərində iki "09" yaxınlaşır. Maşından 10 nəfər, o cümlədən, ona çox yaxşı tanış olan üç "sima" çıxır. Məmmədxanova hücum edərək, onu döyürlər. Yumruq və təpiklərə fasilə verib, bıçağı işə salıblar. Qaça bilməməsi üçün hər iki ayağını bıçaqlayıblar. Quldurlar onu avtomobilə oturdaraq, yüksək sürətlə ərazidən uzaqlaşıblar. Avtomobildə girov huşunu itirib. Yalnız Mahaçqalaya çatanda özünə gəlib.

Yol boyu quldurları nə Azərbaycan, nə də Dağıstan sərhəd buraxılış məntəqəsində saxlayan olub. Maşınlar şəhərkənarı qəsəbələrin birində dayanıb. Quldurlar orada gecələmək qərarına gəlib.

T.Məmmədxanovu əlindən isitmə sisteminin batareyasına qandallayıb, yenidən döyməyə başlayırlar. Girovun bütün ön dişlərini sındırırlar. Onu belə vəziyyətdə kamera ilə çəkirlər. Lentə alınmış video azərbaycanlının əzizləri üçün nəzərdə tutulurdu. Videoda onun qohumlarına müraciət etməsini və azad edilməsi üçün iki yüz min dollar girov pulu istəməsini tələb ediblər. Əks təqdirdə onu öldürəcəkləri ilə hədələyiblər.

Oxu: "Qurbaşı" dəstəsinin sağ qalan üzvləri - Ombudsman birini şəxsən tanıyır Videoçəkilişdən sonra Məmmədxanovu Dağıstanın Qunib rayonunun Kuyaqa kəndinə aparıblar. Orada girov bir qədər özünə gəlib. Acından və ya susuzluqdan ölməməsi üçün ona gündə bir fal çörək və soyuq çay verirmişlər.

Quldurlar təhdid dolu videokaseti əsirin böyük qardaşına göndərirlər, cinayətkarlar onunla görüşməyi təklif edirlər. Görüş Mahaçqalanın "İnturist-Leninqrad" mehmanxanasına təyin olunur. T.Məmmədxanovun qardaşı çox düşünmədən "oğru"larla görüşə yollanır.

Bu arada, söhbət əsnasında T.Məmmədxanov dəstə üzvləri arasında avarlarla yanaşı, çeçenlərin də olduğunu anlayır.

Girovluğunun 11-ci günündə sahibkar qaçmaq qərarına gəlir. Biləyində olan qandal batareyaya o qədər də sərt bərkidilmədiyindən, azad ola bilir.  

Azad olan kimi ilk növbədə Qunib rayon Polis Bölməsinə üz tutub, orada təhlükəsizlikdə olacağını sanıb. Onun ağlına da gələ bilməzdi ki, quldurların polisdə belə öz adamları var. Ağ rəngli "07" onu təqib etməyə başlayıb. Avtomobil ona çatanda sükan arxasında U.X. adlı polis serjantının əyləşdiyini görüb. Ardınca quldur dəstəsinin üzvləri də ona çatıblar. Onlar serjantın "hörmət"ini edib, girovu geri alıblar.

Məmmədxanova qol gücünə külli miqdarda araq içiriblər. Mədəsi boş olduğundan, yəni ac olduğuna görə dərhal özündən gedir. Bunu onun yolu xatırlamaması üçün ediblər.

Geri qayıtdıqdan sonra quldur dəstəsinin üzvləri girovu qaçdığına görə cəzalandırıblar. Ayağına ağır girya atırlar, ayağının baş barmağı qopur. Onu mütəmadi olaraq döyməyə başlayırlar. Əzablı günlər iki ay çəkib.

Sonradan onu Dağıstanın Qızılyar şəhərinə aparırlar. Orada 1998-ci ilə kimi əsirlikdə qalır. Belə ki, quldurlar, T.Məmməxanova görə heç kimin pul ödəməyəcəyini anlayırlar. Bu arada, T.Məmmədxanovun qardaşı ilə mehmanxanada keçirilən görüş dəstə üzvlərinin onu da girov götürməsi ilə nəticələnir. T.Məmmədxanovdan fərqli olaraq, o, altı aydan sonra qaçmağa nail olur.