İlahiyyatçı: "Oruc təkcə İslamda deyil, bütün səmavi dinlərə vacib buyurulub"


Digərləri 06 May 2019 21:36:00 215 0

İlahiyyatçı: "Oruc təkcə İslamda deyil, bütün səmavi dinlərə vacib buyurulub"

Bu gündən etibarən müsəlman təqvimində 11 ayın sultanı adlandırılan Ramazan ayı başlayıb. Özünü müsəlman hesab edən, sağlamlığı və şəraiti imkan verən hər bir kəs bu müqəddəs ayda günahlardan uzaq olmağa çalışır, oruc tutur və ruhunu təmizləyir.

Hər il Ramazan başlayanda insanlar arasında, xüsusilə də oruc tutmağa yeni başlamış şəxslərdə, bu ayın fəzilətləri, olar-olmazları ilə bağlı müxtəlif fikirlər, qorxular formalaşır.

Son.az bildirir ki, Sputnik Azərbaycan-ın əməkdaşı həmin şəxsləri nəzər alaraq, ilahiyyatçı Rəsul Mirhəşimli ilə məhz Ramazan ayı haqqında danışıb.

Rəsul Mirhəşimli öncə Ramazanın nəyə görə 11 ayın sultanı adlandırılmasına aydınlıq gətirib: "Qurani-Kərim Ramazan ayında nazil olub. Qədr gecələri də məhz Ramazan ayında reallaşıb. Ramazan ayı ilə bağlı Quranda bir neçə ayə də var. Bunlardan birini nəzərinizə çatdırım: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, siz pis əməllərdən çəkinəsiniz!" ("Bəqərə" surəsi, 183)".

"Bu ayənin hikmətinə baxanda məlum olur ki, oruc təkcə İslamda deyil, bütün səmavi dinlərə vacib buyurulub. Sadəcə olaraq, başqa dinlərdə oruc müsəlmanların orucundan forma və məzmun etibarilə fərqlənir" - deyə o vurğulayıb. 

R.Mirhəşimlinin sözlərinə görə, orucun tarixinə nəzər yetirən alimlərin bir çoxu bu tarixin Adəm peyğəmbərin dünyaya gəlişindən sonraya aid edirlər, ilk oruc tutanın da məhz Adəm peyğəmbər olduğunu söyləyirlər.