Ağız boşluğu xərçəngi kompleks müalicə tələb edir


Digərləri 06 May 2019 23:16:00 232 0

Ağız boşluğu xərçəngi kompleks müalicə tələb edir

Çətin müalicə edilən xəstəliklərdən biri olan ağız boşluğu xərçəngi hazırda geniş yayılıb. Xroniki travmalar, xoralar, iti diş kənarları, vaxtı keçmiş protezlər ağız boşluğu xərçənginin əmələ gəlməsinə səbəb ola bilir. Xərçəng yarasının spesifik bir görünüşü var. Yara uzun müddət sağalmır, qanamaya meyilli olur. Həkim əllə yoxladıqda selikli qişada bərklik hiss edir. Müayinə zamanı bədxassəli şiş şübhəsi yarandıqda biopsiya olunur və yaranın kənarından toxuma nümunələri götürülüb laboratoriyaya göndərilir. Analiz nəticələrindən sonra atipik hüceyrələr tapılarsa, diaqnoz təsdiq olunur.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ağız və üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri Məhəmməd Davudov məlumat verib.

Mütəxəssis bildirib ki, ağız boşluğu kiçik nahiyə olsa da, dil, yanaq, diş əti, dilaltı nahiyə, sərt damaq hissəsinin xərçəngi var: "Yerləşməsindən və limfatik axınından asılı olaraq da xəstəliyin proqnozu fərqli olur. Dil xərçəngində proqnozlar heç də ürəkaçan deyil. Çünki dilin kökündən digər orqanlara metastaz riski daha çoxdur. Dil xərçənginin əmələ gəlməsinin başlıca səbəbi xroniki travmadır. Daha çox dilin alt, yan, dişlərlə təmasda olan hissəsində protezin sürtməsindən yaranır.

Ümumilikdə isə ilkin mərhələdə müraciət edildikdə ağız boşluğu xərçənginin müalicəsi asan, proqnozu müsbət olur. Çox təəssüflər olsun ki, həmin xəstəlikdən əziyyət çəkənlər həkimə gecikmiş mərhələdə müraciət edirlər. Belə ki, ağız boşluğundakı yaralar uzun müddət davam edir və müalicə olunmur. Nəticədə xərçəngə keçir, törəmələr inkişaf edir, hətta boyun limfa düyünlərinə metastazlar verir. Belə hallarda kompleks müalicə tətbiq edilir. Kimyəvi dərman müalicəsi, şüa terapiyası və cərrahi müdaxiləyə ehtiyac yaranır. Cərrahi əməliyyatlar həm şişin tam götürülməsi, həm də ağız boşluğunda yaranan qüsurların aradan qaldırılması istiqamətində aparılır".