“Nazirlik demir ki, əlavə test və iş dəftərini uşağın çantasına yığın”


Digərləri 07 May 2019 12:26:00 201 0

“Nazirlik demir ki, əlavə test və iş dəftərini uşağın çantasına yığın”

Neçə illərdir ki, orta məktəblərdə dərs proqramının, dərs yükünün ağırlığı və dərs vəsaitlərindəki səhvlər cəmiyyətdə, həmçinin Milli Məclisdə ciddi müzakirə predmeti olsa da, Təhsil Nazirliyi tərəfindən səslənən problemlərin həlli istiqamətində nəticəli addımlar atılmır.

Son.az xəbər verir ki, məsələ ilə bağlı ölkə.az-a müsahibəsində Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Sona Əliyeva bildirib ki, bu məsələ ilə bağlı cəmiyyətə düzgün olmayan fikirlər çatdırılır:

"Təhsil Nazirliyi valdeynlərə və şagirdlərə dəftər, qələm və bu kimi ləvazimatlardan başqa hər hansı dərs kitabını, iş dəftəri, test və ya digər dərs vəsaiti almağı tövsiyə etmir. Buna ehtiyac da yoxdur. Çünki nazirlik özü şagirdləri bu dərs vəsaitləri ilə təmin edir. Bu əlavə dərs vəsaitlərinin alınması məktəblərdəki ibtidai sinif müəllimləri tərəfindən həyata keçirilir. Ona görə də bu məsələ Təhsil Nazirliyinin üzərinə qoyulmamalıdır".

- Necə yəni müəllimlər edir? Məgər dərs cədvəlini müəllim  hazırlayır? Cədvəl nazirlik tərəfindən hazırlanmırmı? Dərs proqramı nazirlik tərəfindən müəyyən edilmirmi?

- Məktəblərdə şagirdlərin 6 saat dərsi olur və onlar üçün maksimum 6 kitab və buna uyğun dəftər tələb olunur. Təhsil Nazirliyi də deyir ki, cədvələ uyğun kitabını və dəftərinı götür, get məktəbə... Daha demir ki, əlavə test, iş dəftəri və sairəni yığ çantana... Daşımağa da gücün çatmasın. Bunu müəllimlər edir. Baxın, biz mətkəbdə oxuyanda belə şeylər var idimi? Yox!.

- Ümumiyyətlə, sovet təhsil sistemi ilə indiki təhsil sistemi tamamilə fərqli sistemlərdir. O zaman dərs proqramları və dərs yükü bu qədər ağır deyildi.

- Düz..

- Gəlin etiraf edək ki, bu gün, xüsusən də, ibtidai siniflərdə dərs proqramı və dərs yükü həddən artıq ağırdır. Uşaqlar proqramı qavramaqda çətinlik çəkirlər. Bunu necə aradan qaldırmaq olar?

- Mən də tədris proqramındakı kurikulumların nisbətən çətin olduğunu qəbul edirəm. Artıq  kurikulumun tətbiqi ilə ilk mərhələ bu il 11-ci siniflərdə başa çatır. Ona görə də hazırda Təhsil Nazirliyində yeni kurikulumlar üzərində iş gedir. Bu kurikulumlar nə qədər asanlaşacaq və ya asanlaşmayacaq deyə bilmərəm. Amma iş gedir. Hesab edirəm ki, bu 10 il ərzindəki çatışmazlıqlar, problemlər yeni kurikulumların hazırlanmasında öz əksini tapacaq. Əgər problemlər olacaqsa, onlarla bağlı yenidən fikir bildiriləcək.

Mən də o fikirlərlə razıyam ki, bu gün ibtidai siniflərin dərs proqramı və yükündə ağırlıq var. Ancaq 5-ci sinifdən yuxarılarda elə də ağır deyil.